Xəbər lenti

Rasim Əliyev haqqında iş yoldaşlarının təəssüratları - FOTOLAR
Ölkə 17:35 10.08.2015

Rasim Əliyev haqqında iş yoldaşlarının təəssüratları - FOTOLAR

Avqust ayının 8-də jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülüb. Elə həmin vaxt xəstəxanaya yerləşdirilən jurnalistin vəziyyəti  gecə saatlarında pisləşib, ona dərhal cərrahiyyə müdaxiləsi olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

İş yoldaşımızın hansı səbəbdən - yəni həkim səhlənkarlığı, yoxsa vurulan zərbələrin daha kəskin olması səbəbindən vəfat etməsi araşdırılır. Bununla əlaqədar olaraq mərhum jurnalisti əməliyyat edən həkim heyəti, o cümlədən professor Saday Əliyev istintaqa cəlb olunub. 

Artıq məsələ ilə əlaqədar ölkə başçısı İlham Əliyev bu işi şəxsi araşdırılması ilə əlaqədar lazımi orqanlara tapşırıq verib. 

Rasimin itkisi bütün yaxınlarına, əzizlərinə təsir etdiyi kimi birgə işlədiyi yoldaşlarına, gününün əksər hissəsini keçirdiyi həmkarlarına da pis təsir edib, hər kəs möhkəm sarsıdıb. 

Rasim Əliyevlə bağlı iş yoldaşlarımın təəssüratlarını təqdim edirim:

ANN.Az xəbər portalının Azərbaycan bölməsinin baş redaktoru Zahir Əzəmət Rasimi əvvəllər qiyabi tanıdığını deyib: "Tale elə gətirdi ki, həm də iş yoldaşı olduq. Qısa müddətdə istedadı, intizamı və zəhmətkeşliyi ilə kollektivin aparıcı üzvlərindən birinə çevrildi. Onun qətli bir çoxları kimi məni də sarsıtdı. Ümid etmək istəyirəm ki, bu işdə əli olan hər kəs layiqli cəzasını alacaq və almalıdır. Rasimin qanı yerdə qalmamalıdır.” 

Xəbər portalının Azərbaycan bölməsinin redaktoru Cavid Ramazanlı Rasim haqqında fikirlərini bildirərkən deyib: "İnsanın hər gün gözünün qarşısında olan adamın qəfildən yoxa çıxması ağır hissdir. İşə gəlirsən və başa düşürsən ki, daha heç vaxt Rasimi görməyəcəksən. Rasim bir həmkardan, iş yoldaşından başqa, sözün əsl mənasında yaxşı oğlanıydı. Onunla işləmək, söhbət etmək, zarafatlar etmək adama müsbət enerji verirdi. Belə bir rahat və daxilən azad adamla bir komandada işləmək gözəl bir təcrübəydi. İnsan itkisini heç nə ilə əvəzləmək mümkün deyil. Bütün sözlər, bütün müqayisələr yetərsiz qalır. Böyük itkidir. Ailəsinə, valideynlərinə, istəklisinə, dostlarına və yaxınlarına baş sağlığı verirəm, səbr və təmkin diləyirəm. Hamımızın başı sağolsun.” 

ANN.Az-ın Azərbaycan bölməsinin redaktoru Aynur İmanova: "Rasimlə haqqında ilk təəssüratım məni aldatmamışdı - tərbiyəli və nəzakətli olmasına görə ona xüsusi hörmətim yaranmışdı. 

Montaj elədiyi növbəti videolarının birində yanlışlıq var idi. Daha doğrusu, hər bir hazırlanan süjetin sonunda müəlliflər qeyd olunur və Rasimin imzasının belə getmişdi: "Rasim Əiyev". Rasimə müraciət edərək bu səhvinin düzəldilməsini istədim. O, mənə təşəkkür edərək bildirdi ki, diqqətindən qaçıb və dərhal düzəldər. 

Daha sonra da dəfələrlə ayrı-ayrı mövzularla bağlı Rasimlə ünsiyyətdə olurdum və hər dəfə onun necə mədəniyyətlə,  necə mehribancasına cavab verməyi məni razı salırdı. O, özünə ən qısa ünsiyyətdən belə hörmət qazandıra bilən adamlardan idi. 

Telefonumda vəfat edən, rəhmətə gedən xeyli adamın adı var ki, onları silməyə əlim gəlmir. Elə bilirəm ki, silsəm, həyatımdan da çıxaracam onları, unudacam. Amma sosial şəbəkədə ilk dəfə belə halla qarşılaşdım. Rasimin indi sahibsiz qaldığı profilindən gələn mesajları göz yaşı tökmədən oxumaq mümkün deyil. 

Biz sənin toyuna hazırlaşmalı idik, sevincini paylaşmalı idin bizimlə. 

Bağışla qardaş, səni qoruya bilmədik. Biz hamımız sənin də, səndən əvvəl günahsız yerə öldürülənlərin də qarşısında günahkarıq. Ən azından bu mühiti dəyişə bilməməyimizə görə, buna gücümüz yetmədiyinə görə, ölkədə vəziyyətin günü gündən pisləşməsinə dözüm göstərdiyimizə görə...”

Xəbər portalının Azərbycan bölməsinin jurnalisti Orxan Aslanlı vuğulayıb: "Heyif Rasim, çox heyif. Rasim həmişə mənə deyirdi, amma bu dəfə mən bu sözləri təkrarlamaq məcburiyyətindəyəm: "Əsas ürəkdi, qalan şey boşdur”. Sənin haqqında yazmağa adamın əli gəlmir. Bax, sözümün bitdiyi yer məhz budur. Sən bizə bu anı yaşatdın, Rasim. 

Xəbər portalının Azərbaycan bölməsinin jurnalisti Tofiq Əli Rasim Əliyev haqqında fikirlərini bildirərkən qeyd edib ki, onu xoşxasiyyətli, sakit təbiətli bir adam kimi tanıyıb: "Böyük itkidir. Allah rəhmət eləsin! Hələ də inanmaq olmur.” 

Mərhumun iş yoldaşı ANN.Az xəbər portalının rus bölməsinin baş redaktor müavini Samir Ələkbərov Rasim Əliyev haqqında təssüratlarını belə bölüşüb: "Çox yaxşı bir insan idi. Öz sənətinin ustası idi. Bizim kollektiv üçün bu böyük bir itkidi. Allah rəhmət eləsin, ailəsinə səbr versin!”

Xəbər portalının rus və ingilis bölməsinin jurnalisti Rüstəm Qasımov Rasim haqqında hazırda fikir söyləməyin çətin olduğunu deyib: "Qısa müddət idi ki, Rasimlə bir yerdə işləyirdik.  Amma bu vaxt ərzində kollektivdə həmişə özünü yaxşı göstərib və çox mehriban bir insan olub. Həmişə onu öz sözünü deyən bir insan kimi tanımışam. Bundan başqa Rasim çox etibarlı dost olub. Bizim üçün çox böyük itkidir. Mən deyərdim ki, nəinki bizim üçün, ümumiyyətlə xalqımız üçün bu bir itkidir. Allah rəhmət eləsin. Kim günahkardırsa, öz cəzasını alsın”.

Xəbər portalının rus bölməsinin jurnalisti Fəridə Alıyeva Rasim haqqında təəssüratlarından danışarkən deyib: "Rasim mənim ən yaxın dostumdu. Onun haqqında keçmiş zamanda yazmaq istəmirəm. Həmişə də belə qalacaq. O dar günün dostudur. Həmişə çətin zamanlarda yanımda olub. Rasim çox saf, dürüst, vicdanlıdır. Heç vaxt heç kimin xətrinə dəymir, xətrinə dəysə bələ həmin an könlünü almağa çalışır. Çox vaxt evə də bir yerdə gedirik. Həmişə mənə ehtiyatli ol deyir. Amma özü ehtiyatli olmadı”.

Xəbər portalının foto-operatoru Fərqanə Novruzova Rasim Əliyev haqqında fikirlərinin bildirərkən qeyd etdi ki, Rasim 2009-cu ildən -  RATİ-də ilk əmək fəaliyyətimə başlayan gündən tanıyıb: "Məndən öz köməyini, qayğısını əsirgəmirdi. Kollektivdə yeni idim, bilmədiyim o qədər iş vardı ki... Əgər bu gün işimə, çəkdiyim reportajlara görə təqdir olunuramsa, bunda Rasimin, kollektivdəki əməkdaşların əməyi danılmazdır, bunu hər zaman da deyirəm. Həqiqətən də çox ağırdır nə isə yazmaq. Əslində yazası, deyiləsi sözüm çoxdur onun haqqında, o indi mənim üçün dəyərli olmayıb ki... Dünən məni qınayan həmkarlar oldu ki, "sən niyə heç nə çəkmədin?” 

Mənim əlim qalxmadı o aparatı əlimə almağa, bəlkə də həyatımda ilk dəfədir ki, onu əlimə almaq istəmədim. Məni tanıyan həmkarlar bilirlər ki, mitinqlərdə, tədbirlərdə, iş yerimizin özündə uşaqların maraqlı şəkillərini çəkməyi sevirdim. Baxıram, bütün dostlar, həmkarlar mənim vaxtilə çəkdiyim fotolarını paylaşıblar. Bu mənə o qədər təsir edir ki. Axı mən onları bu gün üçün çəkməmişdim. Həmişə hər yerə gecikən, ölümə tələsən dostum, həmkarım, sözün bütün mənasında əsl insan.” 

ANN.TV-nin operatoru Aynur Məmmədova Rasim Əliyev haqqında təəssüratlarını bölüşərkən bildirdi ki, o, yaxşı iş yoldaşından başqa çox yaxşı yol yoldaşı, dost olub: "Rasimi 2010-cu ildə necə tanıyırdımsa, son günə kimi elə qaldı. Rasim dediyindən dönməzdi, haqlı olduğu məsələdə axıra kimi haqqını tələb edərdi. Son ildə Rasim evlənməyi düşünürdü. Məndən soruşurdu ki, nişana nələr lazımdır? Nə qədər xərc çıxır? Rasimi öldürən şərəfsizlər ən ağır zərbəni onun nişanlanacağı qıza vurdular. Allah Rasimə rəhmət, onun döyərək öldürənlərə isə bəla versin”. 

ANN.TV-nin operatoru Rusif Hüseynov Rasimi gülərüz, səbirli, düzgünlük tərəfdarı olan bir insan kimi tanıdığını söylədi: "Birgə çəkilişlərə getdiyimiz vaxt bir çox həyata keçirmək istədiyi planı olduğunu anladım. Çox heyif həyata keçirə bilmədi. Hələ də Rasimin bizimlə olmamasına, dünyasını dəyişməsinə inana bilmirəm. Həyat çox qəribədir , 5-ci gün gördüyüm insan 1-ci gün artıq yoxdu və mənim montajda olan səhvlərimi düzəldən, kadrların necə çəkilişə daha yaxşı olacağını deyen insan artıq yoxdur. ALLAH rəhmət eləsin! Ailəsinə baş sağlığı və ALLAHdan səbr diləyirəm...” 

ANN.TV-nin operatoru Şahpəri Abbasova Rasim barədə fikirlərini bölüşərkən bildirib ki, bugün səhər yadına Rasimin bu sözü düşüb: "Rasim həmişə mənə deyirdi sən tanıdığım yeganə qaxlısan ki sənin danışığını başa düşmək olur. Axırıncı dəfə çəkilişdə olanda o qədər lətifə danışmışdı ki, dedim xəbərin var, biz heç nə çəkməmişik. Deyir özün bacarmırsan, bəhanəni anektotda görürsən?” 

ANN.TV-nin jurnalist-operatoru Babək Mirzəzadə mərhum jurnalist Rasim Əliyev haqqında fikrilərinin bizimlə bölüşərkən bildirib: "Rasim, əziz qardaşım sən haqsızlığın, bu dövlətdə yazdığın azad fikirin qurbanısan. Son çəkilişinə mənimlə birgə Respublika stadionuna getmişdik. "Qarabağ”ın baş tutacaq oyununa, qara bazarda satılan biletlərin elə kassaların qarşısında polislərin gözü qarşısında satıldığını görüb çəkmişdin. Sən hər zaman həqiqəti göstərməyə can atırdın. Kassaya yaxınlaşıb mənə də bilet almağını və bir yerdə getməyinizi istəmişdin. Mən isə müəyyən səbəblərdən gedə bilməyəcəyimi demişdim. İndi çox peşmanam, sənin yanında olub səni bir neçə saatda olsa çox görə bilərdim. Nur içində yat, əziz qardaşım”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->