Sənət 20:12 01.04.2015

"Dünya səhnəsini fəth etmək istəyirəm" - “La Scala”da oxuyan azərbaycanlı

Qaynar.info Oxu.Az-a istinadən dünyanın məşhur “La Scala” Akademiyasına qəbul olunan ilk azərbaycanlı Azər Rzazadənin müsahibəsini təqdim edir:

- Azər bəy, siz dünyanın məşhur “La Scala” Akademiyasına qəbul olunan ilk azərbaycanlısınız. Bu baradə bir az ətraflı məlumat verə bilərsinizmi? Necə oldu ki, məhz  bu akademiyada təhsil almaq qərarına gəldiniz?

- Təbii ki, “La Scala” hər bir opera ifaçısının arzusudur. Buna nail olduğum üçün çox sevinirəm. Bir neçə il öncə “La Scala” teatrını ancaq şəkillərdə görürdümsə, hal- hazırda 24 yaşımda bu səhnədə dünya şöhrətli dirijor Zubin Mehtayla “Aida” operasında  çıxışım oldu. Bu anlar mənim üçün inanılmaz idi. Mənə dəstək olan və inan insanlara öz təşəkkürümü bildirirəm.

- Musiqi sahəsində bu cür uğur qazanmağınızda atanız, xalq artisti Zaur Rzayevin  yəqin ki, böyük dəstəyi olub...

- Mənim ailəmin mənə dəstəyi çox böyükdür, onlara borcluyam. Atam biləndə ki, mən opera ifaçısı olmaq istəyirəm, çox sevindi və mənə dəstəyini göstərdi.

- Həmin Akademiyada təhsil alan tələbələr Azərbaycan haqqında məlumatlıdırlarmı?

- Çalışıram onları Azərbaycan mədəniyyəti ilə tanış edim və buna nail oluram. Mənim İtaliyada çox çıxışlarım olub, şəhərlərin adlarını bir-bir sadalasam çox olar. Həmişə konsertlərdə ifa etdiyim əsərlərin müəllifləri F.Əmirov, Ü.Hacıbəyli olub. Mən azərbaycanlıyam və Azərbaycanı ölkədən kənarda təmsil etdiyimə görə şadam.

- Azərbaycanda musiqi sahəsində hansı müəllimlərdən dərs almısınız?

- Bu sualı gəlin keçək (gülür). Çünki mən Azərbaycanda çox az olmuşam.

- Akademiyanı bitirdikdən sonra hansı planlarınız var?

- Hal-hazırda bu Akademiyada təhsil alıram və inkişafım naminə hər şeyi edirəm. “La Scala”da konsertlə çıxış etdim və “Aida” operasında iştirak etdim. May ayında “La scala” teatrında 6 tamaşaya dəvət almışam.

Gələcək planlarım isə İtaliyada qalıb özümü peşəkar dərəcəyə çatdıraraq dünya səhnəsini fəth etməkdir.

- İndiki gənclərin əksəriyyəti daha tez tanınmaq üçün estradaya, şou-biznesə, toy biznesinə meyl edirlər. Sizin bu addımınız isə təqdirəlayiqdir...

- Hər bir insanın öz istəyi var. Kiminsə istəyi tanınmaqdır, kiminsə istəyi estradadır və yaxud operadır. İstəklər müxtəlifdir, məncə bütün bunlar normal haldır.


- Gəlin, musiqini bir kənara qoyaq. Bir az da başqa maraqlarınızdan danışaq...

- Boş vaxtlarımda idman zalına üz tuturam. Üzməyi sevirəm, maraqlı insanlarla təmasdan həzz alıram. Hal- hazırda Milan şəhərində yaşayıram, çoxlu insanlarla rastlaşıram. Bu, mənim üçün çox maraqlıdır.

- Dostunuz və düşməniniz sizdən nə gözləməlidir?

- Təbii ki, dost sözü mənim üçün böyük mahiyyət daşıyır. Belə olduğuna gorə də mənim dostum çox azdır. Təbii ki, ən yaxın dostum ailəmdir.

Qaynar.info