XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ronaldinyo 11 ildən sonra futbola qayıtdı - Yeni komandası
İdman13:12 21.08.2026

Ronaldinyo 11 ildən sonra futbola qayıtdı - Yeni komandası

2005-ci il “Qızıl top” mükafatının sahibi, braziliyalı futbol əfsanəsi Ronaldinyo sonuncu peşəkar oyunundan 11 il sonra futbola qayıdıb.

Qaynarinfo xəbər verir ki, 46 yaşlı futbolçu İtaliyanın üçüncü liqasında (C Seriyası) çıxış edən “Ravenna” ilə müqavilə imzalayıb. Ronaldinyo eyni zamanda klubun səhmdarlarından biri olub.

Ötən axşam Marina di Ravenna çimərliyində keçirilən “Ravenna”nın komandanın təqdimatı mərasimində minlərlə azarkeşə təqdim olunan Ronaldinyonun yaxın zamanda lisenziyasının rəsmiləşdiriləcəyi və C Seriyasında oynaya biləcəyi açıqlanıb.

Klub və milli komanda karyerasında ümumilikdə 299 qol vuran Ronaldinyo karyerasının 300-cü qoluna çatmağa ümid etdiyini bildirib.

“Əgər bu baş tutsa, daha da gözəl olar. Bu, prezidentdən və baş məşqçidən asılıdır. Bura aramızdakı dostluğa görə gəlmişəm. Komandanın yaxşı çıxış edəcəyinə ümid edirik. Mən də kömək etmək üçün buradayam”, deyə Ronaldinyo qeyd edib.

“Ravenna”nın prezidenti İqnatsio Çipriani isə Ronaldinyonun karyerasındakı son qolunu məhz onların klubu üçün vurmasının arzusunda olduğunu bildirib.

2005-ci ildə “Qızıl top” mükafatını qazanan braziliyalı futbol əfsanəsi peşəkar karyerasında son oyununu 27 sentyabr 2015-ci ildə “Fluminense”nin heyətində “Qoyas”a qarşı keçirib. Ronaldinyo 2018-ci ildə futboldan getdiyini açıqlamışdı.

Aydın