Xəbər lenti

"Sovetski”ni sökənin kimliyi bilindi - FOTOLAR
Ölkə 15:39 11.07.2014

"Sovetski”ni sökənin kimliyi bilindi - FOTOLAR


"Evini tərk etməyən sakinlərin evinə içməli su təminatı və elektrik enerjisinin verilməsi müxtəlif saatlarda tez-tez dayandırılır”

Yasamal Rayon İcra Hakimiyyətinin "Sovetski” adlanan ərazini hasarlayaraq yaxın günlərdə söküntü işi aparacağı ilə bağlı məlumat vermişdik. Artıq söküntü işlərinə başlanılıb. Bu ərazidə söküləcək mənzillər və ticarət  obyektləri narınçı rənglə rəqəmlənib. Söküntü işləri mühafizə və post patrul polis əməkdaşlarının nəzarəti altında həyata keçirilir.

Şahidi olduq ki, söküntü işlərinə Nəriman Nərimanov prospektindən başlanılıb. Sakinlər sözlərinə görə,  hökumət mənzillərini sökəcək vətəndaşların evinin hər kvadratına 1500 manat kompensasiya ödəyir. Ticarət obyektlərinin sahibləri deyirlər ki, yaşayış yerlərindən fərqli olaraq qeyri-yaşayış yerlərinə, yəni ticarət obyektlərinə-marketlərə, avtoyumalara kompensasiya bir kvadrata görə 700-800 manat nəzərdə tutulub. Sahibkarlar bunu ayrı-seçkilik kimi dəyərləndirdilər.

Qeyd edək ki, söküntü işlərini çəkərkən mülki geyimli polislər əməkdaşımıza təzyiq etdilər, onun peşə fəaliyyətinin həyata keçirməsinə mane olmağa çalışdılar.

Sakin Əli Hüseynov dedi ki, hökumət Füzuli və Şəmsi Bədəlbəyli küçəsində olan evləri necə sökdüsə, "Sovetski”ni də həmin inzibati metodla sökür: "Birincisi, onlara verilən kompensasiyanın məbləği ilə bizə verilən kompensasiyanın məbləği eynidir. İkincisi, evini tərk etməyən sakinlərin evinə içməli su təminatı və elektrik enerjisinin verilməsi müxtəlif saatlarda tez-tez dayandırılır. Bu təzyiq nəticədə insanlar məcburdular ki, evlərini tərk etsinlər. Qonşunun evini sökürlər, toz-torpaq içində bizi boğurlar. Bu da bir təzyiqdir ki, biz evimizi tərk edək. Tərk etməsək xəstələnib öləcəyik. Bildirim ki, "Sovetski”yə gələrək hökumətin adından çıxış edən baş nazirin müavini Abid Şərifov bizi aldatdı. O biz vətəndaşlara söz verdi ki, söküləcək mənzillərin hər kvadratmetrinə görə  kompensasiyasının məbləği artırılacaq, insanlar razı salınacaq”.

Mənzilləri söküntü planına düşən "Sovetski” sakinləri mənzillərinin sahəsinin kiçik olduğundan nəzərdə tutulan kompensasiya ilə mənzil almaq şanslarının olmadığını bildirdilər.

Onu da öyrəndik ki, söküntü işlərinə yerli icra hakimiyyəti ilə yanaşı "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti də aparacaq. Nəqliyyat yolunun kənarında yerləşən mənzillər "Azəryolservis” tərəfindən sökülür (bizimyol.info).

Qaynar.info

--> -->