"Aprel müharibəsi" erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb. Bunu Ermənistanda keçirilən son rəy sorğularından biri də sübut edir.
Belə ki, İrəvandakı Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda paytaxt olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, əhalinin 34 faizi Rusiyanı əvvəlki kimi strateji tərəfdaş saydığı halda, 30 faiz əksini düşünür. "Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə bunun əksini iddia edir.
Ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə "qorumayacaq” deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların "bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir.
Erməni separatçıları vaxtilə Azərbaycan torpaqlarını Rusiya ordusu və kəşfiyyatı hesabına işğal ediblər, Moskva "Aprel müharibəsi" zamanı da 4 gündən sonra savaşı dayandırmaq üçün hər şeyi etdi. Ancaq bununla belə, ruslar erməniləri Azərbaycan ordusunun raket və snayper atəşlərindən qorumaq fikrində deyil. Erməni separatçılarının yaydıqları son rəqəmlərə görə, işğalçı Ermənistan ordusunun 2017-c ildə 60 itkisi olub. Bu hələ rəsmi rəqəmlərdir. Azərbaycan tərəfinin dəqiqləşdirilmiş məlumatlarına görə isə bu rəqəmlər daha böyükdür. İşğalçı qüvvələr cəbhədə tez-tez təxribatlara əl atır və Azərbaycan ordusunun cavab atəşi ilə ağır itkilər verərək geri çəkilməli olur.
Qaynarinfo-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya Ermənistanı qoruya bilməz:
"Rusiya əlbəttə ki, Ermənistanın strateji müttəfiqidir. Ancaq bu o demək deyil ki, Rusiya Ermənistanın bütün problemlərini həll edəcək. Rusiya Ermənistanın ağasıdır, amma bu o demək deyil ki, ermənilərin hamısı bu müttəfiqlikdən razıdır. Ermənistan kasıblayır, infilyasiya yüksəlir, narazılıqlar çoxalır, sosial problemlər artır və Rusiya onu bu vəziyyətdən xilas etmək niyyətində deyil. Qarabağ məsələsinə gəldikdə, Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Ancaq itkiləri Ermənistan verir. Buna görə də ermənilər narahat olur ki, "Niyə Rusiya bizi Azərbaycandan qorumur?”. Qorumur, qoruya da bilməz. Çünki Azərbaycan Ermənistana hücum etmir. Azərbaycan öz torpağını xilas etmək istəyir və təxribatlara cavab verir. Ona görə də Rusiyadan narazılıq artır və Avropaya meyllilik yaranır. Amma Avropa da fərqli münasibət göstərməyəcək.
Qarabağla bağlı aparılan danışıqlarıdan fərqli nəticə gözləmək lazım deyil. Sülh danışıqları nəticə vermir. Cəbhədə 4 günlük müharibə getdi. Amma Rusiya davam etdirməyə imkan vermədi. Ona görə də bunun adı yorucu müharibədən başqa bir şey deyil. Qarşı tərəf daim itki verir, erməni əsgərləri isə artıq Qarabağda savaşıb, ölmək istəmir. Qarşımızdakı ildə də bu proses davam edəcək və Azərbaycan Ermənistanın potensialını azaltmaqda davam edəcək".
Nərmin Həsənli
Şərhlər