Rus ayısının min oyunu...

Rus ayısının min oyunu...

Hüseynbala Səlimov

Əgər konstitusiyaya düzəlişlər olmasaydı heç bir halda V.Putinin növbəti oyununa "islahat” deməzdim. Amma nə etmək olar? Bu adam adətən nəyisə "oformit” etmək istəyəndə yada düşən konstitusiyaya bir yığın düzəliş hazılayıbdı və təsdiqlənməkçün onu fevral-mart aylarında  özünün Dumasına təqdim etmək fikrindədir. 

Səmimi deyirəm ki, bu bir yığın düzəlişin "nə mənə” olmasını aydınlaşdırmaq üçün xeyli çalışdım, qənaətim, bu oldu ki, rus ayısının bu dəfə min oyunu bir Dövlət Şurasının başındadır və Putin qağa heç nədən bu qurumu konstituisiyaya daxil etmək fikrinə düşməyibdir – ya bu qurumun köməyilə hakimiyyətin tranzitini həll etmək istəyir, ya da Elbaşı – Nursultan müəllim kimi prezidentlikdən sonra əlavə statuslarla, məsələn, Dövlət Şurasının sədri kimi vəzifədə qalmağa çalışır ki, təqaüd dövrünü rahat -problemsiz başa vura bilsin, ən azı ona görə ki, 20 illik hakimiyyəti dövründə o, da bilərəkdən və ya bilməyərəkdən çox adam üçün problem yaradıbdı və bu adamlar da güdükdədir ki, görək, bunun əli nə vaxt hakimiyyət deyilən "sehrli çubuq”dan üzüləcəkdir...

Yaxın dövr üçün isə Vladimir Vladimiroviçin islahatlarında iki ölkə üçün ismarış var – biri Azərbaycan üçün, digəri də Belarusçun. Əvvəlcə Azərbaycan məsələsinə aydınlıq gətirək.

Günah yumaq olmasın, internetdəki bəzi para, qeyri-rəsmi məlumatlara görə V.Putinin baş nazir təyin etdiyi M.Mişustinin anası ermənidir, üstəlik, bu adamın İrəvanın siyasi və işgüzar dairələrilə sıx əlaqələri var, hətta belə deyilir ki, onun son vaxtlara qədər pul qazandığı əsas şirkətin də təsisçisi və yaxud sahibi də erməni olub. 

Əlbəttə, bu informasiyalar hələ təsdiq olunmalıdır, çünki internetdə doğru olduğu qədər də bir xeyli yalan da var. O ki qaldı bunun doğru olacağı təqdirdə bizim üçün nəticələrinə, birincisi, bunun ən acı nəticəsi yaxın gələcəkdə Rusiyada hakimiyyətin ötürülməsi zamanı ola bilər və elə ola bilər ki, Mişustin müəllim hakimiyyətin ötürülməsi zamanı əsas fiqur və yaxud da əsas fiqurlardan biri ola bilər, belə halla isə biz sovetin vaxtında iki dəfə rastlaşmışıq: biri A.Mikoyanın, digər isə M.Qorbaçovun vaxtında. Hər ikisi ermənilərin planlarını həyata keçirmək üçün Azərbaycana xeyli ziyan vurmuşdu və yaxud da vurmağa çalışmışdı...

İkincisi, indiyədək Rusiya siyasətinin olimpində bir erməni kökənli adam vardı və bu da nazir S.Lavrov idi. İndi belə çıxır ki, bu siyahıya və ya cərgəyə, özü də önəmli mövqelərə daha bir erməni kökənli adam, bu dəfə baş nazir postuna ermənilərlə qohum olan adam çıxarılır və bunun da soyadı əlahəzrət M.Mişustindir. 

Deyirəm, bizimkilər vaxtilə nazir S.Lavrovun erməni olması ilə bağlı yazıları buraxsaydılar indi bu, Kreml əhlinə bir işarə olardı və onlar baş nazir postuna adam seçərkən daha tədbirli olardılar.
 
Amma min təəssüf ki, S.Lavrov haqqında da internetdə dolaşan bəzi məlumatları bizimkilər az qala, öz sirləri kimi qoruyurdular və bu haqda yazmaq, yumşaq şəkildə desək, elə də asan bir məsələ deyildi – bəli, sən yazırdın, amma baş yazarlar pozurdu, çünki hesab olunurdu ki, bu, bizim Rusiya ilə münasibətlərimizə guya xələl gətirə bilər... 

Belarus məsələsinə gəldikdə isə, Putin əvvəl başqa ssenari üzərində işləyirdi. Düşünülürdü ki, Belarusla Rusiya ittifaq dövləti quracaq və bu dövlətə də V.Putin başçılıq edəcək. 

Belarus prezidenti də özünü elə aparırdı ki, guya ki, bununla razıdır, əslində isə A.Lukoşenko elə də ağılsız adam deyil və hakimiyyətini heç kimlə bölüşməz. Rusiya ona neft - qaz üçün və bir də heç sözsüz ki, hakimiyyətdə qalmaq üçün lazımdır və bu adam Rusiya ilə Avropa arasında oynamaqla bu vaxta qədər hakimiyyətdə qala bilibdir. Ən başlıcası da budur ki, Kreml əhli gərək bunu başa düşəydi, amma onlar hərlənib – fırlanıb Minski öz tələlərinə salmaq istəyirdilər. Belə bir cəhd elə bu yaxınlarda oldu, amma Lukaşenko bir tərəfdən V.Puitinlə görüşdü və digər tərəfdən də Belarus müxalifətindən tutmuş bəzi Avropa ölkələrinə qədər hamısını ayağa qaldırdı və nəticədə də Moskvanın daha bir cəhdi boşa çıxdı...

İndi deyəsən, belə görünür ki, prezident V.Putin öz məqsədinə çatmaq üçün başqa bir yol seçibdir, "İttifaq dövləti” ideyasından əl çəkibdi. Hər halda, buna oxşayır və A.Lukaşenkodan heç olmasa, Rusiyanın köməyilə qurtulmağı düşünən bəzi belarusların da proseslərə münasibəti bir daha göstərir ki, belə ehtimalı tamam kənara tullamaq da olmaz...
XƏBƏRLƏR
BLOGLAR