Rusiya yeni modifikasiya olunmuş, gecə optikası və radiodan idarəetmə imkanı ilə təchiz edilmiş "Shahed” zərbə PUA-sından istifadə edib. Onun köməyi ilə hərəkətdə olan ukrayna sisternli qatarına zərbə endirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə 1 oktyabrda "MİLİTARNIY” nəşri rusiyalı təbliğatçıların yaydığı videogörüntülərə istinadla məlumat
yayıb.
Kadrların birində görünür ki, rus operatorlarının idarə etdiyi dronlar əvvəlcə lokomotivi vurub (qatar dayanıb), sonra isə platformaları və sisternləri hədəfə alıb. Zərbə sərhəddən təxminən 150–200 km məsafədə endirilib. Əməliyyat zamanı dronlar Ukrayna HHM tərkibində olan bir cüt helikopterlə qarşılaşıb və bu, ekipajları təhlükəyə atıb.
"Shahed”in optik sistemlə ilk istifadəsi halları iyunda Sum vilayətində qeydə alınıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəticələrinə görə, bu dronlar quruluş və elektronikasına görə İran mənşəlidir. Qalıqlar arasında video emal edə və süni intellekt modelləri əsasında hədəf axtarışı aparmaq gücündə olan Nvidia Jetson Orin adlı güclü mini-kompüter aşkarlanıb. Kadrlarda həmçinin dronların operatorlarla əlaqədə olduğu görünür ki, bu da idarəetmə radiusunu artırmaq üçün retranslyator və ya yerüstü qurğulardan istifadə olunduğunu göstərir.
Mövcud sənədlər və ilkin materiallar Shahed-236-nın retranslyator dronu və idarəetmə stansiyası ilə birlikdə kompleks şəkildə işlədiyini göstərir: operatorun idarəsi altında radius təxminən 220 km, avtonom rejimdə isə 1 000 km-dən çox ola bilər. Sənədlərdə göstərilən qiymət (təxminən 900 min dollar) 2022-ci ildə məlum olan Shahed-136-nın qiymətindən (193 min dollar) xeyli yüksəkdir. Bunun səbəbi lokallaşdırma və ya lisenziyalı istehsal ola bilər.
2024-cü ildən etibarən Rusiya demək olar ki, hər gün Ukraynaya "Shahed” zərbə dronları ilə hücum edir. Ukrayna HHQ komandanlığının məlumatına görə, ötən il işğalçılar Ukraynaya qarşı 11,2 min döyüş PUA-sı buraxıblar.
2025-ci ilin əvvəlindən Ukrayna hərbi kəşfiyyatı Shahed-136 ("Geran-2”, "Harpiya”) quruluşunda ciddi dəyişikliklər qeydə alıb. Bundan başqa, Shahed-in "Ы” seriyasına aid modifikasiyaları barədə də məlumat verilib. Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri isə bildirib ki, 16 fevralda Rusiya vilayət mərkəzinə 12 kanallı antenalara malik yeni tip "Shahed” ilə hücum edib.
Alpər
Şərhlər