Qohum evliliyi hansı xəstəliklərə yol açır, dində belə izdivaca qadağa varmı?

Qohum evliliyi hansı xəstəliklərə yol açır, dində belə izdivaca qadağa varmı?

Qohum evliliyi deyəndə cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğuran sualların olduğunu müşahidə edirik. Kimisi bu izdivacdan dünyaya gələcək uşağın sağlam olmasına şübhə edir, kimisə də ümumiyyətlə qohum evliliyinin dini cəhətdən yalnış olduğunu düşünür. Hətta bəzi insanlar qan bağının eyniliyinə görə əmiqızı əmioğlu olan gənclərin övladlarının mütləq xəstə doğulacağını deyir, bəzi hallarda gəncləri bu münasibətdən çəkindirirlər.

Bununla yanaşı, belə evlilikləri davam etdirən ailələr də az deyil.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan ginekoloq Rəşad Sultan qohum evliliklərində "uşaq mütləq xəstə olacaq” deyə bir fikrin yalnış olduğunu bildirib:

"Sadəcə, bu cütlüklərin uşaqlarında başqalarına nisbətən daha çox genetik xəstəliyin olması riski artır. Bunun da səbəbi genetika ilə əlaqədardır. Genetika deyir ki, insanların hər birində orta hesabla 3 gizli xəstəlik var. Gizli xəstəlik deyəndə yəni ki, genlər bizdə cütdür, biri xəstə olanda digəri onu əvəzləyə bilir. Buna resessiv əlamətlər deyilir. Adından göründüyü kimi, gizli  xəstəliklər bizdə özünü biruzə vermir. Qohum evliliklərində cütlüklər eyni nənə və babadan genini götürdüklərinə görə həm kişi həm də qadında eyni xəstəliyin olma ehtimalı artır. Bir-birini tanımayan, yəni qohum olmayan insanlar evlənəndə genlərindəlki xəstəliklər fərqli olduqlarına görə onların üst-üstə düşməyi, hər iki genin xəstə olma ehtimalı az olur. Lakin eyni nənə-babadan başlanğıc götürən qohumlar evlənəndə məhz eyni genlər xəstə olduğuna görə dünyaya gələcək körpənin xəstə doğulma ehtimalı artır. Qohum evliliyində daha çox rast gəlinən hemofilya, talasemiya, əsasən qan xəstəlikləri olur. Bu cür xəstəliklərin meydana gəlməsi isə əmiqızı-əmioğlu, dayıqızı-bibioğlu izdivacından aslı olmayaraq yarana bilər. Amma deyə bilmərəm ki, qohum evliliyindən dünyaya gələn uşaqlarda bu hal  qaçınılmaz olacaq”.

"Məşədi Dadaş məscidi”nin imam-camaatı Hacı Şahin Həsənli bu cür qohum evliliklərinin heç birinə dində qadağanın olmadığını vurğulayıb.
"İstər xalaqızı, istər əmioğlu və ya dayıoğlu fərqi yoxdur. Bu evliliklərin heç birinə İslam dinində məhdudiyyət qoyulmayıb. Lakin müasir tibb qohum evliliyinin ziyanının olmasını sübut edirsə, o zaman bu kimi evliliklərdən çəkinmək daha məqsədəuyğundur”. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR