Rəcəb kişinin tərs sualı...

Rəcəb kişinin tərs sualı...

Vüsal Bağır

Tutdu xəbər bir zaman,
Qış yetişib, ay aman!
Yayı keçirmiş hədər,
Yox daha güldən əsər. 
(İvan Krılov, "Cırcırama və Qarışqa”)

Qonşumuz Rəcəb kişi harda məni görər-görməz kimi yapışır yaxamdan:

- Ala məllim, mən ölüm, düzünü de, hansı fəsil yaxşıdır?

Deyirəm heç biri:

Əl çəkmir:

-Niyə?

Cavab verirəm ki:

Qışın soyuğu, şaxtası, sazağı canımızı qızmağa qoymur. Qar yağır, yollar buz bağlayır. Tərpənmək, bir yerə gedə bilmirik. Əriyəndə də, hər yan palçıq olur, üst-başımız da çirkab içində. Yazda allergiya başlayır, asqıraq-öskürəkdən boğuluram, bronxit, astma oluram. Yayda da bürkünün, tərin, ağcaqanad vızıltısından əlindən gözlərimə yuxu getmir. Özümü azdan-çoxdan normal hiss etdiyim fəsil payızdır. Onda da dərslər, semestrlər başladır və nəqliyyatda, metroda basabas əlindən tərpənmək olmur.”.

Narazı-narazı üzümə baxıb başını bulayır:

- Payız nədir a kişi? Sən də fəsil tapdın bəyənməyə!? Xəzri-gilavar nəfəsimizi, yağışlı, palçıqlı küçələr əhdimizi kəsir. Çölə-bayıra da çıxmaq olmur. Heyf deyil yay!?

Söhbətin uzanacağını bildiyimdən, üstəlik də tələsdiyimdən dinmirəm. Söhbətin buradaca bitməsi üçün əlavə sual-filan vermirəm.  Elə bir ayağımı qaçaraq qoyub, aradan çıxmaq istəyirəm ki,  qarşımı Ağsy çayının üzərinə əyilən Kəpəz kimi kəsir.

Qonşu heç bilirsən yayı niyə sevirəm? 

Başımı bulayıb, çiyinlərimi çəkməkdən başqa əlacım qalmır.

Çünki, meyvə-tərəvəz ucuz olur, qiyafə-libas sadələşir. Eləcə şalvar, köynək, şəp-şəplə gününü yola verirsən, vəssalam. Evsiz-eşiksiz də harada istəsə, çöldə, səkidə, skamyada gecələyə bilir. Day kasıba da bundan artıq nə lazımdır? Ay kişi, papağını əyri qoy, şellən də özün üçün.

Bu söhbətdən sonra, bir xeyli qarşılaşmadıq Rəcəb dayıyla. Dünən isə yaşadığım binadan çıxıb, yaxınlıqdakı dayanacağa tərəf addımlayırdım. Yayın tən ortası olmasına baxmayaraq, xəzri səmadakı, alçaqdan sürünən yağış ərəfəli topa buludları bir yerə toplamış, ağlamağa hazırlaşan havanın gözləri sanki dolmuşdu. Nəfəs kəsən istilər səngimiş, havalar bir xeyli sərinləmişdi. 

Birdən hiss etdim ki, Rəcəb kişi yolun kənarında dayanaraq diqqətlə mənə göz qoyur. Baxdım, sözlü adama oxşayır. Mən söhbət məsafəsində yaxınlaşıb, onun həndəvərinə çatar-çatmaz gözlərini gözümə zillədi və qəfil işə düşən avtomat kimi açıldı:  

- Budur, yay gəldi, sevindim, fikirləşdim, hər şey yaxşı olacaq. Fəqət, əvvəl bütün şəhər qaranlığa qərq oldu, işıqlar söndü-yandı, gərginlik, qısaqapanma vurdu soyuducumla, kondisionerimi xarab elədi. İndi də qiymətlər də daim qalxır. Bax yayın ortası,  guya tərəvəzin bol vaxtı, qarpızın, pomidorun kilosu göylə gedir. Gülməlidir e a kişi,  bir manat səksən qəpiyə də pomidor olar? Elə bil qızıldır, ləl-cəvahiratdir, nədir? Bəs qışda kommunal xidmətləri, benzini zadı da qaldırsalar nə edəcəyik? Başımıza haranın daşını salacayıq? O gün xəbərlərdə deyirlər ki, bizimlə sərhəd ölkələrdə kəskin devalvasiya baş verib, dolların iti qılıncı yerli pulun quluncunu qıra-qıra gedir. Bəs oradakı proseslər burada da  təkrar olsa necə olsun!?

Kişi sözünə ara verdi. Dili-dodağı qurumuş, həyəcandan rəngi qaçmışdı. Təngnəfəs, alnındakı puçur tər damlaları axa-axa, köynəyinin döş cibindən çıxardığı siqareti alışqana tuş edib çəp-çəp üzümə baxdı:

- Məllim, görürsən də başımıza gələnləri? Bax dözə bilmirəm, sinəm göynəyir, ürəyim sancır. Ay oğul, bəh-bəhlə, səbirsizliklə gözlədiyimiz yay belədirsə, gör bizi qışda nə gözləyir?

Mən isə Molla Nəsrəddinin "kişinin sözü bir olar” prinsipinə əməl edərək, yəni dediyimin üstündə durub cavab verdim:
- Rəcəb dayı sizə deyirdim axı, gözləyin, ən yaxşısı payızdır, ona da ki, lap az qalıb. Darıxmayın və əsəbiləşməyin və ən əsası, ürəyinizi qoruyun. Hər şey yaxşı olacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR