"Futbolçularımı təbrik edirəm. Qalibiyyət bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı evdə qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq. Amma ikinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə, oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdı. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, hamısına güvənirəm. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaq. Bacarmasalar belə, güclərini artıqlaması ilə meydanda qoyacaqlar”.
Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Kosovo ilə oyundakı vacibiyyət oyununuza necə təsir edə bilər?
- Futbolçular bu matçın vacibliyini dərk edirlər. İnanmıram ki, bu amil onlara mənfi təsir etsin. Əksinə, belə anlar komandanı daha da möhkəmlədir. Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək.
- İlk dəfə sizin rəhbərliyiniz altında millidə oynayan futbolçu Mirabdulla Abbasov var idi. Ondan razı qaldınızmı?
- İlk dəfədir bir yerdə çalışdıqlarım var idi. Amma ayrılıqda hamısını tanıyıram. Bu gün yalnız Mirabdulla meydana çıxdı. Vaxt az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam və bu komandada böyük həvəslə oynamağa hazırdırlar.
- Yığma ilk dəfə idi ki, bu qədər künc zərbəsi qazandı. Amma yalnız son dəqiqələrdə çərçivəyə gedən zərbə var idi...
- Qol olmasa da, ümumilikdə pis alınmadı. Həm dünən, həm də bu səhər bunun üzərində çox çalışmışdıq. Bir neçə nöqtə var idi ki, ora ötürmə verməyə çalışırdıq. Rəqibin müdafiəçiləri də uca boyludurlar. Necə hazırlaşmışdıqsa, futbolçular o cür də oynadılar. Kosovoda ola bilər ki, 1-2 künc zərbəsindən istifadə edə bilək.
- Bəzi futbolçular sarı vərəqə limitinə yaxın idi. Onları sona qədər meydanda saxlamaq risk deyildi?
- Bəzi dəyişikliklər edə bilərdik. Amma Kamran Ağayev və Pavel Paşayevin zədələnməsi planlarımızı pozdu.
- Demək olar ki, optimal heyət formalaşıb. Amma qısa müddət sonra Kosovo ilə səfər oyunu var. Bu heyətin gücü çatacaqmı?
- Rəqibin oyununu bilirik. Amma yenə də onların son matçına bir də baxacağıq. Hansı heyət uyğundursa, o cür də meydana çıxacağıq. Futbolçuların oyuna kimi olan durumu vacib olacaq. Kamran və Pavelin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da mikrozədələri var idi. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. 1-2 dəyişiklik gözlənilir.
- Qrupdan çıxmaq əsas məqsəddir, yoxsa minimum?
- Hansı turnirdə iştirak ediriksə, maksimum nəticə əldə etməyə çalışmışam. Bunun alınıb-alınmadığını deyə bilmərəm. Son tur öncəsi hələ də şansımız var. Qalib gəlsək, qrup birincisi olacağıq. Alınmasa... Bu barədə düşünmürəm. Futbolçularla söhbətim oldu ki, başqa düşüncəmiz olmamalıdır. Optimal oyun və xarakter göstərməliyik.
- Oyun günü Kosovoda hava 0 dərəcə olacaq. Bu hal sizə problem yaratmayacaq?
- Statistikalar pis deyil (gülür). Farer adalarında da hava şəraitini görmüşdünüz. Futbol üçün xoş olmayan hava idi. Hamımızın bir fikri var ki, təbiətdə pis hava yoxdur. Amma çalışırıq ki, havaya uyğun hazırlaşaq. Belə halda da futbolçuların konsentrasiyaları yaxşı olur.
- Bu gün həmişəkindən nikbin görünürsünüz. Bunun xüsusi səbəbi var?
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlarda iddialı olmaq daha çox lazım olur. Səfərə o hisslərlə getmək istəyirəm. Futbolçularım döyüş əzmini hiss etsinlər. Təbii ki, futbol qaydalarını yaddan çıxarmamaqla. Bizi ancaq qələbə qane edir. Bu üzdən inamlı olmalıyıq. (sportnet.az)
Şərhlər