Dövlət Duması və Federasiya Şurası Rusiya Federasiyası Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib. Federasiya Şurası da ATƏT PA-nın işində iştirakın dayandırılmasına səs verib.
Bu barədə Qaynarinfo ”Kommersanr”a istinadən xəbər
verir.
Dövlət Dumasının deputatı və Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy öz Telegram kanalında bildirib ki, iclasda iştirak edən 405 deputatın hamısı bu qərarın lehinə səs verib.
"Rusiyanın getməsi ilə ATƏT PA-nın büdcəsi maliyyə gəlirlərinin 6%-ni itirəcək... Bizim üçün bu, iqtisadi yox, prinsipial məsələdir. Rusiya assambleyanın çevrildiyi rusofob sirkə biletlərə pul xərcləyə bilməz və xərcləməməlidir”, - deputat yazıb. Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Rusiya təşkilatın büdcəsinə töhfələri dayandırdıqdan sonra ildə təxminən 256 min avro qənaət edəcəyini açıqlayıb.
Federasiya Şurasının mətbuat xidməti Telegram kanalında qeyd edib ki, 178 senatordan 164-ü ATƏT PA-dan çıxmaq üçün səs verib.
Hər iki palatanın parlamentariləri qeyd ediblər ki, Rusiya Federal Məclisinin ATƏT PA-dakı nümayəndə heyəti dəfələrlə qurumda işləmək imkanından məhrum edilib. Nümunə olaraq Rusiya tərəfinə toplantı tədbirlərində iştirak etmək üçün vizaların verilməsindən imtina edilməsi göstərilib.
Federasiya Şurasının sədri Valentina Matviyenko Beynəlxalq Əlaqələr Komitəsinə qəbul olunmuş qətnamə ilə bağlı ATƏT PA-nın sessiyasına teleqramların göndərilməsini tapşırıb. Növbəti sessiya iyunun 29-dan iyulun 3-dək Rumıniyada keçirilir.
İyun ayında Rusiya nümayəndə heyətinə ATƏT PA-nın Rumıniyada keçiriləcək sessiyasında iştirak etmək üçün viza verilməyib. Buxarest qərarı "Rusiyanın Ukraynaya təcavüzü” ilə izah edib. Bundan sonra Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi Rusiyanın assambleyada iştirakını dayandırmağı və üzvlük haqlarının ödənilməsini dondurmağı təklif edib.
Rusiyanı təşkilatda 15 nəfərlik nümayəndə heyəti - beş senator və 10 Dövlət Dumasının deputatı təmsil edirdi. Federasiya Şurasının saytında qeyd edildiyi kimi, ATƏT PA-nın vəzifələrinə münaqişələrin qarşısının alınması mexanizmlərinin hazırlanması və iştirakçı dövlətlərdə demokratik təsisatların dəstəklənməsi daxildir.
Nizami Bağırov
Şərhlər