Orxan Saffari
Ölkə 11:16 13.10.2020

Quşbeyin sülh göyərçinləri

Orxan Saffari


Dünya yaranandan, Yer kürəsinə insan ayağı dəyəndən, torpaq anlayışı olandan, bir sözlə, bəşər tarixindən üzü bəri daim müharibələr olub, qanlar tökülüb. İnsanlar bütün dövrlərdə həm bir-birilərini, həm də öz evlərini, yaşadıqları əraziləri qoruyublar. Bu, ilk növbədə insanın genetikasıdır, öz instikdidir. Təbii, hər dövr üçün fərqli olan müharibə anlayışları var ki, indi tarix danışmaq uzunçuluq olar. İndi tarixi yazmaq vaxtıdır...

 

Müharibə-bütün dövrlərin ən dəhşətli həqiqəti və ən qanlı reallığı.

 

Və elə bu müharibənin ortasında da sərhədsiz dünya, bütün insanlara sevgi, düşmənə gül-çiçək atan qərbləşmiş şərqlilər. Bizimkilər.

 

Son dövrlərin liberallaşma (oxu: manqurtlaşma) humanizm, passifizm anlayışları bizim külək beyinli adamlardan da yan keçmədi.

 

"Oyy, müharibə olmasın, oyy, canik insanlar yazıkdır, ölmesinlər, oyy savaş, qan, ujas" intonasiyasını hardasa keçmək olur. Belə də, hər kəsin qorxmaq, müharibə istəməmək haqqı var. Amma sevən ürəyə çarə yoxdu. Bir də, quluncun heç nəyə dəxli yoxdur.

 

O şəxslər ki var, hansı ki, Qərb küləyinin altında özünü sərinə verib, QHT-şniklik edib, guyam ki, bütün söhbətlərdən arınaraq bəzən "peşə etikası" adı altında, bəzən də açıq-aşkar düşmənə xoş münasibət göstərən, başına gətirilən faciələrə baxmayaraq, "onlar da insandır, onlar da elədir, belədir" acıyanyanə söhbətlərlə, xüsusi ilə də döyüş gedən vaxtlar kütləni qıcıqlandıran, bax o adamlar... o adamlar ki var, onlarla bilmirsən hansı dildə danışasan, hansı hərəkəti edəsən. Ümumiyyətlə, bilmirsən ki, bu adamları necə yox edəsən. Mənə görə bu adamların "ditdilidən" bir fərqi yoxdur.

 

Məhz bu adamlardır ki, "müharibə siyasətdir, siyasətin qurbanı oluruq" kimi hər kəsin bildiyi anlayışı yenilik kimi ortaya soxur, gözümüzü "mazol" edir. Elə bil, bircə bu kəşf edib ki, müharibə siyasətdir. Pay atonnan. Necə bilməmişik biz cahillər.

 

Çünki heç nə oxumayıblar o adamlar, heç nə bilmirlər. Bildikləri internet üzərindən 5-10 termin, insan haqları arxasında gizlənib öz mənfəətlərini güdmək, qrantlarını tıxmaq, provakasiyalara qol qoymaq və.s-dir. Amma oxusalar, bilərdilər ki, müharibə onsuz termin olaraq da siyasətin başqa formada təzahürü, davam etdirilməsidir.

 

Bu adamlar elə bilir ki, müharibə etməməli, özünü qorumamalı, torpağını da verməlisən. Bu adamlar elə bilir ki, dünyada müharibə etməyən dövlətlər elə ömrü boyu belə olub. Elə bilirlər ki, həmin dövlətlər, hansı ki, indi sivil, mədəni cəmiyyətlərə sahib olanlar heç vaxt müharibə etməyib. Bilmirlər ki, onlar uzun müharibə yolu keçib, qanlar töküb. Dilinizə hansı böyük dövləti gətirirsinizsə, bax, onlar. Bəs, bu olanlar nədir?

 

Müharibə istəməmək üçün ilk növbədə səni işğal etməməlidirlər, sənin olanı almamalıdırlar. Müharibə istəməmək üçün ilk növbədə bütövlüyün təmin olunmalıdır. Yoxsa, sən müharibə istəmə, amma hər gələn səni işğal eləsin. Bu adamlar üçün tarixi müqavilələrin, hadisələrin mahiyyəti elə ancaq oxuduqları nəzəriyyə üzərindədir. Bu adamlar üçün ölkə tarixinin, baş verən hadisələrin heç bir əhəmiyyəti yoxdu. Prinsipsiz, ideologiyasız, öz xoşuna yaşayan pişiklərdirlər.

 

Onlar bilmir, əminəm ki, bilmirlər, yoxsa bildiyi halda da müharibə vaxtı sülh göyərçinliyi etmək, ancaq quşbeyin olmaqdan irəli gəlir. Onlar bilmir ki, beynəlxalq arenada Dağlıq Qarabağın statusu "Aland modeli" deyilən anlayışda bir modellə müqayisə olunur. İndi durub bu model haqqında da uzun-uzun danışmıram. Zəhmət çəkib özləri oxusun. Oxuyub anlasınlar, bilsinlər. Əgər anlaya biləcəklərsə.

 

Bu gün dünyaya pasifizmi, liberallığı, kosmopolitliyi təbliğ edən dövlətlərin heç biri belə deyil. Məhz onlar dünyanın ən milliyətçi xalqlarıdır, millətləridir. Onlar heç vaxt öz milliliyini itirmir, itirməyib də. Əvəzində bizim pasifistlər "bizimkilər" nə edir? Göz qabağında, nadanlıq.

 

Bu gün müharibə şəraitində yaşayan bir ölkənin insanının kosmopolit olmağa ən yaxşı halda haqqı yoxdur. İnsan deyilən varlıq ətdən, sümükdən, müəyyən orqanlardan, ən əsası isə vicdandan ibarət olmalıdır. Bizim kosmopolitlərsə, sadəcə, ətdən ibarətdirlər. Ətcə balalar.

 

Kosmopolitizm haqqında ən kiçik bilgiyə də sahib olan insanlar bilir ki, bəşərilik ilk olaraq millilikdən başlayır. Yəni, öz ölkənə, öz millətinə, xalqına nifrət edib, hər fürsətdə aşağılayıb, barbar adlandırıb, bu ölkədə yaşaya bilmədiyini deyib sadə insanları günahlandırıb kosmoplit olmaq olmaz.

 

Olmaz, ay insan, olmaz!

 

İndiki halda kosmopolit olmaq qorxaqlığını, cəsarətsizliyini, rahatlığını ideoloji məsələlər altında gizlətmək cəhdidir. Ya da birbaşa olaraq şablon ifadələr; "düşmən dəyirmanına su tökən", "antimilli ünsürlər" və.s

 

Mən razıyam, müharibə olmasın, insanlar ölməsin, anaların gözü yaşlı qalmasın, ataların beli bükülməsin. Hər şey yaxşı olsun. Lazımdırsa, gül də ataq düşmənə. Amma bunlar torpaqlarımızı əldə edəndən sonra olsun. Qisasdan sonra olsun. Bizi də, insanlığı da bütövləşdirən məhz qisasdır. Mən sonadək məğlub ölkənin vətəndaşı olmaq istəmirəm. Mən haqqım olanı istəyirəm. Biz bunu istəyirik, bunun üçün qan tökürük, haqlı yerə.

 

O ki, qaldı indi gedən müharibəyə, haqq savaşına, bax, bu haqda da bir neçə söz demək yerinə düşərdi ki, sülhişnik yoldaşlar bəlkə nə zamansa gerçəkləri anladılar;


Ümumi Türk coğrafiyası, qafqazlılar tarixən savaş adamları olub.


Bizə heç nəyi boş yerdən verməyiblər. Biz vuruşub almışıq!


Biz heç nəyi boş yerə verməmişik. Vuruşub vermişik!


Bizə heç nəyi boş yerə verməyəcəklər, vuruşub alacağıq!


Bizim qismətimizdə, taleyimizdə rahatlıq yoxdur. Biz nə qazanmışıqsa, qanımızla qazanmışıq, bizim olan nə varsa, dişimiz-dırnağımızla əldə etmişik. Bu, ilk növbədə bizim genetikamızdır.


Amma əvəzində nə olub? Daim bizə basqılar, daim işğal etmək istəkləri, cəhdləri...


Coğrafiya, həqiqətən də insanın taleyini həll edir.


Heç nə yox, təkcə indinin məişət məsələlərinə baxmaq kifayət edir ki, kim olduğumuzu anlayaq.


Müharibə bizim həyat tərzimiz, taleyimizdir. Bunu heç vaxt dəyişə bilməyəcəyik. Dünyanın harasına gedirsən get, hansı düşüncəyə sahib olursan ol, genetikanı, xasiyyətlərini nə qədər dəyişməyə çalışırsan çalış, özündən qaça bilməyəcəksən. Bizlər küllən mübarizə adamlarıyıq. Bizlər bu mübarizədən qaçmayan, dirənən, ölən, öldürən adamlarıq!


Dünyada bir olmağı bacaran üç xalqdan ikisi bizik. İstər müharibə olsun, istər məişət, istər küçə. Həmişə əzməyə çalışılan, həmişə əzilənin yanında olan. Küçədə də, müharibədə də!


Biz yer üzünə rahat xalq olaraq gəlməmişik. Biz bizə olanı qulaq ardına verməyi, unutmağı bacarmırıq. Başımıza gətirilən hər şeyə adekvat və artıq cavab vermişik. Qurmuşuq, yaratmışıq, əlimizdən alıblar, yenə almışıq, alacağıq da!


Sistemdir, dövr edir.


Tarixdi, təkrarlanır.


Yaşadığımız coğrafiya həmişə başıbəlalı olub, həmişə başımıza bəlalar gəlib. Mövcud olandan bəri tarixin az qala hər səhifəsində Türk izi var. Hər döyüşdə, hər mübarizədə türk adı var. Biz azərbaycanlılar da o ümumi tarixin içində! Bu coğrafiyanın, bu genetikanın izi dünya durduqca silinməyəcək. Əsrlərlə davam edib, edəcək də. Bundan nə utanmaq lazımdır, nə də pis olmaq. Əksinə, qürurdu, duy getsin!


Sənə qarşı edilən vəhşiliyə adekvat cavab vermək barbarlıq deyil. Qisas almaq insanın ən təbii haqqıdır. İnsanı bütöv edən məhz qisas hissidir. İnsanı yaşadan, insanlığı, milləti var edən ən vacib hissdir qisas hissi. Bu hissi itirən insan da, millət də məhvə məhkumdur!


Odur ki, yaşasın Türk coğrafiyası, yaşasın Türk milləti, yaşasın azərbaycanlılar, haqq savaşı aparanlar! Biz haqq üçün döyüşürük, biz bizim olanı istəyirik. Yaşasın onun olanı sökə-sökə almağı bacaran hər bir azərbaycanlı!


Həyatda həmişə mübarizə aparanlar qala bilir.


Elə tarixdə də...