Çörəkpulu üçün 50 manata oxuyan, borcdan 1 otaqlı evini satıb yuvasız qalan əməkdar artist...

Çörəkpulu üçün 50 manata oxuyan, borcdan 1 otaqlı evini satıb yuvasız qalan əməkdar artist...

Əməkdar artist Firuzə İbadovanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Firuzə xanım, Əməkdar artist Aybəniz Həşımova sosial şəbəkədə sizinlə bağlı paylaşım edib. O bildirib ki, Firuzə xanım imkansızdır, məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib. Aybəniz Həşimovanın bu fikiri ilə bağlı nə deyə bilərsiniz?

- Aybəniz xanım məni çox yaxşı tanıyır. Özüm haqqında heç vaxt danışmayacağam. Çünki ustadım da danışmadı, haqqını istəmədi və eləcə də dünyadan köçdü. Bir də danışıb neyləyim, danışmayacam... Aybəniz xanım böyük salonlarda keçirdiyim konsertlərin şahidi olub. Bütün işlərim göz qarşısındadır, mən Aybəniz xanımın gözünün qarşısında olmuşam. Onun qədər məni heç kim tanıya bilmir. Səhnə müvəffəqiyyətlərimi onun qədər yaxından tanıyan biri yoxdur. Çünki Aybəniz xanım bir növ mənim ruhumdur. Mən ona təşəkkür edirəm. Aybəniz xanım iki gündür hönkür-hönkür ağlayır. Çox üzülür mənə görə.

- Siz "Günün sədası" verilişində bildirmisiniz ki, 2 ildir qızınız və nəvəniz ilə 32 kvadratmetrlik evdə yaşayırsınız. Dövlət sizin dövrün sənət adamlarının əksəriyyətini evlə təmin edib. Bəs, siz dövlətdən ev almaq üçün aidiyyatı qurumlara müraciət etməmisiniz?

- Hə, belə bir çıxışım oldu. Mən bu günə kimi heç bir adamı narahat etməmişəm. Sadəcə, etiraf edim ki, illərimə heyifim gəldi. Ən azından ona görə ki, Firuzə İbadova bir evə layiq görülmədimi? Dövlətimin indi mənə qayğısı lazımdır. Kiməsə əziyyət verən biri deyiləm, amma zamanında mən sözünü deyən müğənnilərdən biri olmuşam, Azərbaycana dəfələrlə "Qran-Pri”lər gətirmişəm. Ən çox biletləri satılan sənət adamlarından biri olmuşam. Qocalar evinə, yetim uşaqlara konsert vermişəm, dahi sənətkar Rəşid Behbudovla birlikdə Azərbaycanı dünyada təbliğ etmişəm. Yaxın Şərq, Qərb, yəni gəzmədiyim ölkə qalmayıb. Bunu çox gözəl bilirlər. Məndə paxıllıq, kin-küdurət yoxdur. Belə hisslərdən çox uzağam. Geriyə baxanda kimləri görürəm və onların hər biri ilə səhnə bölüşmüşəm. Dünən Şövkət xanımın anım günü idi, Fəxri Xiyabana getdim, qapıdan girən kimi Rəşid Behbudov məni qarşıladı. O qədər ağladım, gözümün yaşı qurumadı, neçə saat onunla söhbət elədim. Dedim ki, Şövkət xanım, siz mənə vaxtında dediniz: "Firuzə, axı sən çox sakitsən ey, bu sənətdə dözə biləcəksənmi?”. O zamanlar nələrin olacağını anlamırdım, sənətimi çox sevirdim. Şövkət xanımın özü də sakit adam idi. Küsüb-inciməsini də baxışları ilə deyərdi. Həmin verilişdə dedim ki, bu qədər prezidentə məktublar yazıram, amma məktublarımın heç biri ünvana çatmır. Nədən? Dövlətimə bağlı insanam, Azərbaycanı çox sevirəm. Hazırda hamı Qarabağ sevincini yaşayırıq. Bu sevinci bizə Prezident İlham Əliyev və əsgərlərimiz bəxş elədi. İstəmzdim ki, belə bir vaxtda qanqaraçılıq yaşayam. Təltif olunanların hər biri mənim övladımdır, hətta eləsi var, mənim nəvəm yaşındadırlar. 
 


- Deyirsiniz ki, Prezidentə məktublar yazırsınız. Həmin məktublara cavablar gəlir? 

- Cavablar gəlir, yazırlar ki, sizin böyük xidmətləriniz var, çox təqdirəlayiqsiniz, "Əməkdar artist” adına layiq görülmüsünüz... Deyirəm, mən fəxri ad istəmirəm, təqaüd almıram, mənim yaşayışımla maraqlanmaq lazımdır. Artıq 67 yaşım olacaq, ev şəraitim çox acınacaqlıdır. Elə sənət adamları var ki, 2-3 ev veriblər. Qoy versinlər, halal xoşları, amma baxsınlar ki, necə sənət adamı diqqətdən kənarda qalıb. Onları da yada salmaq lazımdır. Aybəniz xanımın özü nə qədər tələbə yetişdirib, 25 ildən yuxardır ki, bu xeyirxah işlə məşğuldur. Onun da dəyər-qiyməti verilməyib, kim ad, təqaüd alıbsa, halal xoşu, layiqdir. Sənət adamlarına fəxri adların verilməsi ilə bağlı mənə məlumat verən adam dedi ki, sənətkar, Allah sənə rəhmət eləsin. Duruxdum. Ölüyə də rəhmət var, diriyə də. Dedim ki, təbrik edirəm, sağlıqlarına qismət, layiq olanlar həmişə ad-san alsın. Amma mən? Mən fəxri ad istəmirəm, yaşayış tərzim çox çətindir. Məsələni ictimailəşdirmək istəmirdim, sakitcə məktub yazırdım. Baxdım ki, sakitliklə məsələ həll olunmur, ona görə də efirdə narazılığımı dilə gətirdim. Yıxıla-yıxıla yaşayıram, bəlkə də səhnədə öləcəyəm, sənətini sevən insanlar belə olur. Zaman keçir, insanlar da hər şeydən küsür. Öləndən sonra deyəcəksiniz ki, heyif ondan, qədrini bilmədik. Elə bir adam olmaz ki, məni sevməsin. Çünki sevgi qarşılıqlıdır, mən özüm də insanlarımızı sevirəm. Lap belə istəmədiyim insan olanda üzümü tutub gedirəm. Yadınızdadırsa, vaxtıyla indi dünyada olmayan, rəhmətə gedən bir ziyalı mənə pislik eləmişdi. Mən dedim ki, halal xoşu olsun, bağışladım. Əgər onun arxasınca pis danışsaydım, ürəyimin çirkinliyi olardı. Dünyanın malı bu dünyada qalır, amma sağlığında insanlara qiymət vermək lazımdır. Nə paxıllıq çəkirəm, nə də həsəd aparıram. Firuzə bu vaxta kimi dövlətindən nəsə istəməyib, indi xahiş edirəm, maraqlanın. Bəlkə heç nə etməmişəm? Araşdırma aparın. Qastrola gedən isə Firuzə 30 toyu birdən qaytarıb. Mən belə bir sənətkar olmuşam. Düzünü deyim ki, çox pərt oldum.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X