Qoşqar Təhməzli iki rəisi işdən çıxardı

Qoşqar Təhməzli iki rəisi işdən çıxardı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 vəzifəli əməkdaşı səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədri Qoşqar Təhməzlinin əmri ilə tutduqları vəzifələrdən azad ediliblər.

Agentliyin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu, bölmənin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu, Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu və bölmənin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlu işdən çıxarılıb.

AQTA bəyan edir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə kölgə salan və qurumun sağlam iş prinsiplərinə zidd hərəkətlərə yol verən əməkdaşların haqqında bundan sonra da ən ciddi tədbirlər görüləcək.

AQTA dəyərli iş adamlarına bir daha müraciət edərək bildirir ki, Agentlik əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərlə üzləşdikdə dərhal müvafiq hüquq-mühafizə orqanlarına və ya AQTA-nın 1003 – Çağrı Mərkəzinə məlumat versinlər.   
XƏBƏRLƏR
BLOGLAR