Cəlil Cavanşir
İllər sonra Ramiz Rövşənlə bağlı qadağalar götürüldü. Köhnə şeirlərdən ibarət yeni kitab, ondan əvvəl uşaq kitabları, oxucularla səs-küylü görüş, izdihamlı kitab təqdimatı, televiziya proqramı və kütlənin görə bilmədiyi bir çox şeylər.
Ramiz Rövşən kütlənin sevdiyi şairdir, kütlənin dilində danışa bilən intellektualdır. Cəmiyyət üçün lazımlı və faydalı ziyalıdır. Bunu ağlı kəsən hər kəs bilir. Bəs illərlə niyə insanlardan uzaq tutulurdu? Mən inanmıram ki, Ramiz Rövşən qaçırdı, gizlənirdi. Tədbirlərdə də, efirdə də onun danışmağa, oxucularla ünsiyyətə girməyə necə təşnə olduğunu gördük.
Yığcam dost məclislərində də müşahidə etmişəm, Ramiz Rövşən bilgilərini, oxuduqlarını, baxdıqlarını ballandıra-ballandıra danışmağı, ətrafdakı insanlara böyük şair olduğunu isbat etməyi sevir. İllərlə bu erudit intellektualı arzuladığı kütlədən, oxucudan, tamaşaçıdan niyə uzaq saxlayırdılar? Azca fəhmi olan istənilən səlahiyyət sahibi Ramiz Rövşənin "tıxsız balıq" olduğunu çox gözəl bilir.
Və qayıdış. Ramiz Rövşəni "Motodrom" mitinqində "Adamların zayı çıxıb / adamları yemək olmur" pafosuyla xatırlayanlar artıq qocalıb. Artıq Ramiz Rövşən hökumətin ziyalıya olan qayğısını canlı-canlı təcəssüm etdirə bilər. Çünki onun ətrafında hər zaman böyük şair olduğunu hayqıran bir dəstə adam olub. Artıq hakimiyyətə məhz o adamlar da lazımdır. Artıq qocalmış və enerjisini tükətmiş Ramiz Rövşən lazımdır sənətə qayğını göstərmək üçün.
Son proseslər göstərir ki, kütlənin qılığına girmək lazımdır. Kütlənin sevdiyi adamlara gözlə görülən qayğıya ehtiyac var.
Amma şəxsən mən Elmar Hüseynovun, Rafiq Tağının öldürüldüyünü, Adil Mirseyidin xəstəliyə tərk edildiyini, Eyvaz Əlləzoğlunun ehtiyac içində ürəyi dayandığını, Şaiq Vəlinin körpələri ilə aclıq etdiyini, bacısının evində xəstəlikdən can verdiyini unutmamışam.
Ramiz Rövşənə yaşıl işıq yandırmaq asandır, illərlə susmuş adamdır, indi şeirdən-zaddan danışacaq, dar çevrələrdə də başını dik tutub etirazçı obrazında qəhrəmanlıq edəcək.
Sənətə qayğının, ədəbiyyat adamına dəstəyin bu forması yenə də kimlərinsə yerini möhkəmləndirməyə xidmət edir.
Artıq hakimiyyəti əldə saxlamağın yeni strategiyası və metodları tətbiq olunur.
Bütün bu səs-küyün giriş cümləsi də düşünülüb "Şah sağ olsun!"
Şərhlər