Xətai rayonunun keçmiş rəhbərinin korrupsiya əməlləri araşdırılır; onun rayon ərazisində etdiyi qanunsuzluqlar incələnir, əmlakının milliləşdirilməsi prosesi aparılır...
Xətainin sabiq icra başçısı Razim Məmmədov istintaqa cəlb olunub. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Razim Məmmədov əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işinin araşdırılması zamanı toplanmış materiallarla bağlı sorğu-sual olunur. Qeyd edək ki, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə istintaq aparılıb, ittiham irəli sürülüb. Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X.Məmmədovun cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxinasiyaları istintaq obyektidir. Razim Məmmədov başçı olduğu dövrdə haqqında ən çox etiraz, tənqid yayılan məmurlardan olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırılandan sonra belə xəbərlər yayılmışdı ki, ən yüksək dairlərə minnətçi düşüb və həmin posta təyinat almağa çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Əmisi oğlunun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsi də bu baxımdan təsadüfi deyil.
Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı postuna gəldiyi gündən rayonda az qala hər gün ağaclar kəsilib, yaşıllıqdan təmizlənən yerlər isə kvadrat metrlə satışa çıxarılıb. Bunu sübuta yetirmək o qədər də çətin deyil. Sadəcə olaraq Xətai rayonuna baş çəkmək kifayətdir.
Bu gün də Xətai sakinləri Razim Məmmədovun əlindən dad edirlər.
Belə şikayətlərin fonunda Razim Məmmədov dəbdəbəli həyatını da gizlətməyib. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərində avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. "Porsche Panamera” markalı bu avtomobil Bakıya 2010-cu ilin sonlarında gətirilmişdi. Həmin günlərdə Avropa bazarlarında satışa çıxarılan bu avtomobillər elə də ucuz və tez tapılan mal deyildi. 2010-cu ilin sentyabrına olan məlumata görə, indiyədək bütün dünyada cəmi 25 min belə maşın var. "Xetçbek” sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişirdi. O dövrdə icra başçısının oğlunun cəmi 16 yaşı vardı.
Razim Məmmədovla bağlı yayılmış başqa bir informasiyada isə onun bir oturuma 5 kiloqram kabab yeməsi ilə bağlı idi. Belə ki, təxminən, 5 il öncə bununla bağlı www.musavat.com saytında oxuculara "Bir oturuma 5 kilo kabab yeyən icra başçısı kimdir?” adlı yazı yayımlanmışdı. Yazıda Razim Məmmədovu tanıyan şəxslər onun bir oturuma 5 kilo kabab sifariş edib yeməsindən danışmışdılar...
Razim Məmmədovun iştahı hər mənada geniş idi. Ona qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrlə, həm də 1 sotun qiymətinə satırdı. Bu "biznesi” Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi. Xətai rayonunun sabiq icra başçısı ilə bağlı mətbuatda dərc olunanlar bununla bitmir. Lakin ən maraqlısı odur ki, Razim Məmmədov vətəndaşı dəlixanaya saldırmaq istəyib, uşaq bağçasının yerində restoran tikdirməyi planlaşdırıb və sairə. Qeyd edək ki, Xalid Məmmədov Xətai rayonu ərazisində tikintilərə nəzarət edib. Ona bu vəzifəni qeyri-rəsmi olaraq Razim Məmmədov tapşırıb. 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC-lərin qeyri-rəsmi başçı məhz Razim Məmmədov olub. Razim Məmmədov həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn, 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilib. Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşirdi. Uşaq baxçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının "Samir Ağdülü” MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. "Samir Ağdülü” Xətai rayonunda baxça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib.
2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri - çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin də məhz həmin MMC satın alıb. Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC İcra Hakimiyyətinin Mənzil Fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 min 998 manat qazanıb.
Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC İcra Hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb. Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat. Ötən il mətbuat bu məsələni aradırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı. Xətai rayonunu az qala qarış-qarış söküb-tikən "Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda "Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.
"Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Onun vəzifədən azad edilməsindən 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz. Sabiq başçının korrupsiya cinayətlərinə görə istintaqa cəlb olunması onun əmlaklarının "milliləşdirilməsi”nə də yol açması iddiası var...
Mənbə: Musavat.com
Şərhlər