Siyasət 14:53 14.07.2013

"Boykot müxalifətin mütəmadi tətbiq etdiyi səhv gedişlərdən biridir" - MÜSAHİBƏ

Xalid Bağırov: "ReAL Milli Şuranın o namizədini dəstəkləyəcək ki, həmin namizəd ilk əvvəl təmsil olunduğu qurumdan tam və birmənalı dəstək alacaq"

Qaynar.info ReAL Hərəkatının İdarə Heyyətinin üzvü, vəkil Xalid Bağırovun daypress.info-nun “Xalq Jurnalistikası” rübrikasına verdiyi müsahibəni təqdim edir:


- Tur Xan: Xalid bəy, seçkilərlə bağlı realist proqnozunuz bilmək istərdim.

- Hər şey müxalifət düşərgəsindən asılıdır. Yəni prosesi bu il məntiqi sonucuna çatdırmaq da, hakimiyyətə güclü zərbə vurub prosesi növbəti mərhələyə daşımaq da, həmişə olduğu kimi hər şeyi bərbad edib, əl-üzünə bulaşdırmaq da olar. Həddindən artıq böyük irreal ümidlər yaradıb sonradan ümidləri yerə vurmaq olmaz. Söhbət hakimiyyəti dəyişməkdən gedirsə, dəyişmək - bir şeyi başqa şeylə əvəzləmək deməkdir. Öncə əvəz edəcək, daha sonra bunu edə biləcək şəxslər müəyyən edilməlidir. Biz “ReAL” Vətəndaş Hərakatı olaraq, bir il öncədən üç mərhələli proses təklif etmişdik: əvvəl proqram, sonra komanda, sonra vahid namizəd. Çox təəssüf, yenə hər şeyi tərsinə başlamalı olduq. Bir sözlə, yenə də köhnəlmiş oyun qaydalarının və yanaşma tərzinin dəyişmədiyini müşahidə edirik.

- Kəmalə Bənənyarlı: Bir vəkil kimi məhkəmələrdə tez-tez haqsızlıqla qarşılaşırsınız. Bu ancaq siyasi proseslərdə olur, yoxsa mülki proseslərdə də müşahidə edilir?

- Azərbaycanda bu gün məhkəmə sistemi tamamilə çöküb, məhkəmə hakimiyyətinin müstəqilliyindən isə söz belə gedə bilməz. Məhkəmələr də digər dövlət orqanları kimi korrupsiya içində boğulur. Belə olan halda ümumiyyətlə, ədalət mühakiməsinin keyfiyyətindən danışmaq yersizdir. Bu baxımdan xarakterindən asılı olmayaraq, bütün işlərə ədalətli baxılması şübhə altına düşür. Məhkəmələr bu baxımdan özlərini diskretidə ediblər, etimadı itiriblər. Hətta ədalətli qərarla nəticələnən işlərdə belə haqsızlıqla bağlı spekulyasiyalar üçün əsaslar olur. O ki qaldı siyasi xarakterli işlərə, burda məhkəmələrin müstəqil olmaması özünü tam birüzə verir. Əvvəllər məhkəmələr belə işlərə baxarkən müşavirədə oturub və gözlərini telefona dikib, zəng gözləyirdilər. İndisə bəzən zəngə belə ehtiyac olmur. Hakimlər necə qərar çıxarmalı olduqlarını fəhmən bilirlər.

- Elvin Canturan: Sizcə, Azərbaycanda etnik ayrı-seçkilik varmı? Əgər varsa bu, hüquq müstəvisində də hiss olunurmu? Təcrübənizdə bununla bağlı hansısa prosesin şahidi olmusunuzmu?

- Etnik ayrı-seçkilik iki istiqamətdə mümkündür: milli münasibətlərdə və dövlət siyasəti səviyəsində. Milli münasibətlərdə ayrı-seçkilik xalqların bir-birlərinə münasibətində yaranmış streotiplərə, önyarqılarla bağlıdır. Düzdür, Azərbaycanda yaşayın xalqlar arasında münasibətlər tarixən o səviyyədə olmayıb. İnsanlar çox rahatlıqla qarışıq ailələr qurublar. Lakin son zamanlar qarşılıqlı inamsızlıq mühiti yaranır ki, bunu ciddi oturuşmuş streotiplərə aid etmək olmaz. Məsələn, bir qrup insan bütün siyasi probemlərin kökündə etnik kürdlərin idarəçilikdə yer tutumasını görür, və ya ləzgi kartından daxili siyasətdə anti-Rusiya təbliğatı üçün istifadə olunur, yaxud bu hallar talış kimliyini ortaya qoyaraq hər hansı mədəni tələblərdə bulunan istənilən bir qrup insan tərəfindən də şübhə altına salınır və beləliklə, separatizm ittihamları başlanır. Bütün bunlar Əliyev hakimiyyətinin son 20 ildə apardığı düzgün olmayan siyasi kursun nəticəsidir. Hakimiyyət heç zaman milli münasibətdə təhlükəsizlik konsepsiyasını düzgün formalaşdırmayıb, əksinə bütün cəmiyyətin toparlanmasını istəməyən hakimiyyət qarşılıqlı inamsızlıq mühitinin yayılmasında maraqlı olub və bu problemlərdən cəmiyyət üzərində tam hökmranlığını təmin etmək üçün istifadə edib.

1993-cü ilə hadisələri uzun müddət cənubda hakimiyyət əleyhinə hərəkətlənmənin qarşısını alan psixoloji amil kimi istifadə olunub. Çoxları Əlikramçı kimi damğalanacağından qorxduqları üçün hakimiyyəti belə tənqid etməyiblər. Hətta Bakıda uzun müddət bir çox talış bu fakt baxımından milli mənsubiyyətini gizlətmək zorunda qalıb. Özünə “talışçıyam” deyənlərə qarşı cəmiyyətin bəzi üzvləri tərəfindən şübhəli münasibətin yaranması da məhz bu siyasətin nəticəsi olub.

Bir fakt deyim, Azərbaycan hakimiyyəti 2009-cu ildə BMT-yə verdiyi Milli hesabatında qeyd edir ki, Azərbaycanda etniklərin fəaliyyət göstərən 50-yə yaxın təşkilatı, 15-dən artıq qəzet və jurnalı çıxır, məktəblərdə ləzgi, talış, yəhudi, avar, udin, tat, tsaxur, xınalıq və kürd dilində dərslər keçilir. Bir bu faktla bağlı köşklərə yaxınlaşıb soruşun, bu qədər qəzet varmı? Bu qədər təşkilatın fəaliyyətini hiss etdinizmi? Bircə dəfə məktəb dərsliklərini əlinizə alın, baxın, o dərsliklərin səviyyəsi tam aydın olacaq. Onu da deyim ki, Azərbaycanda milli azlıqlarla bağlı yeganə qanunvericilik 1992-ci ildə qəbul edilib. Ondan sonra Milli azlıqların hüquqları ilə bağlı Çərçivə Konvensiyasını Azərbaycan imzalasa da, bu günə kimi daxildə implementasiya etməyib. Anlaşılandır, çünki bütün sferalarda insan hüquq və azadlıqlarını pozan hakimiyyətdən milli azlıqların hüquqları ilə bağlı əlahiddə yanaşma gözləmək absurddur. Xarici dövlətlərin Azərbaycanda milli məsələnin vəziyyəti ilə bağlı pis niyyətli spekulyasiya etdiklərini nəzərə alsaq bu mövzuya həssas yanaşılmalıdır.

- Mehman Muradlı: Gültəkin Hacıyevanın keçmiş ərinin uşaqla görüşü barədə məhkəmə qətnaməsi haqda nə deyə bilərsiz?

- Ailə mübahisələri ilə məşğul olan vəkil və hüquqşünaslar, bir mənalı olaraq bunun presedenti olmayan qərar olduğunu bildirirlər. Hətta mən belə 13 illik ədalət mühakiməsi sahəsində iş təcrübəmdə, ataya, özü də uşaqla heç vaxt ünsiyyət saxlamamış (bəlkə də, bu baxımdan uşaq atasını belə tanımır) ataya həftədə bu qədər ünsiyyət şəraiti verildiyini görməmişəm. Bir düşünün, uşaq tanımadığı şəxslə birdən bu qədər ünsiyyət hüququ alır. Uşağın psixologiyası bunu necə götürə bilər? Bu praktika ilə bağlı müqayisə üçün arxivimdən çoxlu məhkəmə qərarı verə bilərəm. Bütün bunlar bu qərarın siyasi sifarişlə çıxarıldığını gün kimi aydın edir. Məncə, hakimiyyətdə oturanlar bir daha düşünməlidirlər ki, uşağı siyasi mübarizə predmetinə çevirmək olmaz. Bu şərəf gətirəcək iş deyil.

- Kəmalə Bənənyarlı: Bu gün bir çox vəkillər məhkəmələrdə "makler" rolunu oynayır. Bu nə qədər davam edəcək?

- Bu məhkəmələrdə korrupsiya problemi əsaslı olaraq aradan qalxana və vəkillər öz bacarıqları ilə işləri qazanmağa başlayana kimi davam edəcək. Bizim millət fürsətcil millətdir. Vəkilin işi müştərisinə xeyr verməkdir. Əgər bunu lazımi yolla bacarmırsa, bunu mümkün və hazırki sistemdə məqbul olan üsulla, yəni rüşvət verməklə edir. Bu mövcud fürsətdən yararlanmaqdır, fürsətcillikdir. Bəzən buna görə qınamaq da olmur. Sistem belə qurulub, onlar da bu oyun qaydalarında oynama fürsətlərindən istifadə edirlər. İnanın, içlərində xeyli savadlı vəkillər var. Yanlız prinsipial şəxslər, sistemi və onun oyun qaydalarını rədd edirlər. Bəzilərinə isə prinsiplər yaşamağa mane olur.

- İlqar Vəliyev: Siz idmanla maraqlanan çox az ictimai xadimlərimizdən sayılırsınız. Maraqlıdır, Xalid bəyi “Xəzər Lənkəran”ın bugünkü durumu nə dərəcə də qane edir?

- Mən dəfələrlə “Xəzər Lənkəran”la bağlı fikirlərimi cəmiyyətlə açıq bölüşmüşəm. Bu klubun azarkeşi olduğumu gizlətməmişəm. Azarkeşi olduğum klubu tənqid etməkdən çəkinməmişəm. Hətta “Xəzər Lənkəran”nın məhkəməyə verdiyi jurnalistləri vəkil kimi müdafiə etmək də olub taleyimdə. Yəni azarkeşlik etdiyim kluba qarşı çıxmışam. Çox təəssüf edirəm ki, mənim son illərdə gəldiyim və dəyişməyən qənaətim birdir: “Xəzər-Lənkəran”da idarəçilik krizi var. Bu amil ciddi şəkildə özünü Rednik göndəriləndə göstərdi. Bəs Rednikin göndərilməsinə səbəb olanlar indi hardadır? Onlar da yoxdur. Belə çıxır ki, rəhbərlik iki konfliktli tərəf arasında seçim edərkən bunu düzgün etmədi. Klubda yaranın böhranı yönəldə bilmədi. Mən bəziləri kimi klub rəhbərliyinin klubda yaranan belə durumlardan şəxsi məqsədləri üçün bəhrələndiyini iddia etməyəcəyəm, çünki bu barədə dəqiq sübutlara malik deyiləm. Düzünü deyim, mən “Xəzər Lənkəran”da olan hazırki durumun dəyişəcəyinə inanmıram. Çünki bu vəziyyət tam olaraq “Xəzər-Lənkəran”dan qaynaqlanmır. Bu, birbaşa Azərbaycan futbolunun idarə olunmasına bağlı olan məsələdir.

Ölkə futbolunda olan klublar ya özü-özünü (təbii azarkeşləri hesabına) saxlayan klub olmalı (bu,  Azərbaycan kimi bir ölkədə mümkün görünmür), ya da klublara sahib çıxanlar buna biznes layihəsi kimi baxmalıdırlar. Bu zaman da klublar arasında sağlam rəqabət olmalıdır.  Daha tapşırıqla klublara patronajlıq etməklə futbol təsərrüfatı yaratmaq olmaz. Biznes təşəbbüsü sevir. Hazırda bu mümkün deyil, Rövnəq Abdullayev kimdir? Ramin Musayev kimdir? Məlum səbəbdən "Neftçi" SOCAR-ın, “Xəzər Lənkəran” “Palmali”nin deyilmi? “Palmali” SOCAR-ın neftini daşımırmı? Nə vaxt ölkədə “Pal süd”, “Mila” və “Asena” arasında sağlam rəqabət olacaq, o zaman da futbol olacaq.

- Oxucu: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsa, sizcə, ReAL Vətəndaş Hərəkatı Milli Şuranın vahid namizədini dəstəkləyəcəkmi?


- ReAL Vətəndaş Hərəkatı əvvəlcə də bildirib ki, Milli Şuranın vahid namizədini dəstəkləyəcək. Amma ReAL istifadə etdiyi sözləri daşıdığı mənada ifadə edir. Vahid namizəd deyiləndə, məhz vahid olan namizəd nəzərdə tutulur. İkisindən biri vahid olan namizəd deyil. Əgər Milli Şurada təmsil olunan qurumlar özlərinin ayrı namizədlərini yanlız “vahid” adlanan namizədin namizədliyi qeydə alındıqdan sonra, geri çəkəcəklərsə, niyə bu qurumda təmsil olunmayan ReAL bunu etməsin? ReAL Milli Şuranın o namizədini dəstəkləyəcək ki, həmin namizəd ilk əvvəl təmsil olunduğu qurumdan tam və birmənalı dəstək alacaq. Özünün qurumunda tam və hərtərəfli dəstək ala bilməyən şəxsin qurumundan kənarda dəstəyə ümid etməsi ciddi olmaz. Biz istənilən halda Milli Şuranın prosesdə olmasında maraqlıyıq. O qurumda dil tapa biləcəyimiz yeni nəslin önə çıxmasını istəyirik. Bu baxımdan onları yaxından izləyirik.

- Vüsal: İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə seçkilərə özünün gedəcəyini açıqlayıb. Ancaq Milli Şurada bir qrup isə boykot tərəfdarıdır. Onlar Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə seçkinin boykot olunmasını istəyirlər. Sizcə, hansı yanaşma doğrudur?

- Birmənalı olaraq, boykota gedib İlham Əliyevi sevindirmək olmaz. Boykot bizim müxalifətin mütəmadi olaraq tətbiq etdiyi səhv gedişlərdən biridir. 1998-ci ildə və 2008-ci ildə boykotlar özünü qorumaqdan və məğlub olmaq qorxusundan başqa bir şey deyildi. Məncə, 2008-ci il boykotu olmasa idi, hazırki proses 2010-cu ildən deyil, bir az daha əvvəl başlamış olardı. Söhbət mütləq qələbədən getmir, təbii ki, 2008-ci ildə hər hansı qələbədən danışmaq ciddi olmazdı, lakin prosesə başlamaq olardı. O zamanki müxalifət liderləri məğlub olmaqdan çəkindilər. İndi boykot qərarı vermək 2010-cu ildən başlayan prosesi məhv etməyə bərabər olardı. Ona görə də mən hazırda nə Milli Şura içində, nə də ondan kənarda konkret kiminsə boykot tərəfdarı kimi çıxış etdiyini müşahidə etməmişəm. Əgər kiminsə boykot fikri varsa, onun arqumentlərini də dinləmək lazımdır. ReAL istənilən halda seçkilərdə iştirakın tərəfdarıdır.

- Əkrəm Babayev: Bilmək istərdim vəkilliklə ailəni normal dolandırmaq olurmu? Yoxsa əlavə gəlir yeri olmalıdır?

- Mən bunu açıq qəlblə deyirəm. Vəkilliyə gəlmək istəyənlər, qorxmadan vəkilliyə gələ bilərlər. Vəkilliklə dolanmaq da olar, ailə saxlamaq da, maşın və ev almaqda, sadəcə işini professional şəkildə yerinə yetirməlisən və vicdanlı olmalısan. Mənim yarızarafatla dediyim bir söz var: əgər bu ölkədə məhkəmə sistemi düzəlsə, vəkil olaraq villada yaşamaq da olar, yaxta almaq da...

- Anonim: Xalid bəy, 2007-2011-ci illərdə Bakıda bina tikmə bumu yaşandı. Ancaq təəssüf ki, fürsətdən yararlanan bəzi işbazlar binaların tikintisini tamamlamadılar, yaxud bir mənzili bir neçə şəxsə satdılar. Belə şirkətlərə mənzil almaq üçün pul ödəmiş, ancaq pulunu geri ala bilməyən vətəndaşlar nə etməlidilər? Bildiyimə görə, MMC olduqları üçün onlara qarşı xüsusi iş aparmaq çətindi...

- Bakıda bina tikmə bumu ilə yaranan fürsətdən hər kəsin yararlanmağa çalışması, fürsətcillik etməsi anlaşılandır. Zatən, insanlar bərabər fərasətli deyillər, üstəlik, onların bərabər fürsətləri də olmayanda, onlar qarşılarına ilk şansdan, fürsətdən yararlanmağa, fürsətcillik etməyə məhkumdurlar. Heç baxmadan ki, bu fürsətləri haqq ediblər ya yox, bu fürsət onların fərasətini biçilib, ya yox. Çünki, bilirlər cəmiyyətdə bərabər fürsətlər yoxdur. Bir də qarşılarına belə fürsət çıxacağına əmin deyillər. Cinayət Məcəlləsinin 178-ci maddəsinin (dələduzluğun) Azərbaycan cəmiyyətinin üç milli maddəsindən olmasının səbəbi də budur. Ölkədə məhkum olunanların 10 faizə yaxını bu maddə ilə məhkum olunub. Məhz buna görə bir çox bina tikən sonda bu maddə ilə türməyə yollanmağa məhkum olur. Bir çoxu imkanları, cəmiyyətdə bina tikənlərə yaradılmış fürsətləri, qoyulan korrupsiyon maneələri nəzərə almadan bu işə girişir, sonda binaları tikib təhvil verə bilmir. Və pul bitdikdə bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etmiş olur. Tikintinin MTK və MMC tərəfindən inşa edilməsinin hüquqi baxımdan bir o qədər problemi yoxdur. Təhvil vermədiyi təqdirdə hər ikisindən mənzilin alınmasının hüquqi imkanları var. Düzdür, əvvəllər MMC tərəfindən inşa edilmiş mənzillərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün hüquqi baza yox idi. Lakin hazırda yeni mənzil qanunvericiliyi bu sahədə problemi aradan qaldırır. Gəl ki bu qanunvericilikdə əməlli-başlı tətbiq edilməyə başlasa...

- Mirzə Sakit: Azərbaycan müxalifətində təmsil olunan insanların şəxsiyyətə pərəstişlik etmələri ilə getdikcə Əliyevlərə bənzəməyinə necə baxırsınız?

- Mirzə, biz şeiriyyəti olmayan şairlər ölkəsində yaşayırıq. Burada mətn önəmli deyil, müəllif önəmlidir. Müzakirə və müdafiə olunacaq fikir olmayanda, şəxsiyyətlər müzakirə və müdafiə olunur. Dekonstruksiya və müəllifi öldürmək lazım. Bəlkə, o zaman mətn özünün dəyərini qazandı bu cəmiyyətdə. Yoxsa, o vaxta kimi hakimiyyəti tənqid etdinsə, “ermənilərlə əlbirsən”, bəzi müxalifləri tənqid etdinsə “hakimiyyətə işləmiş olacaqsan”. Bir şeydə səninlə razı deyilə: bu, getdikcə belə olmur, bu, elə belə idi. Ümidimiz var ki, getdikcə dəyişəcək.

- Ramiz Mirzə: Azərbaycanda vəkillik institutu varmı?

- İnstitut ifadəsi sistemin elementi anlamını verir. Əgər ölkə bütövlükdə, bütün sahələr böhran içindədirsə, təbii ki, bu böhran vəkillik institutundan da yan keçməyib. Tam şəkildə bir institutun məhv olmasından danışmaq olmaz. Böhran dərin olsa da, vəkillikdə təmsil olunan insanlar özünün təyinatından başqa işlərlə məşğul olsalar da, orada vicdanlı vəkillər var, üstəlik, yeni vəkillər nəsli gəlir. Onlar Məhkəmə hakimiyyəti içində vəkilliyin üzünü ağırtmaqla yanaşı, vəkillik institutu daxilində vəkilliyin imicinin qorunması uğrunda çapa göstərirlər.

- Anonim: Xalid bəy, bildiyim qədərilə siz şeir də yazırsınız. Hansısa məhkəmə prosesində elə bir vəsatətiniz olubmu ki, onu şeirlə elan edəsiniz?
- Əvvəla mən şer yazmıram. Sadəcə bir müddət nəsrlə ciddi məşğul olmuşam. Hekayələr yazmışam. Ədəbiyyatla xüsusi münasibətimiz var, yəni pis anlaşmırıq, düzdür, son dövrlərdə ayrı yaşamalı olmuşuq. Aktiv vəkillik məni o sevimli işimdən ayırıb. Amma bəzən yaradıcılıq vəkillik işimdə gərəyim olur. Sualınızla nəyə işarə vurduğunuzu bilirəm. Hətta bir dəfə bədii üslübda yazdığım apelyasiya şikayəti mətbuata geniş yayılıb.

- Ülviyyə Axundova: Hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda hüquqi baza yenilənməlidirmi? Bizdə Cinayət Məcəlləsi və başqa məcəllələr Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə oxşardır. Baza milliləşdirilməlidirmi?

- Ülviyyə xanım, bizə təkcə hakimiyyət dəyişiliyi lazım deyil, bizə bütövlüklə cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlər sisteminin dəyişməsi lazımdır. İctimai münasibətlər sisteminin dəyişməsi hüquqi islahatlar aparmadan mümkün deyil. Əslində isə sistem dəyişiliyi hüququ bazanın dəyişdirilməsinin özüdür. İlk əvvəl keçmişlə hesablaşmanı (reabilitasiya, lyustrasiya və maliyyə amnistiyasının) özündə əks etdirəcək  Keçid dövrü qanununu və yeni Konstitusiya qəbul edilməlidir. Təmsil olunduğum ReAL Vətəndaş Hərəkatı bu sahədə proqramlı şəkildə hazırlıqlar görüb. Həmçinin Cinayət qanunvericiliyi sahəsində islahatlar paketimiz hazırdır. Bu sahədə qanunvericiliyin səmərələşdirilməsi üçün (nəzəriyyəçi və praktiklərdən ibarət) komissiya yaradılacaq, həmin normativ aktların yenidən ekspertizası keçiriləcək. Bu zaman cinayətkarlığın və onunla mübarizənin yerli durumu nəzərə alınmalıdır. Qısaca bunu deyə bilərəm ki, cinayətlərin təsnifatı dəyişdiriləcək, yeni cəza siyasəti tətbiq ediləcək, məsuliyyətdən azad etmənin alternativ üsullarına (transkasiya və mediasiya) geniş yer veriləcək. Eyni zamanda prosessual qanunvericilikdə ciddi islahatlar aparılacaq.

Qaynar.info