"İnsanlar ilbəil varlanır. Kasıb adamlar restoranlara getmir. Restoranlara ancaq imkanı yüksək olanlar gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli əhalinin yemək yeyərkən restoranları evdən daha üstün tutmasının səbəblərindən danışarkən deyib.
Ekspert hesab edir ki, dövriyyənin artmasının səbəbi menyu qiymətlərinin artmasıdır:
"Restoranlarda dövriyyənin artmasının bir neçə səbəbi var. Birincisi inflyasiyadır, qiymətlər artır. İnflyasiya ölkədə 6 %-ə yaxın olsa da, əsas inflyasiya ərzaq qiymətlərindədir - 8 %. Yəni restoranlar 8% ərzaq, içki satır. Düzdür, içkilərin qiyməti bir az artıb, 2%-dən yuxarıdır. Amma ərzaq qiymətləri, qidalar daha çox bahalaşıb. Onun da birinci səbəbi inflyasiyadır. İkinci səbəb şəffaflaşmadır".
Xalid Kərimli deyir ki, rəsmi statistika hələ də real vəziyyəti əks etdirmir:
"Çünki ölkədə dövriyyələrin şəffaflaşması prosesi yekunlaşmayıb. Bura şəffaflığın hansı dərəcədə təsir etdiyi məsələlər var. Məsələn, malı eyni həcmdə də ala bilərik, amma şirkət daha çox dövriyyə göstərə bilər. Xüsusən də "ƏDV geri al” kimi məsələlər insanların çekə marağını artırıb. Biz çox yeməyə də bilərik. Əvvəl yediklərimizə qəbz almırdıq, gizlədirdik. İndi daha az gizlədirlər".
İqtisadçı üçüncü səbəbi alıcıların davranışı ilə bağlayır:
"İnsanlar 30-40 il bundan əvvələ nisbətdə restoranlarda qidalanmağa daha çox üstünlük verirlər. İistehlakçı davranışı əhəmiyyətlidir".
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr ayları üçün əhalinin restoranlara nə qədər pul xərcləməsi ilə bağlı statistika açıqlanıb. Sənədə əsasən iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə iaşə dövriyyəsinin dəyəri 1 milyard 990 milyon 168,8 min manat təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 668 milyon 291,1 min manat olub.
Bahar Rüstəmli
Şərhlər