Qorxu filmi kimi həyat: Yalançılığa məcbur edilən, “tas” qoyulan uşaqlar (REPORTAJ)

Qorxu filmi kimi həyat: Yalançılığa məcbur edilən, “tas” qoyulan uşaqlar (REPORTAJ)

Bir neçə gün əvvəl sosial şəbəkələr azyaşlı Fəridin videomüsahibəsi ilə sarsıldı. O, müsahibəsində valideynlərini itirdiyini, azyaşlı qardaş-bacısına baxdığını bildirirdi. 

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fəridlə bağlı açıqlama yaydı. Məlum oldu ki, azyaşlının dedikləri həqiqəti olduğu kimi əks etdirmir. 

Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşları Fəridin yaşadığı ünvana – Sabunçu rayonu, Aydınbəyov küçəsi, ev 3, mənzil 17 ünvanına baş çəkib. 



Fəridin yaşadığı ünvan bir azyaşlının məskunlaşması, qidalanması, sosial həyata atılması üçün tamamilə yararsızdır. Yaşıdları məktəbə getdiyi, doğma evdə valideyn qayğısı ilə böyüdüyü halda, Fərid və onunla birgə yaşayan azyaşlılar küçədə zibil yığır, dilənir, beləcə, həyata tutunmağa çalışırlar. 

Bu vəziyyət Fəridgilin qonşularını da narahat edir.



30 ildir burada yaşayan sakin Kübra Əhmədova deyir ki, uşaqlar baxımsız vəziyyətdə yaşayırlar:

"Onlar beş qardaş, üç bacı olublar. Qardaşların üçü onları tərk edib. Qalanlar bu evdə yaşayırlar. Əvvəllər Fəridin anası onu və qardaşını şəhərin mərkəzində diləndirirdi. O zaman onlarla yaşayan atası sağ idi.

Sonra eşitdik ki, həmin şəxs yüksək doza narkotikdən vəfat edib. İndi Fəridin anası başqa bir adamla yaşadığı üçün onun qardaşını götürüb gedib. Arabir bura gəlir. Fərid isə burada xalasının uşaqları ilə yaşayır”.



K.Əhmədovanın sözlərinə görə, uşaqlar məktəbə getmir:

"Evdə 15-17 yaşlı yeniyetmələr var, amma onlar hər gün məktəbə getmək əvəzinə, küçələrdə gəzirlər. Bir azyaşlı qız var, bircə o məktəbə gedir”.



Sabunçu sakini Rüstəm Mehdiyev deyir ki, evdə yaşayan uşaqlar dövlət tərəfindən sığınacağa köçürülməlidir:

"Onlar çox baxımsızdırlar. Anaları narkotik qəbul edir. Azyaşlıların evə giriş-çıxış saatları məlum olmur. Uşaqlar dövlət tərəfindən sığınacağa yerləşdirilsə, onlar normal həyat tərzinə uyğun böyüyərlər”.



Məhəllədə yaşayan 25 ailə onlardan şikayətçidir. Onlar iddia edirlər ki, anaları uşaqlardan hər gün 40 manat pul tələb edirlər. Azyaşlılar bunu işləyərək, ya da dilənərək qazanmaq məcburiyyətində qalırlar.

"Gecə səhərə kimi uşaqların anası gedir-gəlir. Bizim həyətdə sakitliyimiz yoxdur. Dəfələrlə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət etmişik, amma hələki nəticəsi yoxdur.



Uşaqların bir dayısı var. O, süpürgəçi işləyir, axşamlar gələndə bəzən uşaqlara nəsə alır. Amma uşaqların anaları harada işləyir, nə qazanır, bilinmir. Hər gün səs-küy olur. Deyirəm, xəstə adamam, sakitlik yaradın.

Mənə deyirlər ki, sənin uşağın yoxdur deyə bizə paxıllıq edirsən. Hər gecə içirlər. Söz deyən kimi deyirlər ki, ad günü keçiririk. Hər gün ad günü olar? Biz sakitlik yaradılmasını istəyirik”, - məhəllə sakini Anaxanım Zamanova bildirib.

XƏBƏRLƏR
BLOGLAR