İdman 14:58 27.04.2019

Rəhimov “lyuk” olayından danışdı: "Dəyən zərər ödəniləcək”

"Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı - lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də "Uilyams” komandasının başına belə bir bəla gəldi". 

Qaynarinfo xəbər verir ki, bu sğzləri "Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov deyib.

Gənclər və idman naziri Azad Rəhimovun oğlu ötən gün kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb. Arif Rəhimov bildirib ki, "Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək: "Bu kimi hallar baş verir və bunu ilk biz yaşamırıq. Oxşar hadisə Monakoda, Çində və Malayziyada da olub, yəni nəinki şəhər, hətta stasionar traslarda da baş verə bilir. Biz dəfələrlə "Uilyams” komandasından üzr istədik. Komandaya dəyən ziyan sığorta hesabına ödəniləcək. Hələlik hansı məbləğdən söhbət getdiyini bilmirik, lakin o, dəqiq ödəniləcək”.