Xəbər lenti

Rəsulzadə əslində harada doğulub və xatirə lövhəsi niyə bağçaya vurulub? - Novxanıdan reportaj
Ölkə 11:00 30.08.2022

Rəsulzadə əslində harada doğulub və xatirə lövhəsi niyə bağçaya vurulub? - Novxanıdan reportaj

Novxanının adı çəkiləndə yəqin ki, hamının yadına ilk olaraq Məhəmməd Əmin Rəsulzadə düşür. Sonra da Mehdi Hüseynzadə. Hələ Lütfüzadə də var. Söhbət etdiyimiz insanların Lütfüzadənin Novxanıda doğulması ilə bağlı səhih məlumatı olmasa da, bir şeyi dəqiq bilirlər: böyük alimin əsli-kökü buralıdır. 

Novxanının əsas hissələrindən birində Rəsulzadə küçəsi var. Onunla üzbəüzdə də bağça. Bağçanın qapısında Rəsulzadənin burada doğulduğu barədə məlumatın əks olunduğu lövhə də var. Ancaq kəndin ağsaqqalarından olan Ramiz Nağıyev deyir ki, böyük Məhəmməd Əmin kişi doğulanda Novxanın bu hissəsində yaşayış olmayıb. 
 


Ramiz Nağıyev deyir ki, 2500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün böyründə Siyan adlı kənd olub. (Bir çox mənbələrdə 500 il əvvəl) Deyilənə görə, "Siyan" "sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış formasıdır. Bu kənd XVII əsrin ortalarında güclü zəlzələ nəticəsində batıb, əhali isə indi Aşağıbaş adlanan yerdə məskunlaşıb. Təzə tikilmiş evlərə "nov xanı" (noii xanə) - yeni ev adı verilib. Onda burada 7-9 ev salınıbmış. Sonralar kənd bütövlükdə Novxanı adlandırılıb. Amma illər, illər sonra Aşağıbaşı da su basıb, evlər yararsız hala düşüb. Caamat bu dəfə indiki Novxanı ərazisinə köçüb. Bu köç baş verib sovet dövründə, 60-70-ci illərdə. Rəsulzadənin də, Mehdi Hüseynzadənin doğulduğu evlər Aşağıbaşda imiş. Bəs necə olub ki, bağçanın qarşısına Rəsulzadənin burada doğulması haqqqında lövhə vurulub? Ramiz müəllim deyir ki, o vaxtlar Əbülfəz Elçibəylə İsa Qəmbər kəndə gəlibmişlər. Rəsulzadənin doğulduğu evə baş çəkmək üçün. Gəlib görüblər ki, ev nə gəzir? Uçulub-dağılıb, heç quru divar da yoxdu. Elçibəy deyib ki, buranı Rəsulzadənin doğulduğu ev kimi təqdim edə bilmərik, ayıbdı, camaat bizə nə deyər? Hardasa bir guşə düzəldək, camaat gələndə baş çəksin. Məsləhətli bina kimi bağçanı göstərirlər. Elçibəy də razılaşır. Az sonra isə lövhə vurulur və belə bir yanlışlığa yol verilir: "Məhəmməd Əmin Rəsulzadə burada doğulmuşdur”. Doğrudursa, maraqlı məlumatdır, vallah. 
 


Gəlin sizə başqa bir maraqlı əhvalat da danışım. Deməli, Novxanıda Ruhulla adlı axund olur. Ruhulla Axundovdan uzaq… Hə, bu axund qızların Tağıyevin qız məktəbində oxumağının tərəfdarı imiş. Amma onun fikirlərinə qarşı çıxanlar, etiraz edənlər də az deyilmiş, çoxmuş. Axund bir dəfəsində camaatı yığır başına, deyir ki, ay camaat, övrətləriniz xəstələnəndə, kafir dediyiniz erməni, rus, yəhudi kişi həkiminin yanına aparırsınız, hətta doğum vaxtı da onlara üz tutursunuz, olmaz ki, qızlarımız oxusun, həkim olsun, siz də övrətlərinizi öz həkim qızlarımızın yanına aparasınız?! Belə qeyrətlisinizsə, niyə imkan verirsiniz, qızınıza, gəlininzə hansısa erməni, yəhudi, rus baxsın?! Bu sözün üstündə axund Ruhullanı qoçular güllələyirlər. 

Daha bir maraqlı, qəribə əhvalat ondan ibarətdir ki, Rəsulzadənin atası Molla Ələkbər Stalini Novxanıda, dəniz qırağındakı "Şah Sultan Hüseyn” məscidinin minbərində gizlədib. Molla Ələkbər həmin məscidin axundu imiş. Sovet dövründə dağıdılan bu məscidin indi ancaq qalıqları qalır. 

Bir çox Bakı kəndlərində olduğu kimi Novxanıda da türk əsgərlərinin qəbri var. Keçən reportajımızda - Məhəmmədidən yazanda qeyd etməmişdik, indi yada salaq ki, orda da iki türkün məzarı var. Novxanıda da türk əsgəri qəbirlərinin sayı ikidir. Bir vaxtlar bu qəbirlər gəliş-gedişdən uzaq, gözdən iraq yerdə imiş. Əlisgəndər əmi ilə Seyfəl əmi hələ sovet vaxtında türk əsgərlərinin nəşini kənd qəbiristanlığına köçürüblər. Anası bu kənddən olan yazıçı, dramaturq, alim, dövlət xadimi Şıxəli Qurbanov isə onların məzar daşı üçün şeir yazıb. 

Eşidib fəryadın Azərbaycanın 
Tərəddüd etmədən dadə yetişdin. 
Xəlqinin yolunda keçib canından
Əbədi şöhrətə, şana yetişdin. 
 


Ermənilər Bakıya hücum edəndə Novxanı da böyük təhlükə ilə üzləşib. Biləcəri qayasında toplar yerləşdirən ermənilər indiki Binəqədi ərazisini bombardman edib, sonra da tutublar. Novxanıda bir-biri ilə düşmən iki qoçu varmış. Biri Hacıməşədi (adını düz yazmışam ha, Həcc ziyarətinə filan getməyib, adı doğrudan, doğulandan belədir), o biri də Kərbəlayi Əlihüseyn. Kəblə Hüseyn deyir ona novxanılılar. Hacıməşədi yuxarı başın qoçusu imiş, Əlihüsyen aşağı başın. Ermənilər Binəqədiyə çatanda Hacıməşədi başının dəstəsi ilə üz tutur Əlihüseyngil tərəfə. Əlihüseyn tərəfdarları təşvişə düşüblər ki, Hacıməşədi aşağı düşür, tədbir görək bəlkə. Əlihüseyn diqqətlə baxıb-baxıb və deyib ki, dəyməyin, görmürsünüz, silahsız gəlir. Hacıməşədi çatanda deyir ki, ermənilər Binəqədini aldılar, düşmənçilyi müvəqqəti bir kənara qoyub tədbir tökmək lazımdır. Beləliklə də qoçular birləşib gedirlər erməni ilə döyüşməyə. Kürdəxanı istiqamətindən də türklər gəlibmiş köməyə. Ermənilər qovulur, qoçular kəndə qayıdır və deyirlər: hə, bax indi düşmənçiliyimizə davam edə bilərik. 

Günlərin bir günü Hacıməşədiyə xəbər çatdırırlar ki, gözün aydın, Kəblə Hüseyni-Əlihüseyni vurdular, öldü. Hacıməşədi xrom çəkməsini çıxardıb, o çəkmə ilə xəbər gətirəni döyüb, elə döyüb ki, xəbər gətirən bir həftədən sonra ölüb. Hacıməşədidən soruşurlar ki, niyə döydün, öldürdün o adamı. Cavab verib ki, əslində Kəblə Hüseyn ölmədi eee, mən öldüm, mən indi kiminlə düşmənçilik edəcəm, məni o düşmənçilik yaşadırdı. 

Hacıməşədini sonralar Sibirə sürgün ediblər. Axund Ruhullanı qətlə yetirməsi ittihamı ilə. Ramiz Nağıyevin sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev Hacıməşədinin gedər-gəlməzə göndərilməsi üçün birbaşa çarla danışıb. 

Novxanı camaatı çox zəhmətkeş olub. Bineyi-qədimdən heyvandarlıqla məşğul olub, bununla dolanıblar. Daha dəqiqi, tərəkəmədir əsilləri. Ramiz Nağıyev deyir ki, elə özlərinin Dəvəçidə qubernatorun imzası ilə təsdiq olunmuş neçə hektar torpaq sahələri var. İndiki Nasosnu ərazisində Qaradərə deyilən yerdə Novxanı camaatının yataqları olub. Novxanı isə qışlaq imiş. Qışda burda hava o qədər də sərt keçmirmiş, heyvanları saxlamaq üçün yeraltı yataqlar varmış. Hə, bir də, zamanında bura əsasən Şamaxıdan, İsmayıllıdan köç ediblər. Zəlzələlər bu yerlərin camaatını doğma-yurd yuvasını tərk etmək məcburiyyətində qoyub. Abşerona üz tutub insanlar, əsasən da Novxanıya. Ən böyük köç isə 1667-ci ildə olub. Şamaxıda 80 min adamın həlak olduğu və şəhərin üçdən birinin dağıldığı zəlzələdən sonra. Novxanıda bircə Nobatuşağı deyilən nəsilin hardan köçdüyünü bilən yoxdur. Deyirlər, onlar elə buralar yaranandan burdadırlar. 

Novxanın zəhmətkeş camaatı Sovet vaxtı da heyvandarlıqla məşğul olub, fermalarda işləyirmişlər. Bir də üzüm bağlarında. Bir çox üzüm sortlarının ən əlası burda və ətraf kəndlərdə yetişirilirdi. İndi isə… Camaatın vəziyyəti ağırdır. Kəndlilərə verilməli olan torpaqlar qıraqdan gələnlərə satılıb. Kəndlinin əkib becərməyə torpağı yoxdur. Ramiz Nağıyev deyir ki, Novxanıda yaşayanların 80 faizi işsizdir. Həyətlərdə parniklər var, amma qaz, işıq pulu o qədər gəlir ki, xərci borcunu ödəmir. Ramiz Tağıyev bir dəfə əkmək istəyib 600 manat pul qoyub, 615 manat pul götürüb. İndiki imkanlarla, bahalıqla heyvan saxlamaq da sərf etmir onlara. Otlaq da yoxdur. Təxminən min hektara yaxın yeri Ramiz Mehdiyev hasarlatdırıb. Sərhəd qoşunları isə təxminən iki min hektar ərazidə "Atçılıq” mərkəzi tikib. Ramiz Nağıyev söyləyir ki, işsizlik gənclərin pis yollara düşməsinə səbəb olur, narkomaniya baş alıb gedir. Qaz, işıq var, ancaq pulunu ödəyə bilmirlər. Su var, amma qışda yaxşı gəlsə də, yayda problem yaranır, sakinlər bəzən maşınla su almalı olurlar. Problem yaranmasını sakinlər yayda villalara köç ilə əlaqələndirirlər. Ağsaqqalın sözlərinə görə, ümumiyyətlə, Novxanıya biganə münasibət var, bunun da səbəbləri bəllidir. 

Söhbətimizin yekunlaşması ərəfəsində bir söhbət də danışdı bizə. Deyir, Sovet vaxtı zavodlardan birində bir nəfər daim narazılıq edirmiş, deyirmiş, bu nə yaşayışdır, ətimiz yox, yağımız yox. Bir gün bu yoxa çıxır. Bir həftə işə gəlmir. İşə çıxanda bundan soruşurlar ki, bəs niyə işə gəlmirdin, nə məsələdir? Bu da qayıdasan ki, ətimiz də var, yağımız da. Deyirlər, başına hava gəlib, biz nə soruşuruq, sən nə deyirsən? Yenə də deyir ki, ətimiz də var, yağımız da. İşçilər bundan aralaşır ki, xatası bunlardan uzaq olsun. Söhbət müdirə çatır. Müdir hansı mənbələrdənsə dəqiqləşdirir ki, narazını tutublar, bir həftə döyüblər, axırda da başa salıblar ki, səndən kimsə nəsə soruşsa denən, ətimiz də var, yağımız da. 

Hə, vəziyyət doğrudan da belədir: ətimiz də var, yağımız da. 

Ağa Cəfərli 

 P.S. Bu arada Novxanıdan Binəqədiyə olan məsafə çox deyil, azdır amma avtobusla bu yolu 50 qəpiyə qət edirsən. 50 qəpik əksəriyyəti işləməyən əhali üçün az deyil ki, çoxdur, vallah, lap çoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->