Xəbər lenti

Ramiz Məmmədovun dediyi “partlayış”
Amal Abuşov
İdman 14:16 30.11.2017

Ramiz Məmmədovun dediyi “partlayış”

Amal Abuşov
 
2012-ci ilin sentyabrın 24-ü idi. Kimi dindirirdinsə, həmin gün oynanılacaq "Qəbələ” – "Rəvan” qarşılaşmasından bəhs edirdilər. İddia edirdilər ki, "Qəbələ” uduzacaq, Fatih Akyeli göndərəcəklər, Ramiz Məmmədov baş məşqçi olacaq...
 
"Rəvan” 23-cü dəqiqədə hesabı açdı. Daha sonra Aleksandr Çertoqanov cavab qolunu vurdu. Tərəflər fasiləyə belə yollandılar. Amma 64-cü dəqiqədə yenidən qonaqlar fərqləndi. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə gənc Nuran Novruzov oyunda son nöqtəni qoydu. "Qəbələ” doğma meydanda Premyer Liqanın güclülərindən sayılmayan "Rəvan”a 1:3 hesabıyla uduzdu. Mətbuat konfransında Fatih Akyel getməyə hazır olduğunu bildirdi. Ertəsi gün isə klubun rəsmi saytında türkiyəli mütəxəssisin yola salınması, onun yerinə Ramiz Məmmədovun təyin olunması barədə məlumat yayıldı.
 
Eyni ilə deyildiyi kimi oldu...
 
Bu ilin iyununda Ramiz Məmmədov o vaxtkı "İnter”, indiki "Keşlə”də zühur etdi. Onun üçün yeni bir vəzifə də düzüb-qoşmuşdular: əvəzedici heyət üzrə koordinator. Bu zamana qədər "İnter”də belə bir postun olduğundan xəbərsiz idik. Elə ona görə də hamımıza qəfil təyinat təəccüblü gəldi. Dərhal da məlumat yayıldı ki, tezliklə Zaur Svanadze "İnter”dən qovulacaq, onun yerinə Ramiz Məmmədov baş məşqçi təyin ediləcək. Aylardı maliyyə problemlərinin məngənəsində çabalayan, bütün çətinliklərə rəğmən ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazanan "İnter”in düşərgəsində belə bir ssenarinin yazılmasına çox heyfslənmişdik. "İnter” rəhbərliyi də gürcü mütəxəssislə müqavilənin yenilənməsini uzadır, onunla yolları ayırmaq üçün hazırlıq görənə bənzəyirdilər...
 
Qətiyyətlə təkzib olunsa da, sonda elə o cür də oldu.
 
Bu cür əyri yollarla vəzifə başına keçməyi özünə sığışdıran Məmmədovun üzərinə çox getmədik. Adamın "indi məni gürcüyə görə asıb-kəsirlər, bir-birimizə qiymət verə bilmirik” deyəcəyi onsuz da bəlli idi. Sonradan eşitdik ki, elə bu cür də deyirmiş, onu və bu tragikomediyanın ssenari müəllifi Zaur Axundovu tənqid edənlərin qarasınca belə ittihamlar səsləndirirmiş.
 
Həmin Ramiz Məmmədov "Neftçi”yə 1:3 hesabıyla uduzandan sonra mətbuat konfransında bu cür açıqlama vermişdi: "Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini başqa yerdə axtarmaq lazımdı. Mən açıb desəm, burda böyük bir partlayış olacaq. Ehtiyac yoxdu”.
 
Söhbət daha çox Nizami Hacıyevin bilərəkdən zəif oynamasından gedirdi. Ertəsi gün isə Nizami "Sport7.az”ın suallarını belə cavablandırmışdı: "Vaxt olub ki, pulsuz-parasız, rəhbərlik olmadan, heç kim bizə böyüklük etmədən oynamışıq. Amma bilərəkdən oynamamağı, can yandırmamağı düşünməmişik. Futbolda hər şey olur. Uduzduq, o demək deyil ki, kiməsə nəsə söyləməlidilər. Mənim də qulağıma bəzi söz-söhbətlər çatıb. Dünən Ramiz müəllimlə sırf bu partlayış filan söz-söhbətləri ilə bağlı danışmışam. Mənə dedi ki, "sənin başına hava gəlib? Sənlik heç nə yoxdu, bilirəm ki, ayağın ağrıyırdı ona görə ikinci hissədə dəyişmişəm”. İynə altında meydana çıxmışdım”.
 
Belə çıxır ki, konfransda partlayışdan danışan Ramiz bəy olacaqlardan xəbərdar imiş. "Keşlə”nin rəsmi sayt vasitəsiylə "bu futbolçularla müqavilə 4 gün əvvəl pozulub” deməsi də hadisələrin mərkəzində məhz klubun dayandığından xəbər verir. Müəmmalar, cavabsız suallar çoxdu. Ehtimal irəli sürmək tələskənlik olar. Amma maaşların verilməməsindən ən çox narazılıq edən, mövsüm bitməmiş "Neftçi”ylə anlaşan Nizami ilə Svanadzenin gedişi zamanı bundan təəssüfləndiyini gizlətməyən Mirhüseynin "partlayış”a qubran getməsi xeylü düşündürücüdü. "Neftçi”nin hamıya uduzan "Keşlə”dən oyunu "almağa” ehtiyac var idimi?” sualının cavabı kimi... 
 
Ümid edək ki, bu sualların hamısının cavabı tezliklə aydınlaşacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->