Siyasət 18:50 21.05.2013

"Başqa cür görünən Milli Şuranın əleyhinə danışmışıq"

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bir qrup müxalifət partiyasının təşəbbüsü ilə yaradılması nəzərdə tutulan Milli Şura ilə bağlı öz təkliflərini verib.
KXCP mətbuat xidmətindən verilən məlumata görə, təkliflər paketində qeyd olunub ki, Milli Şura “İstiqlalçı millət vəkilləri”ndən, müstəqillik dövründə demokratik düşərgədən Milli Məclis üzvü seçilən deputatlardan, son parlament seçkilərində demokratik düşərgədən iştirak edən və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozulmuş haqları tanınan namizədlərdən, siyasi partiya, QHT nümayəndələri, ziyalılar, tanınmış elm-mədəniyyət xadimlərindən ibarət olmaqla 125 nəfərdən təşkil olunsun. 101 nəfərdən ibarət siyahıda KXCP sədri Mirmahmud Mirəlioğlunun da adı yer alıb.

M. Mirəlioğlu isə APA-ya bildirib ki, KXCP-nin bu təklifi bir müddət əvvəl hazırlansa da, bu gün açıqlanması məqsədəuyğun hesab olunub: “Partiya bu siyahını və təklifləri təsdiq edib. Sənəd layihə xarakterlidir. Biz Milli Şuranı bu tərkibdə görürük. Yəni burada adı çəkilən şəxslərin heç biri ilə əlahiddə söhbət aparılmayıb. Biz Milli Şuranı bu cür görürük. Mənim adımın da burada olmasının səbəbi, Milli Şuranı belə görmək istəyimizlə bağlıdır. Başqa cür görünən Milli Şuranın əleyhinə danışmışıq”.

M. Mirəlioğlu KXCP-nin bu təklifinin heç kimə təqdim olunmadığını və media vasitəsilə açıqlandığını da qeyd edib: “Kimin əlavəsi varsa, onu dinləməyə hazırıq. Əlbəttə, siyahının tam obyektiv olduğunu da demirik”.

Qaynar.info