"Hesab edirəm ki, rayonlar və Bakı arasında gediş-gəliş tənzimləmələri üçün indiki halda Operativ Qərərgahın təklif etdiyi üsul təkmil deyil və qüsurludur".
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun fikrincə, ötən gün Operativ Qərargahın rayonlarla Bakı arasında gediş-gəlişlə bağlı verdiyi qərarda göstərilənlər doğru yanaşma deyil:
"Ötən gün Operativ Qərargah rayonlara və Bakıya gediş-gəlişdə əvvəlki avtomatlaşdılrılmış (portal vasitəsilə) icazə sisteminin ləğv edildiyini bildirib.
Eyni zamanda xidməti vəsiqə ilə də hərəkət etmək mümkün olmayacaq. İndi bu cür icazə ezamiyyə vərəqələri əsasında, polis postlarında kustar formada yoxlamaqla tənzimlənəcək. Ezamiyyə vərəqələrini də dövlət və özəl qurumlar verə bilər.
Düşünürəm ki, bu, doğru yanaşma deyil. Həm də ona görə təəccüblənirəm ki, görən nə əcəb indiyədək Operativ Qərargah, ASAN və TƏBİB bununla bağlı normal bir rəqəmsal həll hazırlaya bilməyiblər. Ötən gün təklif olunan ezamiyyə üsulu, fikrimcə, xeyli əlavə problemlər üzə çıxacaq, saxta ezamiyyələr yazılacaq və bu sahədə qeyri-şəffaf mühit formalaşacaq. Prosesə nəzarət etməli olan qurumların da işi çərtinləşəcək.
Rüşvət və korrupsiya riskləri artacaq. Düşünürəm ki, daha ağlabatan variantlar fikirləşmək olardı".
Osman Gündüz hesab edir ki, indiki yumşalma çərçivəsində rayonlara və Bakıya sərbəst gediş-gəlişi xeyli yumşaltmaq, əsasən bərpa etmək doğru olardı:
"Yalnız yoluxması təsdiqlənənlərə, müvafiq testlərin nəticələrinə əsaslanaraq məhdudiyyətlər tətbiq olunması məntiqli olardı. Düşünürəm ki, buna nəzarəti də rəqəmsal həllər vasitəsilə gerçəkləşdirmək olardı. İstənilən halda, vətəndaşların kütləvi hərəkətlərini tənzimləmək üçün rəqəmsal həllərə söykənən tənzimləmələr tətbiq etmək daha doğru yanaşmadır. Hansı ki ASAN-nın əvvəlki SMS və icazə həlləri daha uğurluydu".
Bahar Rüstəmli
Şərhlər