Rəsmi Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak” qəzeti ölkə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Buna səbəb olaraq, Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.
Mənbə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibinin müavini Con Boltonla danışığı bu məsələdə son nöqtə olub. Bolton Paşinyandan missiyanın göndərilib-göndərilməməsi ilə bağlı açıqlama verməsini istəyib. O isə öz növbəsində məlumatı təsdiqləyib. Bundan sonra Vaşinqton tərəfindən İrəvanın üzərində uzun müddətdir planlaşdırılması üçün iş apardığı görüş ləğv edilib. Ermənistan tərəfinin bütün cəhdləri də nəticəsiz qalıb.
Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib.
Qəzet yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.
Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.
Şərhlər