Xəbər lenti

Ramiz Mehdiyevdən məmurlara mesaj:
Siyasət 10:02 17.04.2018

Ramiz Mehdiyevdən məmurlara mesaj: "Çemodanlarını hazırlasınlar"

"Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur".

Qaynarinfo xəbər verir ki, bu tezislər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini "AzərTAc” yayıb.

Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.



Məqalədən sitat: "Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir: "Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.

Ramiz Mehdiyev bildirir ki, prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: "Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.
 


Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının "fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.

İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan "maneələri” asanlıqla dəf etməyə imkan verir.

Ramiz Mehdiyevin fikrincə dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini tamamlamalıdır. "Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli şərait yaradır”-Mehdiyev yazır.



Administrasiya rəhbəri onu da yazır ki, idarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.

Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

R.Mehdiyev daha sonra bildirir: "Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->