Siyasət 20:40 13.03.2015

Ramil Usubov yeni ABŞ səfirini qəbul etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ABŞ səfiri Robert Sekutanı qəbul edib.  
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir görüş zamanı nazir onu səfir təyin olunması  münasibətilə  təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə  təkan verəcək.

R. Usubov daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə  xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanda kriminogen durumun nəzarət altına alınması, ölkə vətəndaşlarının, xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədi ilə prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülüb. Xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdıran nazir antiterror koalisiyasında yer alan ölkəmizin bu qlobal bəlaya qarşı birgə mübarizəyə öz töhfələrini verdiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı səmərəli mübarizə aparılması məqsədilə beynəlxalq aləmdə səylərin birləşdirilməsinin zəruriliyini bildirib.

Cinayətkarlıqla mübarizədə müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutmasından danışan daxili işlər naziri insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalar nazirliyin rəhbərliyinin birbaşa nəzarəti altında xüsusi qurum tərəfindən araşdırılır, bu zaman pozuntulara yol verən əməkdaşlar ən ciddi şəkildə cəzalandırılır. Belə ki, son 5 ildə bu növ hüquqpozmalara görə 1514 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 108-i tutduğu vəzifədən azad olunub, 95-i daxili işlər orqanlarında xidmətdən xaric edilib,  8 əməkdaşın xüsusi rütbəsi aşağı salınıb,  11-i cinayət məsuliyyətinə cəlb olunub, qalanları haqqında isə digər tədbirlər görülüb.

Öz növbəsində səfir R. Sekuta səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Birləşmiş Ştatların cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin, ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Qaynar.info