"Vasif Məhərrəmlinin fikirlərinə hörmətlə yanaşam. Amma bu fikirləri ictimai rəyə sırımaq olmaz. Bu nə yanaşmadır? Bizim gənclər həddindən artıq rəngbərəng geyinir. Bu o deməkdirmi ki, onlar anormaldır və ya zövqsüzdür? Bu, düzgün yanaşma deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında kulturoloq Aydın Xan Əbilov müğənni Vasif Məhərrəmlinin müxtəlif rəngli geyimləri "anormal" adlandırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün gənclərin üstünlük verdiyi geyimlərin əksəriyyəti tanınmış xarici brendlərə məxsusdur:
"Keyfiyyətli parçalar - ipək, kətan, pambıqdan hazırlanan geyimlərdə gənclər özlərini rahat hiss edirlər. Bədən nəfəs alır, allergiya və müxtəlif dəri xəstəlikləri riski azalır. Belə geyimlərə irad tutmaq doğru deyil. İnsan istənilən rəngdə geyinə bilər. Sadəcə, hansı tədbirə nə geyindiyini bilməlidir".
Kulturoloq hesab edir ki, müğənninin rənglərlə bağlı fikirləri daha çox milli-mental yanaşmadan qaynaqlanır:
"Bu yanaşma azərbaycanlılar üçün müəyyən qədər anlaşılandır, amma bunu xaricilər üçün desəniz, qəribə qarşılanar. Söhbət yüksək elitadan və ya xüsusi geyim formalarından getmir. Çünki həmin mühitlərdə geyim və rənglər vasitəsilə sosial identifikasiya aparılır. Əgər geniş kütlənin gündəlik geyimindən danışırıqsa, burada rəngdən çox dizayn, rahatlıq, təbii parçalar və mövsümə uyğunluq önəmlidir. Bu baxımdan, Vasif Məhərrəmlinin fikirləri mübahisəlidir. Klassik Azərbaycan geyim mədəniyyətində də əsasən iki rəng - ağ və qara üstünlük təşkil edib. Ümumilikdə isə vətəndaşlarımız daha çox tünd rənglərə meyl göstərir. Bu hal həm yerli, həm də geyim mədəniyyətini bilən xarici mütəxəssislər tərəfindən tez-tez tənqid olunur".
Aydın Xan Əbilov vurğulayıb ki, geyim seçimi fərdi yanaşma tələb edir:
"Məsələn, mən geyim seçərkən ilk növbədə qiymət və keyfiyyətə diqqət edirəm. Daha sonra onun bədənimə uyğunluğunu nəzərə alıram. Əsas məsələ estetikadan çox rahatlıqdır. Təbii materiallara üstünlük verirəm, rəng isə sonrakı mərhələdə gəlir və məclisə uyğun seçilir. Rəngarəng geyinib yas mərasiminə getmək nə qədər absurddursa, qara geyinib toya getmək də bir o qədər uyğunsuzdur. Tarixən bizim geyimlərimiz rəngarəng olub. Bu barədə etnoqrafların, şair və yazıçıların əsərlərində, həmçinin səyyahların qeydlərində məlumatlar var. Milli geyimlər hazırlanarkən bayram libaslarının rəngarəng olması da bunu sübut edir".
Kulturoloqun sözlərinə görə, rəng insanın əhval-ruhiyyəsinə, bəzən sağlamlığına və sosial identifikasiyasına təsir göstərir:
"Rənglər bəzən insanın hansı sosial qrupa aid olduğunu da göstərir. Gündəlik geyimdə isə adətən iki rəng üstünlük təşkil edir, çünki praktik məsələlər – yuyulma, ləkələnmə kimi amillər də rol oynayır. Məsələn, tikintidə çalışan şəxsdən açıq rəngli geyim tələb etmək olmaz. Eyni zamanda, toyda çıxış edən musiqiçidən də qara geyinməyi gözləmək doğru deyil. Rənglərlə bağlı müxtəlif fikirlər hər zaman olub. Hər il "ilin rəngi” seçilir, bu isə daha çox kommersiya və marketinq məqsədi daşıyır. Eyni məhsulu fərqli rənglərdə satmaq üçün istifadə olunur. Ümumiyyətlə, rəng seçimi ilə bağlı kimsə kiməsə göstəriş verə bilməz".
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Vasif Məhərrəmli üçdən artıq rəngli geyimləri tənqid edərək belə deyib: "Bir insanın üzərində üçdən çox rəng varsa, bu problemdir və anormallıqdır. Bu, zövqsüzlükdən xəbər verir".
Bahar Rüstəmli
Şərhlər