Xəbər lenti

Amal Abuşov
İdman 14:35 06.07.2023

Rəvayət

Namiq Qaraçuxurlunun söylədiyi o məşhur rəvayət belə başlayırdı: "Qulaq asın cəmaət, mən danışım rəvayət”. Həmin misralar xeyli məşhurlaşmışdı, Azərbaycanda uşaqdan böyüyə qədər bir çoxlarının dilində əzbərə çevrilmişdi. Loru dillə desək, Namiq Qaraçuxurlu "tutuzdurmuşdu”.

"Neftçi”ylə yenidən müqavilə imzalayan Emin Mahmudovun söylədiyi rəvayət isə belə başlayır: "Neftçi”yə sadiqəm. Bir dəfə "ağ-qaralı” olan həmişə "ağ-qaralı” qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm”. 

Yox, əziz Emin. Sən Namiq Qaraçuxurlu qədər istedadlı deyilsən, sənin rəvayətin "tutmayıb”. Bəlkə də günah səndə deyil, sənə bu "rəvayəti” dedizdirənlər, yaxud da sənin adından "deyənlər” istedadsızdılar. Ağılları, fantaziyaları daha yaxşı misralar düzüb-qoşmağa yetməyib. Bayağı, şit və boğazdan yuxarı sözləri bir-birinin ardınca düzüb, rəvayət demək istəyiblər. Amma bu sözlər o qədər qeyri-səmimidir ki, heç kimin diqqətini çəkməyib, azyaşlı uşağı da aldatmaq mümkün olmayıb. Lap o məşhur "Yalançı çoban” nağılında olduğu kimi. Orda da bekar qalanda camaatı ayağa qaldıran, olmayan yanğını söndürməyə çağıran çobanın sonrakı harayına heç kim inanmamış, səsinə səs verən olmamışdı.
Azərbaycanlı futbolçunun bəlli bir obrazı var. Biz bu obraza da öyrəncəliyik, kimsəni asıb-kəsməyə həvəsimiz yoxdu. Heç buna dəyməz də. 

Bizimkilər "evin içində” yaxşı qazanıb, sərvətini artırmaq, mikrorayonlarda altı "moyka”, üstü çayxana olan "obyekt” açmaq həvəsiylə yanaşırlar. Səsboğucusu guruldayan xarici maşının, Bakı ətrafında xudmani bağın, ata-babanın doğulduğu kənddə də səliqəli bir bağın oldumu, işlər tamamdı. Özün də Bakının mərkəzinə yaxın bir yerdə yeni tikilidə məskunlaşırsan, dünyaya həmin evin geniş eyvanından tamaşa edirsən. Bu da azərbaycanlı futbolçunun maddi baxımdan zəngin, mənəvi tərəfdən kasıb dünyasıdır. Kimdi onları qınayan, rahatlarını pozmaq istəyən? Biz onlardan daha artıq məşq etməyi, nisbətən az qazanc qarşılığında Avropa məcarasına çıxmağı tələb edə bilmərik. Etsək də faydası yoxdur.

Emin Mahmudov da aşağı-yuxarı belə davranıb. Azərbaycanda xeyli məşhur olan işbaz menecer onu inandıra bilib ki, illiyi 800 min dollarlıq təklif var, tezliklə Mahmudovu Çinə, yaxud da Türkiyə klublarının birinə göndərəcək. Bu xülya baş tutsaymış, həmin o işbaz da yaxşı qazanc götürəcəkmiş. İşin əslində isə ortada heç bir real təklif olmayıb. Çünki Mahmudov və ona yalan vədlər verən işbaz xeyli "yuxarıdan” başlayıb. "Neftçi”ylə müqaviləsi bitən futbolçunun real qiymətini bilənlər heç danışıqlar aparmağa həvəs də göstərməyiblər. Əlacı hər yerdən kəsilən kapitan sonda əli ətəyindən uzun formada "Neftçi”yə "hə” deyib, klubla yeni müqavilə imzalayıb.

Olan şeydi, Emin. Hər kəsin başına bu cür iş gələ bilər. Amma belə bir situasiyadan sonra azarkeşlərə rəvayət danışmaq məşhur lətifədə deyildiyi kimi üzrü günahından betər hərəkətdir. Buna nə gərək vardı? Səmimi sözümdür ki, həm "Neftçi” adına, həm də Emin Mahmudova görə təəssüf hiss keçirirəm. Hazırkı durum tərəflərin heç birinə yaraşmadı, gərək özünüzü belə urvatsız etməyəydiz. Keçmiş olsun!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->