Xəbər lenti

Ramil Quliyev karyerasını nə vaxt bitirmək istədiyini açıqladı
İdman 17:30 28.10.2023

Ramil Quliyev karyerasını nə vaxt bitirmək istədiyini açıqladı

Türkiyənin qürur mənbəyi olan azərbaycanlı idmançı Ramil Quliyev atletikada qazandığı uğurları, Paris Olimpiadası ilə bağlı hədəflərini və karyerasını bitirdikdən sonrakı planlarını bölüşüb.

Qaynarinfo-nun məlumatına görə, Anadolu Agentliyinin Türkiyənin 100 illiyi üçün xüsusi olaraq hazırladığı "idman” rubrikasında ölkədə atletikanın parlayan ulduzunun mühüm nailiyyətlərinə diqqət çəkilib. Adını Türkiyə atletika tarixinə qızıl hərflərlə yazan sprinter 2017-ci ildə Londonda keçirilən Dünya Atletika Çempionatında kişilər arasında 200 metr məsafəyə qaçışda birinci olub. Bu Türkiyənin sözügedən çempionatda qazandığı ilk qızıl medaldır. 

Quliyev 2018-ci ildə Berlində keçirilən Avropa Atletika Çempionatında uğurlarını davam etdirib. Bu təşkilatda o, 200 metr məsafəyə qaçışda rekord qıraraq qızıl medal qazanıb. Həmin çempionatda 4×100 metr məsafəyə qaçışda komanda yoldaşları ilə birlikdə gümüş medalçı olub.

Ramilin karyerasında daha bir mühüm medal 2016-cı ildə Amsterdamda keçirilən atletika üzrə Avropa çempionatından gəlib. Burada da o, fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Bu nailiyyətləri ilə Türkiyənin fəxrinə çevrilən Ramil "Həyatımı medal qazanmaq məqsədi ilə formalaşdırdım. Türkiyə adına bu uğurları əldə etmək təsvir olunmaz xoşbəxtlikdir” - sözlərini söyləyib.

Türkiyə millisinin üzvü atletika səhnəsindəki nailiyyətləri və hədəfləri barədə başqa mühüm açıqlamalar da verib. O, dünya çempionatında qazandığı tarixi medalı xatırladıb:

"Tarix yazmaq çox gözəl hissdir. Biz həmişə bu medalları qazanmaq üçün çox çalışmışıq. Mən bütün həyatımı medal qazanmaq üçün qurmuşam. Xüsusilə də sprintdə tarix yazmaq inanılmazdır”.

2024-cü il Paris Olimpiya Oyunlarına hazırlıqlarını və hədəflərini bölüşən milli atlet bununla bağlı açıqlamasında, "Paris hazırlığına başlamışıq. Bu bizim ən böyük yarışımızdır. Məqsədimiz qızıl medal qazanmaqdır. Hər bir idmançının məqsədi qızıl medal qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Qalanı qismətdir” - sözlərini söyləyib.

İdmançı karyerasını nə vaxt bitirəcəyi və bundan sonra nə ilə məşğul olacağı haqda sualı da cavablandırıb: 

"2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarından sonra təqaüdə çıxa bilərəm. Daha sonra gələcəyimiz olan uşaqlar üçün işləmək, öz təcrübəmi onlara ötürmək, Ramil Quliyev adına idman məktəbləri açmaq istəyirəm. Həm öz təcrübəmi uşaqlara ötürəcəyəm, həm də təkcə atletikaya deyil, digər idman növlərinə də dəstək olmağa çalışacağam. Belə bir layihəm var. Türkiyədə atletikanın inkişafı üçün daha çox uşaq yetişdirmək lazımdır. Məktəblər açılmalı və tez-tez nümayişlər aparılmalıdır”.

Ramil atletika karyerası boyu hiss etdiyi qürur hissini və keçmişdə buraxdığı səhvləri də etiraf edib.

"Keçmişə qayıda bilsəydim, yenə də idmançı olmaq istərdim. Amma mən çox fərqli olardım. Eyni səhvləri etməzdim. Zədəli olduğum anlar var, səbəblərini bildiyim üçün bir daha o səhvləri etməzdim. Düşünürəm ki, keçmişə qayıtsam, daha məhsuldar idmançı olardım”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->