Dünya 12:48 14.09.2020

Rusiya Lukaşenkonu qoruya biləcək? (ŞƏRH)

"Rusiya Aleksandr Lukaşenkonu var gücü ilə qoruyacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya rəsmi səfərini şərh edərkən deyib. 
Onun sözlərinə görə, Lukaşenkonun yeganə istinad nöqtəsi Rusiya və Rusiya Prezidentidir:



"Lukaşenkonun bu gün Moskvaya səfəri başlayıb. Səfərin əhəmiyyəti bəllidir. Ölkədaxili vəziyyət getdikcə gərginləşir, müxalifətin mitinqləri ara vermir. Hər bazar günü izdihamlı mintinqlər keçirilir. Fabrik və zavodların müyyən bir hissəsi hələ də tam işlək vəziyyətə geçməyiblər. Onlar ya Lukaşenkonun istefasını, ya da yeni seçkilərin keçirilməsini tələb edirlər. Belarus Prezidentinə xaricdən də təzyiqlər atıb. Seçkiyə kimi Qərb dövlətləri ilə müəyyən münasibətləri var idi. İndi bu münasibətlər yoxdur. Sanksiyalar haqqında müəyyən qərarlar verilə bilər. Ona görə Lukaşenkonun yeganə istinad nöqtəsi Rusiya və Rusiya Prezidentidir, ondan dəstək istəyir. Həm iqtisadi, həm siyasi, həm də gələcəkdə vəziyyəti daha da ağırlaşa bilər. Lukaşenko hərbi zəmində də dəstək istəyə bilər. Çünki Putin özü də deyib ki, Rusiya milli qvardiyası hər an Belarusa daxil olmağa hazırdır. Yəni, Lukaşenkonu var gücü ilə qoruyacaqlar”.

Politoloq qeyd edib ki, Rusiya Belarusu itirmək istəmir:

"Moskvada bütün bunlar müzakirə olunacaq. Beynəlxalq aləmə hər ikisi belə mesaj verəcək ki, Rusiya Belarusa dəstəkdən vaz keçməyəcək. Lazım gəlsə iqtisadi yardımlar da edəcək. Bundan sonra Lukaşenko daha çox Rusiyaya bağlanacaq. Əgər seçkidən əvvəl Qərblə Rusiya arasında müəyyən manevlər edə bilirdisə, daha bunu edə bilməyəcək. Qərblə bütün körpüləri yandırdı, ancaq Rusiyadan asılı vəziyyətə düşəcək. Rusiya isə bundan öz məqsədləri üçün istifadə edəcək”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək və danışıqlar təkbətək formatda aparılacaq.

Bahar Rüstəmli