Qorxu filmi kimi fəlakət ssenarisi: Fuji bir gün püskürsə, belə görünəcək (VİDEO)
Tokionun günorta vaxtı qaranlığa qərq olması, relsdən çıxan qatarlar, uçan damlar… Bunlar Yaponiya hökumətinin süni intellekt dəstəyi ilə hazırladığı və Fuji vulkanının mümkün püskürməsini təsvir edən videodan alınan görüntülərdir.
Qaynarinfo xəbər verir ki, Fuji vulkanının yaxın vaxtda püskürəcəyinə dair heç bir əlamət yoxdur. Ancaq o, hələ də aktiv vulkandır və son püskürməsi 1707-ci ildə Hoei dövründə qeydə alınıb. Tokio Bələdiyyəsinin Fövqəladə Halların Qarşısını Alma İdarəsinin yayımladığı 10 dəqiqəlik video məhz həmin ölçüdəki püskürmənin simulyasiyasıdır.
Video küçədə gəzən bir qadının telefonuna gələn "Vulkan püskürdü” xəbərdarlığı ilə başlayır. Ardınca göyə qalxan nəhəng tüstü buludları göstərilir. İki saat ərzində külün Tokiyoya çatacağı, bunun həm sağlamlıq riskləri, həm də elektrik, nəqliyyat və ərzaq paylanmasında fasilələr yaradacağı vurğulanır.
Yaponiyanın "Vulkan Fəlakətlərinin Qarşısının Alınması Günü” münasibətilə hökumət də ayrıca simulyasiya yayıb və insanlara "real ssenariləri göz önünə gətirməyi” tövsiyə edib.
CNN-in məlumatına görə, hökumətin hesablamaları belədir: genişmiqyaslı püskürmə təxminən 1,7 milyard kubmetr vulkan külü hasil edəcək, bunun 490 milyon kubmetri yolları, binaları və digər əraziləri örtəcək. Bu küllərin təmizlənməsi zəruri olacaq.
Fuji vulkanının püskürməsinin iqtisadi zərərinin 2,5 trilyon yenə (təxminən 16,6 milyard ABŞ dolları) çatacağı proqnozlaşdırılır. Ssenarilərə görə, qatarların hərəkəti dayana bilər, logistika çətinləşər, gündəlik ehtiyac mallarına çıxış məhdudlaşar, külün ağırlığı altında elektrik xətləri qırılaraq geniş kəsintilərə səbəb ola bilər.
Yaponiyanın Fövqəladə Halların İdarəolunması üzrə dövlət naziri Manabu Sakai deyib: "Bir vulkan püskürəndə ölçülməz ziyan törədə bilər və cəmiyyətə ciddi təsirlər göstərə bilər. Hər kəsi keçmiş fəlakətlərdən nəticə çıxarmağa və öz hazırlığını yenidən gözdən keçirməyə çağırıram".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər