Siyasət 10:30 16.07.2013

"İbrahimbəyov Rusiya prezidentindən asılı vəziyyətə düşüb" -Pənah Hüseyn

Müsavat Məclisi 13 iyulda keçirilən sessiyasında başqan İsa Qəmbərin prezidentliyə namizədliyi barədə yanvarın 4-də verilmiş qərarı qüvvədə saxladı.

Bundan sonra Müsavatın və İ.Qəmbərin ünvanına müxalifətdən, hətta bir sıra müttəfiq partiyalardan qəzəbli, qərəzli, bəzi hallarda təhqiramiz açıqlamalar gəlməyə başladı. Həmin qüvvələr Müsavatı İsa Qəmbərin namizədliyini qüvvədə saxladığı üçün ittiham edirlər. Belə məlum olur ki, Milli Şuradakı bir sıra siyasətçilər Müsavat Məclisinin 2013-cü il yanvarın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarının 13 iyul sessiyasında ləğv ediləcəyini gözləyirmişlər.

Gözləntiləri reallaşmadığı üçün hücuma keçiblər. Xatırladaq ki, Müsavat Partiyasının Məclisi İsa Qəmbərin namizədliyindən imtina edilib-edilməməsini sonrakı mərhələyə saxlayıb.

Müsavat Məclisinin qərarına və bu qərarın bəziləri tərəfindən təpki ilə qarşılanmasına İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin münasibətini öyrəndik. Pənah Hüseyn bildirdi ki, İsa Qəmbərin və Müsavatın prezidentliyə namizədlik məsələsində mövqeyi hələ Milli Şuranın vahid namizəd məsələsi müzakirə edildiyi və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsi zamanı yazılı şəkildə bəyan edilmişdi. Müsavat Partiyasının Məclisi sadəcə daha ali orqan kimi bu mövqeyi təsdiq edib: “Məclisin özünün verdiyi İsa Qəmbərin namizədliyi ilə bağlı 4 yanvar tarixli qərarının ləğv edilməsi gözlənilmirdi və heç gündəliyə də çıxarılmamışdı. Eləcə də İsa Qəmbərin namizədliyinin müdafiəsi haqqında bir sıra siyasi partiyaların, o cümlədən Xalq Partiyasının bu məsələdə mövqeyi dəyişməz qalır. Eyni zamanda biz Milli Şurada təmsil olunmasaq da onun vahid namizədi olan Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı və dəstəklənməsi məsələsində İsa Qəmbərin bəyan elədiyi mövqeyə uyğun mövqe tuturuq. Yəni bu məsələdə Milli Şuranı müdafiə edirik”.