Xəbər lenti

"Temperatur 41 dərəcəyə çatdıqda iş dayanmalıdır”
Ölkə 15:45 16.07.2013

"Temperatur 41 dərəcəyə çatdıqda iş dayanmalıdır”

“Havanın temperaturu 41 dərəcə təşkil etdiyi halda iş dayanmalıdır”.

Bu açıqlamanı APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov verib. O bildirib ki, xüsusən də açıq havada işləyən işçilərin belə isti havalarda çalışması təhlükəlidir: “Çünki qanunvericiliyə əsasən 41 dərəcə temperaturda işləməyə icazə verilmir”.

N. Ağamirov qeyd edib ki, qapalı yerlərdə çalışan işçilər isə belə temperaturda davamlı olaraq sərinləşdirici içkilərlə təmin olunmalı, o cümlədən əmək məkanı soyuducu vasitələrlə sərinləşdirilməlidir.

N. Ağamirov bildirib ki, AHİK-in işçilərin əmək şəraiti ilə bağlı monitorinqləri davam etdirir: “Təkcə belə hava şəraitində deyil, bütün il boyu işçilərin əmək şəraitinin öyrənilməsi üçün monitorinqlər aparılır. Həm Həmkarlar İttifaqları Konfederasiyasında, həm də konfederasiyaya üzv təşkilatlarda olan sahə həmkarlar ittifaqlarında Əmək Müfəttişləri İnstitutu fəaliyyət göstərir. Bu institut proqram üzrə müəssisələrdə, əməyin mühafizəsi və iş şəraitinin öyrənilməsinə dair monitorinqlər aparılır. Bu monitorinqlər çox zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilir. Sonda isə neqativ halların aradan qaldırılması üçün qurum rəhbərliyinə müraciət edilir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->