Xəbər lenti

"Uşaqların qərarlarında valideynlərin rolu üstünlük təşkil edir" - MÜSAHİBƏ
Ölkə 18:35 16.07.2013

"Uşaqların qərarlarında valideynlərin rolu üstünlük təşkil edir" - MÜSAHİBƏ

Nigar Məmmədova: "Cəmiyyət buna tam hazır deyil"

Qaynar.info "ABŞ Təhsilli məzunlarla müsahibə" layihəsi çərçivəsində gənc diplomat Nigar Məmmədovanın müsahibəsini təqdim edir - Pərviz Əzimovun təqdimatında...

- Nigar xanım mümkünsə özünüz haqda məlumat verərdiz?

- Mən Nigar Məmmədova, Lənkəran şəhərində doğulmuşam. Həmin şəhərin 4 saylı orta məktəbini fəxri fərman və yüksək göstəricilərlə bitirmişəm. On birinci sinfi ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcəyin Liderləri (FLEX) mübadilə proqramı ilə Kanzas ştatında bitirmişəm. Azərbaycana qayıtdıqdan sonra, Qərb Universitetinə daxil oldum və 2010-cu ildə Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilimi qırmızı diplom və fəxri fərmanla başa vurdum. Universitetdə təhsil aldığım zaman iş fəaliyyətimə də başladım. İlk olaraq qeyri-hökümət təşkilatında xarici əlaqələr üzrə məsul şəxs vəzifəsində çalışdım. Müəyyən müddət orada işlədikdən sonra ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların birində Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin direktoru vəzifəsində çalışmağa başladım və hazırda da fəaliyyətimi həmin vəzifədə davam etdirirəm. Peşəkar iş fəaliyyətimlə bərabər həmişə ictimai fəaliyyətlə də məşğul oluram. Bura ABŞ-da məzunu olduğum mübadilə proqramının məzunlara təqdim etdiyi qrantlar çərçivəsində müxtəlif layihələr, həmçinin gənclərlə bağlı müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak və s. daxildir. Hətta deyərdim ki, bir neçə il bundan öncəyə qədər aktiv könüllülük də fəaliyyətimin bir hissəsi idi, lakin bu gün işlərimin çox olmasından təəssüf ki, bu fəaliyyətə çox vaxt ayıra bilmirəm. Peşəkar fəaliyyətimlə bərabər, bilik və bacarıqlarımı çalışıram daha da inkişaf etdirim. Buna yenicə bitirdiyim George Washington Universitetinin Layihə Menecmentliyi üzrə magistr kursunu misal göstərmək olar. Mənə maraqlı olan və gələcəkdə özümü gördüyüm sahələr haqqında daha geniş məlumat və biliklərə sahib olmaq üçün bacardığım qədər müxtəlif treninq və kurslara qatılmağa davam edirəm.

- Gənc yaşlarınızdan diplomatik korpusda çalışırsınız. İşiniz çətin deyil ki, şəxsi həyatınıza mane olmur?

- Hər bir işin öz çətin və müəyyən dərəcədə asan tərəfləri var. Fikrimcə, ən əsası gördüyün işini sevməlisən və ondan zövq almalısan. Belə halda nəinki qarşına çıxan müəyyən çətinlikləri asanlıqla dəf etməyə müvvəffəq olursan, elə olur ki, heç işin çətinliyinə varmırsan. Həmçinin onu da unutmamaq lazımdır ki, həyata keçirdiyin hər bir fəaliyyət gələcəkdə daha böyük uğurlara aparan mühüm təcrübənin açarıdır. Sonda qeyd etmək istərdim ki, əsas odur ki, şəxsi və iş həyatını ayrı biləsən, hər birisinin öz yeri var. Məndə işdən əlavə bacardığım qədər, həm ailəm, həm dostlarımla, həmçinin özümə vaxt ayırmağa çalışıram.

- Gənclər üçün maraqlı layihələrdən biri olan "Context" jurnalının baş redaktorusuz. jurnal haqqında məlumat verməyinizi istərdim.

- "Context" jurnalı öncə qeyd etdiyim ictimai fəaliyyətin bir hissəsidir. Artıq, bir ilə yaxındır ki, jurnalın baş redaktoru kimi çalışıram və qeyd etmək istərdim ki, bu işdən böyük zövq alıram. "Context" jurnalı ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyilə çap olunan ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin rəsmi nəşridir (AAA). Jurnal 2010-cu ildən işıq üzü görür. Jurnalın əsas məqsədi məzunların öz bilik və təcrübələrini daha böyük auditoriya ilə paylaşmaq, hökumət, vətəndaş cəmiyyəti və elmi ictimaiyyət də daxil olmaqla müxtəlif maraqlı tərəflərə öz fikir və tövsiyələrini çatdırmaq imkanı yaratmaqdır. Eyni zamanda, jurnal vasitəsilə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə imkan yaradılır ki, Azərbaycanın bu günü və sabahına dair fikirlərini nəşr etdirib geniş auditoriyalarla bölüşsünlər. 

Bu rüblük jurnaldır və hər sayında 1000 tirajla çap olunur. Əvvəllər jurnal yalnız Azərbaycan dilində nəşr olunsa da, hazırda daha geniş auditoriyanı əhatə etmək və dil baryeri olmadan maraqlı tərəflərin ondan bəhrələnməsini təmin etmək üçün, jurnal ingilis dilində də çap olunur. Jurnal pulsuzdur və dövlət qurumları, beynəlxalq, yerli təşkilatlar, məzunlar, kitabxanalar, biznes dairələri və təhsil institutları arasında paylanılır.

- Jurnal baş redaktoru olaraq, yəqin ki, zaman - zaman müsahibələr də götürürsünüz. "Contex" jurnalı üçün arzu etdiyiniz xüsusi müsahib varmı və niyə məhz o şəxs?

- Bəli, artıq bir neçə maraqlı müsahiblərim olubdur. ABŞ səfiri cənab Riçard Morninqstar və Google şirkətinin nümayəndəsi ilə olan müsahibələr də bu siyahıya daxildir. Əslində, mənim məqsədim jurnalda daha çox Amerikada təhsil almış və bu təcrübədən ən yüksək səviyyədə bəhrələnərək Azərbaycanda özünü inkişaf etdirib və bir peşəkar kimi yüksək nailiyyətlər qazanmış məzunlarla müsahibələri işıqlandırmaqdır. Çünki Azərbaycana yeni qayıdan məzunlar üçün və ümumiyyətlə gənclər üçün onların bu uğurlara necə və hansı əzmlə çalışaraq çatdıqları haqda digərlərinin də məlumatlı olmaları artıq onlara inkişaf etmək üçün bir stimuldur. Düşünürəm ki, gəncləri nə qədər özlərini inkişaf etdirməyə, cəmiyyəti üçün xeyirli iş görməyə stimul versək, bir o qədər cəmiyyətimizdə sağlam düşüncəli və çalışqan insanların sayını artırmağa nail ola biləcəyik. 

- ABŞ cəmiyyəti ilə Azərbaycan cəmiyyətini müqayisə etmək mümkündürmü? Əgər mümkündürsə, nələri müqayisə edərdiz?

- Fikrimcə, hər bir cəmiyyət özünəməxsusluğu ilə seçilir və hər bir cəmiyyətin formalaşmasında insanların rolu böyükdür. Sualınıza gəldikdə, bir sıra məqamları müqayisə etmək olar və fikrimcə bu geniş bir müzakirə mövzusudur. Qısa olaraq, bir misal gətirmək istərdim. Amerikada gənclər daha tez müstəqil olurlar və öz həyatlarının məsuliyyətini dərk etməyə başlayırlar, adətən 18 yaşından sonra bu daha qabarıq müşahidə olunur. Lakin Azərbaycanda bu bir qədər fərqlidir. Uşaqların qərarlarında valideynlərin rolu daha çox üstünlük təşkil edir. Yəni uşaqların müstəqil qərar vermələrində məhdudiyyət deməzdim, lakin az yer verilir. Bu da əminəm ki, ondan irəli gəlir ki, bizim valideynlərimiz həddindən çox narahat olurlar və övladları üçün her şeyin ən gözəlini istəyirlər. Əslində bu təqdirəlayiqdir, lakin valideynlər onu da nəzərə almalıdırlar ki, gələcəkdə müstəqil həyatda büdrəməməsi və qərarlarını daha inamlı vermələri üçün övladlarına kiçik yaşlarından bunu anlamaq üçün şərait yaratmalıdırlar. Onu da qeyd etmək lazımdır ki, artıq yuxarıda qeyd olunan məqamları Azərbaycanda müşahidə etmək mümkündür və bu sevindirici haldır. Digər bir məqam, mən Amerikada olanda, könüllü fəaliyyətin cəmiyyət üçün necə mühüm olduğunu öyrənmişəm. Orada hər kəs dərsdən və ya işdən sonra xüsusi ilə gənclər könüllü olaraq əlilliyi olan insanlara, kitabxanalarda və s. yerlərdə kömək edirlər. Mən elə özüm də Amerikada yaşadığım şəhərin kitabxanasında könüllü olaraq 3 ay işləmişəm. Lakin bizdə bu hələ də o qədər də inkişaf etməyib, bəlkə də, hələ cəmiyyət buna tam hazır deyil. Məsələn, bəzən layihələr zamanı könüllüləri cəlb etməkdə çətinlik yaranır, ilk soruşduqları nə isə əvəzində alacağıq olur. Orada isə nəinki sağlam, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanları da qəyyumluğa məmnuniyyətlə götürürlər.

- ABŞ təhsilli məzun olmağın üstünlükləri hansılardır? 

- İngilis dili bacarıqlarını inkişaf etdirməkdən savayı, beynəlxalq təhsil sistemində təhsil almaq imkanı əldə edirsən. Ən əsası başqa bir ölkənin mədəniyyəti və insanlarını daha yaxından tanımaq və eynilə öz ölkəni və mədəniyyətini digər bir ölkədə tanıtdırmaq imkanı yaranır. Bundan əlavə, bir insan kimi orada təhsil aldığın müddətdə daha da müdrikləşir və müstəqil olaraq qərar qəbul etməyə başlayırsan. Həmçinin, qayıdandan sonra öz cəmiyyətinə töhvələr vermək istəyin daha güclü olur. Əlbəttə ki, AAA-nin üzvü olmaq imkanını əldə edirsən və böyük məzun ailəsinin bir üzvünə çevrilirsən. 

 - FLEX məzunlarının təşəbbüsləri əsasında müxtəlif layihələr həyata keçirilir. Sizin belə layihələriniz olubmu?

 - Bəli, 2011 və 2012-ci illərdə FLEX qrantları çərçivəsində müvafiq olaraq 3 günlük və 5 günlük teatr-əsaslı Reproduktiv Sağlamlıq və İİV/QİÇS üzrə həmyaşıd təlimiçilər üçün təlim həyata keçirdim. Təbii ki, təlimlər peşəkar təlimçilər tərəfindən aparıldı. Təlimlərin əsas məqsədi reproduktiv sağlamlıq və İİV/QİÇS sahəsində fəaliyyət göstərmək istəyən gənclər üçün bu sahədə təlimlərin planlaşdırılması və təşkil olunması potensialının artırılması və qeyri-formal təhsil sahəsində yüksək səviyyəli təlimçilərin hazırlanması idi. Hər iki layihə çox uğurlu nəticələr göstərdi, belə ki, bunu təlimdə iştirak etmək istəyənlərin sayı, işitrakçıların böyük marağı və aktiv iştirak etməsi idi. Həmçinin, layihədən iki ay sonra iştirakçılar eyni mövzuda təlim təşkil etdilər və bu sahədə aktiv fəaliyyətə başladılar. Bu çox sevindirici haldır və layihənin davamlılığının və yüksək nəticə göstərməsinin göstəricisidir. 

 Pərviz Əzimov

Qaynar.info 

Qeyd: Bu müsahibə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “ABŞ təhsilli məzunlarla müsahibələr” layihəsi çərçivəsində götürülüb. Layihə çərçivəsində ümumilikdə 20 ABŞ təhsilli məzundan müsahibə götürmək planlaşdırılıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->