Dünya 14:50 30.11.2023

"Realpolitik"in ulduzu. 100 yaşında dünyasını dəyişən Kissinceri dünya necə xatırlayacaq?

2023-cü ilin yazında yüz illiyini qeyd edən əfsanəvi amerikalı siyasətçi, diplomat və alim, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Noyabrın 29-da vəfat edib.

NV həyatının son günlərinə qədər cari dünya hadisələrinin nüfuzlu şərhçisi kimi qalan Kissincerin həyatını və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı həmişə aydın olmayan mövqeyini xatırladır.

Qaçqın

Haynts Alfred Kissincer 27 may 1923-cü ildə Bavariyanın Fürth şəhərindən alman yəhudilərinin ailəsində anadan olub. Atası məktəb müəllimi, Haynts və onun kiçik qardaşı Valteri böyüdən anaları isə evdar qadın olub. 

Uşaq ikən gələcək diplomatın futbola böyük marağı olub. O, yerli klubun uşaq bölməsində məşq edirdi və böyüklər komandasının oyunlarını buraxmırdı. 30-cu illərin ikinci yarısında hobbi risklə çevrildi. Hitlerin irqi qanunlarına görə yəhudilərin stadionlara girişi qadağan edildi. Haynts və dostları gizli şəkildə matçlara yollanır, bəzən təhlükəsizlik əməkdaşları tərəfindən təqib olunurdu.

1938-ci ildə böyük Kissincer məktəbdən qovulur və ailə Nyu Yorka mühacirət edir. Hayntsı yerli dilə uyğun olaraq Henri adlandırılmağa başladılar, soyad isə "Kissincer"ə çevrildi. "Gəncliyimin Almaniyasında çox nizam-intizam, çox az ədalət var idi" deyə xatirələrində uşaqlığı haqqında acı bir şəkildə yazırdı.

Amerikada gənc Henri axşam məktəbində oxuyurdu, günortalar isə təraş fırçaları istehsal edən fabrikdə işləyirdi. Kissincer, kollecə mühasibat uçotu ixtisası üzrə qiyabi kursa qəbul olunduqdan sonra da işləməyə davam edirdi. Lakin o, təhsilini başa vura bilmədi - İkinci dünya müharibəsi başladı.
 


Denasifikator

1943-cü ilin yayında Cənubi Karolinada hərbi düşərgədə olarkən Henri Kissincer ABŞ vətəndaşlığını alır. 1944-cü ildə cəbhəyə yollanıb, Arden əməliyyatında iştirak edib. Komandanlıq kəşfiyyatçı Kissincerin zəkasını və alman dilini mükəmməl bildiyini qeyd edib. Məhz buna görə o, Krefeld şəhəri amerikalılar tərəfindən ələ keçirildikdən sonra hərbi administrasiyasının rəhbəri təyin edilib.

Kissincerə həmçinin Hannoverdə gestapo zabitlərini və diversanlarını ovlayan komandaya rəhbərlik etmək tapşırılıb və buna görə o, Bürünc Ulduzla mükafatlandırılıb. 1945-ci ilin iyununda, artıq çavuş rütbəsi ilə, Benshaym şəhərinin komendantı təyin edilib. Onun vəzifələrinə bölgənin denasifikasiyası daxil idi. Komendantın mütləq hakimiyyətə və həbs səlahiyyətlərinə malik olmasına baxmayaraq, Kissincer yerli əhaliyə qarşı sui-istifadələrdən qaçmağa çalışırdı, onun bioqrafı Valter İsaakson yazır.

"Bütün ləyaqətli insanlar kəşfiyyatdan başlayıblar. Mən də”, - Kissincer xidməti haqqında zarafatla xatırlayıb. 

Rokfellerin himayəsi altında

Henri Kissincer 1950-ci ildə Harvard Kollecində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. Onun "Tarixin mənası: Şpenqler, Toynbi və Kant haqqında düşüncələr" adlı diplom işi 388 səhifədən ibarət olub. Bu, universitetin mütləq rekordu idi. Bundan sonra Harvard diplom işlərin 35 min sözlə məhdudlaşdırıb.

O, Harvard Universitetində magistr və fəlsəfə doktoru dərəcələrini alıb və Dövlət idarəetməsi kafedrasında işləməyə qalıb.

Napoleon müharibələri zamanı Avropaya həsr olunmuş elmi əsərlərdə və kitablarda Kissincer "legitimlik” terminindən fəal şəkildə istifadə edib və bu ifadə onun sayəsində geniş yayılıb. 

Onun fikrincə, bütün böyük dövlətlərin qəbul etdiyi beynəlxalq nizam, "legitimdir”, bir və ya bir neçə böyük dövlət tərəfindən qəbul edilməyən qayda isə "inqilabi” və buna görə də təhlükəli olur. Müəllif legitimliyi ədalət və əxlaqla qarışdırmamağı xahiş edib: "Bu, effektiv sazişlərin mahiyyəti və xarici siyasətin məqbul məqsəd və metodları haqqında beynəlxalq razılaşmadan başqa bir şey demək deyil”.

1960-cı illərdə Kissincer artıq xarici siyasət və strateji təhlükəsizlik üzrə tanınmış ekspert hesab olunurdu. Həmin illərdə onun dostu və himayədarı ABŞ-ın ən zəngin ailəsinin varisi Nelson Rokfellerin idi, o, Nyu-York qubernatoru vəzifəsində çalışmış və iki dəfə (1964 və 1968-ci illərdə) Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini irəli sürmüşdür.

1968-ci ildə Respublikaçıların praymerizləri zamanı Kissincer Rokfellerin xarici siyasət üzrə müşaviri vəzifəsində çalışıb. O, Riçard Niksonu "prezidentliyə namizəd olan insanların ən təhlükəlisi” adlandırıb. Nikson namizəd olduqdan sonra əsəbiləşən Kissincer tezliklə Niksonun kampaniyası ilə əlaqə saxlayıb və respublikaçıların qələbə qazanması üçün hər şeyi edəcəyini söyləyib. 1969-cu ilin yanvarında prezident olduqdan sonra Nikson Kissinceri milli təhlükəsizlik müşaviri təyin edib.

Bu, onun Rokfellerlə dostluğuna təsir etməyib. Diplomat ailə fondunun idarə heyətinə daxil olub və Rokfellerlərə məxsus Chase Bankın idarə heyətinin müşaviri olub.
 


İki stulda

1969-1977-ci illər - Henri Kissincerin karyerasının ən çiçəklənən vaxtıdır, onun təbliğ etdiyi "Real politik” (real siyasət) prinsipi Ağ Evdə hökmranlıq edirdi. Onun mahiyyəti - ABŞ üçün xarici siyasət səmərəsini əldə etmək naminə istənilən xarici liderlərlə, hətta "adamyeyən” reputasiyası olan şəxslərlə də tabu mövzularının və ünsiyyət tabularının rədd edilməsidir.

Kissinger və Nikson pərdə arxası danışıqlara böyük əhəmiyyət verirdilər; Niksonun birinci prezidentliyi dövründə Dövlət Departamentinə qərarların qəbulunda ikinci dərəcəli rollara həvalə edilib.

"Onlar gözəl cütlük idi. Müəyyən mənada onlar bir-birini mükəmməl şəkildə tamamlayırdılar”, – tarixçi Devid Rotkopf bu duet haqqında yazır. - Kissincer dünyavi insan idi, o, intellektual istebleşmentin incəliyini və respektabelliyini təcəssüm etdirirdi. Bütün bunlara xor baxan, eyni zamanda buna heyran olan Niksonda bu çatışmırdı. Kissincer dünya vətəndaşı idi. Nikson klassik amerikalı idi. Kissincerin dünyagörüşü və onu dövrün tələblərinə uyğunlaşdırmaq bacarığı, Niksonun isə praqmatizm və strateji baxışı var idi, bütün bunlar onların siyasətlərinin əsasını təşkil edirdi”.

Niksonun yenidən seçilməsindən sonra Kissincerin xarici siyasətə təsirinin rəsmiləşdirilməsi qərara alındı. 1973-cü ildə müşavir həm də Dövlət Departamentinin rəhbəri təyin olundu. Bu, tarixdə belə vəzifələri eyni vaxtda icra edən ilk hal idi və Kissincer həm də ABŞ-dan kənarda doğulmuş ilk dövlət katibi oldu (ikinci və indiyə qədər sonuncu Madlen Olbraytdır).

Hətta Niksonun Uotergeyt qalmaqalı nəticəsində istefa verməsi də Dövlət Departamentinin rəhbərinin vəzifəsinə təsir etməyib. Üstəlik, Nelson Rokfeller Ağ Evin yeni rəhbəri Cerald Fordun prezidentliyi dövründə vitse-prezident oldu.

Kissincer 1975-ci ilin payızına qədər, milli təhlükəsizlik müşaviri vəzifəsi general Brent Skoukrofta verilənə qədər iki vəzifəni icra edib. 1977-ci ildə prezident seçkilərində respublikaçı Fordun məğlubiyyəti və demokrat Cimmi Karterin administrasiyasının gəlişi ilə əlaqədar olaraq dünyanın ən "güclü diplomatı” Henri Kissincer istefa verib.

Nobel mükafatı laureatı və "qatil”

70-ci illərdə Kissinger dünyanın müxtəlif ölkələrində siyasətçilər və diplomatlarla çox sayda görüşlər keçirib. Bəzən danışıqlar çox uzun müddət davam edib, məsələn, 1973-cü ildə Suriya prezidenti Hafiz Əsədlə danışıqlar kimi. Söhbət qrafikdən 6 saat artıq uzananda hətta ABŞ dövlət katibinin Suriya kəşfiyyat xidmətləri tərəfindən oğurlanması ilə bağlı şayiələr yayılıb.

Elə həmin il Dövlət Departamentinin rəhbəri Vyetnamda müharibəninin dayandırmasını nəzərdə tutmuş Paris Sülh Sazişinin hazırlanmasında iştirak edib. Nobel Komitəsi Kissincerə və vyetnamlı siyasətçi Li Dık Thoya Sülh Mükafatı verib. Vyetnamlı siyasətçi döyüşlərin davam etdiyini əsas gətirərək onu qəbul etməkdən imtina edib. Amerikalı mükafatı qəbul edib, lakin mükafatın təqdimat mərasiminə gəlməyib, pulu xeyriyyə fonduna  bağışlayıb. 

"Biz Nobel Sülh Komitəsinin pərdə arxasında nə baş verdiyini bilmirik, lakin mükafat Kissincerə verildikdən sonra Norveç komitəsinin iki üzvü etiraz əlaməti olaraq istefa verib”, - o vaxt BBC yazıb.

1971-1972-ci illərdə ABŞ və Çin arasında münasibətlərin tarixi "istiləşməsinin” və Niksonun Çinə səfərinin təşkilinin arxasında məhz Kissincer dayanıb. O, Pekini SSRİ-yə qarşı mühüm əks-güc hesab edirdi. Kissincer Tayvanı Çinin bir hissəsi kimi tanımağa və ABŞ qoşunlarını adadan çıxarmağa razılaşıb, bu da diplomatik istebleşmentin, o cümlədən ABŞ-ın BMT-dəki səfiri Corc H.V.Buşun (ölkənin gələcək prezidenti) mövqeyinə ziddi idi.

Dövlət katibi Çili və Argentinada hərbi çevrilişlərdə iştirakda ittiham olunurdu, çevrilişin qurbanları devrilmiş hökumətləri dəstəkləməkdə şübhəli bilinən mülki şəxslər idi. 2001-ci ildə çilili general Rene Şnayderin ailəsi Kissinceri öz qohumunun oğurlanması və öldürülməsində əli olduğunu bildirirək ona qarşı iddia qaldırıb. İş ABŞ-ın Kolumbiya Dairə Məhkəməsi tərəfindən dayandırılıb, bir neçə il sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi general Şnayderin oğurlanmasında öz rolunu etiraf edib, lakin onun qətlində rolunu rədd edib. 

70-ci illərin ortalarından Yunanıstandakı Kissincer türk qoşunlarının Şimali Kiprə hücumunun günahkarı hesab olunurdu. Bir neçə ay ərzində Yunanıstan şəhərlərində keçirilən mitinqlərdə insanlar "qatil” sözü yazılmış Dövlət Departamenti rəhbərinin portretlərini qaldırırdılar. 
Ədalət naminə, Kissinger heç vaxt "Real politik”in 100% işlədiyini iddia etməyib. Onun məhşur zarafatı yada düşür: "Gələn həftə heç bir böhran ola bilməz. Görüş cədvəlim tamamilə doludur”.
 


Yoldaş Kissincer

Nikson administrasiyası Çinlə gizli antisovet ittifaqı qurarkən, eyni zamanda Sovet İttifaqı ilə tərksilah danışıqlarında irəliləyiş əldə edib. 

Ənənəvi olaraq prezident və dövlət katibi pərdəarxası üsullara üstünlük verirdilər. Onlar SSRİ-nin Vaşinqtondakı səfiri Anatoli Dobrıninlə gizli əlaqə kanalı yaradıblar. Görüşlər bəzən qeyri-rəsmi şəraitdə keçirilib. Sovet diplomatı təqaüdə çıxdıqdan sonra Kissinceri tez-tez şahmat oynamağa dəvət edib, lakin o, nəzakətlə bundan imtina etdiyini xatırlayır. 

Siyasi Büroda bu görüşlərdən az adam xəbərdar idi və Dövlət Departamenti və Pentaqon son mərhələdə Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin (SALT I) təfərrüatlarını açıqladı.

Raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında sazişlər, Bioloji Silahların Qadağan edilməsi haqqında Konvensiya və strateji hücum silahlarının azaldılmasına dair çərçivə sazişləri (gələcək START 1, 2, 3) də imzalanıb. Nikson iki dəfə Moskvaya səfər edib.
Kissincer 1975-ci ildə Helsinkidə Gerald Ford və Leonid Brejnev arasında aparılan danışıqlarda da əsas fiqurlardan biri olub və Sovet lideri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktını imzalayıb.

Kissincerin həmin illərdəki "məkik diplomatiyasının” mövzularından biri yəhudilərin SSRİ-dən mühacirəti idi. ABŞ-ın demokratik müxalifəti, çoxsaylı insan haqları təşkilatları, eləcə də İsrail yəhudilərin ölkəni tərk etməsi ilə bağlı Moskvaya təzyiqlərin artırılmasını tələb edib. Lakin yəhudi Kissincer bu məsələdə Sovet İttifaqına təzyiqin əleyhidarı olub, onun fikrincə, sovetlərlə "istiləşmə” siyasəti yəhudi məsələsindən daha vacibdir. 

1973-cü ilin martında İsrailin baş naziri Qolda Meirlə görüşdən sonra Niksonla söhbətində dövlət katibi bildirib: "Yəhudilərin Sovet İttifaqından mühacirəti Amerikanın xarici siyasətinin məqsədi deyil və hətta SSRİ yəhudiləri qaz kameralarına salsa belə, bu Amerikanın narahatlığına səbəb olmamalıdır. Ola bilsin ki, yalnız humanitar nöqteyi-nəzərdən.”

"Keçmişdən çıxdı": Kissincerin Ukrayna və Rusiya haqqında dedikləri

Kissincer 1977-ci ildə hökumət ofisini tərk etdikdən sonra ona Kolumbiya Universitetində müəllim vəzifəsi təklif olunub. Lakin tələbələr kafedrada diplomatın işləməsinə qarşı çıxıblar.

Bir neçə il sonra o, geosiyasətin aktual məsələləri ilə məşğul olan "Kissinger Associates” konsaltinq firmasını təsis edib.

Onu dövlət sektoruna qaytarmaq üçün yeganə cəhd 2002-ci ilə təsadüf edir. O vaxt prezident kiçik Corc Buş veteran diplomatı 11 sentyabr terror aktı ilə bağlı yeni komissiyaya rəhbər təyin edir. Konqres "Kissinger Associates”in müştərilərinin siyahısını tələb edir, lakin Kissincer onu açıqlamaqdan imtina edib və iki həftə sonra maraqların toqquşmasını əsas gətirərək istefa verib.

Kissincer təxminən yarım əsri xatirələr, elmi məqalələr yazmağa və beynəlxalq platformalarda ekspert kimi çıxış etməyə həsr edib. Təcrübəli və iti dilli diplomatın məsləhəti Ağ Evdə asanlıqla dinlənilirdi. 

Amerikalı siyasi şərhçi Norman Ornsteyn 2002-ci ildə yazırdı: "Hətta indi də o, ictimai siyasətdə rok ulduzuna bərabərdir".

2014-cü il göstərdi ki, zaman dəyişdi, amma keçmiş dövlət katibi dəyişmədi. "Washington Post” qəzetində Rusiyanın Ukrayna Krımı ilhaqı mövzusunda yazdığı məqalədə Kissincer Ukraynaya subyekt deyil, dünya siyasətinin obyekti, "Şərq və Qərb arasında körpü” rolunu təyin edib. Amerikalı diplomatın sözlərinə görə, "Ukraynanın müstəqillikdən sonrakı siyasəti aydın şəkildə göstərir ki, problemin kökündə ukraynalı siyasətçilərin öz iradələrini ölkənin itaətsiz və inadkar hissəsinə sırımaq cəhdləri dayanır”.
 


O, həmçinin Ukraynanın NATO-ya üzv olmasının əleyhinə olub.

2016-cı ildə mətbuat keçmiş dövlət katibini Donald Tramp və Vladimir Putin arasında mümkün vasitəçi adlandırıb. Kissincer hesab edirdi ki, Rusiya Federasiyası Donbassda asayişi təmin etməyə qadirdir və sonradan regionda hərbi fəallığı tədricən azaldacaq və Qərb Krımın kimə məxsus olduğu məsələsində güzəştə getməlidir.

Nəhayət, 2022-ci ilin yazında Davosda keçirilən iqtisadi forumda dünya diplomatiyasının veteran Moskvanı "rahatlatmaq” üçün Ukraynaya ərazini verməyi tövsiyə edib. Məlum olub ki, o, hətta Ukraynanın işğalından sonra da Rusiyanı Qərbin potensial mühüm tərəfdaşı hesab edirdi.
Ukrayna prezidenti Volodimir Zelenski 98 yaşlı Kissincerin çıxışına sərt reaksiya verib: "Məsələn, cənab Kissincer uzaq keçmişdən çıxır və deyir ki, guya Ukraynanın bir parçası Rusiyaya verilməlidir. Guya Rusiyanın Avropadan uzaqlaşması olmasın. Belə görünür ki, cənab Kissincerin təqvimində 2022-ci il deyil, 1938-ci ildir və o, Davosda deyil, o vaxtkı Münhendə auditoriya ilə danışdığını düşünür.

O, hər şeyi mükəmməl başa düşürdü və ondan faşistlərdən qaçmaq və ya onlarla döyüşmək əvəzinə onlara birtəhər uyğunlaşmalıyıq ifadəsini heç kim eşitmədi.” 

Ədalət naminə deyək ki, 2022-ci ilin ikinci yarısından Kissincer sübut etməyə çalışır ki, hətta on birinci onilliyinin astanasında belə insanın səhvlərini etiraf etməsi normal haldır. Belə ki, o, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı fikrini dəyişdi. "Bu müharibədən əvvəl mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idim, çünki indi gördüyümüz prosesin başlayacağından qorxurdum. Proses bu səviyyəyə çatdıqda, belə şəraitdə neytral Ukrayna ideyasının artıq mənası qalmır”, – siyasətçi Davos 2023 panellərindən birində videobağlantı vasitəsilə danışarkən deyib.

Keçmiş dövlət katibi əmin idi ki, Ukraynanın öz ərazilərindən imtina etməsi dialoqa başlamaq üçün şərt sayıla bilməz (bunu o, 2022-ci ilin iyulunda ZDF-yə müsahibəsində deyib) - müharibədən əvvəlki ifadələrlə ciddi ziddiyyət təşkil edir.

Eyni zamanda, o, Rusiya Federasiyasının müstəqil dövlət kimi ləğv edilməsinə qarşı çıxıb, çünki bu, onun fikrincə, 15 mindən çox nüvə silahının saxlandığı ərazidə daxili münaqişələrə səbəb ola bilər.

Kissincer sülhə nail olmağın yollarından danışarkən 2023-cü ilin mayında Ukrayna ilə Rusiya arasında danışıqların bu il başlayacağını, Çinin isə vasitəçi rolunu oynayacağını ehtimal edib.

Mənbə: Nv.ua

Tərcümə: Nizami Bağırov
Qaynarinfo