Xəbər lenti

Rəsmi Varşava:
Dünya 16:13 21.10.2025

Rəsmi Varşava: "Putin Polşa üzərindən uçarsa, biz onu həbs edə bilərik"

Polşa Rusiyanın prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, əgər o, ABŞ prezidenti Donald Tramp ilə görüş üçün Macarıstana səfəri zamanı Polşanın hava məkanından keçsə, Varşava beynəlxalq həbs orderini icra etməyə məcbur qala bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib:

"Mən zəmanət verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə həmin təyyarəni müşayiət edib şübhəlini Haaqadakı məhkəməyə təhvil verməyi əmr etməz”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi bu məhkəmənin üzvü olan ölkələri Putini öz ərazisinə daxil olduğu halda həbs etməyə borclandırır.

Sikorskinin sözlərinə görə, Moskva bu barədə çox yaxşı məlumatlıdır:

"Düşünürəm ki, Rusiya tərəfi bu qaydanı bilir. Odur ki, əgər bu sammit baş tutacaqsa, ümid edirəm ki, təcavüz qurbanının da iştirak edəcəyi həmin tədbirə uçan təyyarə başqa marşrut seçəcək”.

Putinin Macarıstana çatmaq üçün Ukrayna üzərindən uçması mümkün deyil. Buna görə də Rusiya nümayəndə heyəti ən azı bir Avropa İttifaqı ölkəsinin hava məkanından keçməli olacaq. Bütün Aİ ölkələri BCM üzvüdür, baxmayaraq ki, Macarıstan hazırda məhkəmədən çıxmaq prosesindədir.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin dayandırılması üzrə vasitəçilik təşəbbüsü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Macarıstan paytaxtı Budapeştdə görüşməyi planlaşdırdığını açıqlayıb.

Macarıstan hökuməti — baş nazir Viktor Orbanın rəhbərliyi altında — Rusiyayla isti münasibətlər saxlayır və bildirib ki, sammitdə iştirak üçün Putinə ölkəyə daxil olmaq və sonradan geri qayıtmaq üçün bütün şəraiti yaradacaq.

Bundan əlavə, Bolqarıstan da Putinin Budapeştə uçuşu üçün öz hava məkanını açmağa hazır olduğunu bəyan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->