Cümhuriyyətə son qoymuş rus-bolşevik işğalının 100 illiyinə həsr olunur.
"Yalama” sənədli povestində müəllif Arif Əliyev 100 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin fərəhdən ürəyi coşur, gözü yaşarır.
Həm də qəlbi sızlayır…
Bilməyənlər üçün deyim ki, Yalama Azərbaycanın Rusiya ilə sərhədində sonuncu stansiyanın adıdır.
Müəllifin tapıntısı bilirsən nəyə bənzəyir?
Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.
”Yalama” yaddaşları dirildən kitabdır. Oxuduqca anlayırsan ki, kommunistlər həyasızcasına tariximizə yalan yazıbmışlar, bütöv xalqı ləkələyibmişlər. Sən demə, ən ağır anda xalq şərəf və ləyaqəti naminə ayağa qalxıbmış, onun oğulları Vətən yolunda qorxmadan dirigözlü ölümə gedibmişlər.
Sən demə, biz, Rusiyanın XI Qızıl Ordusunu 1920-ci ilin aprelində gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, ölümün gözünə dik baxıb.
Sən demə, Rusiya Azərbaycanı təzədən işğal edəndə Milli Ordumuzun əsas qüvvələri Qarabağda elə Rusiyanın təhrikiylə başlayan erməni qiyamlarını yatırmaqla məşğul imiş. Ona görə şimal sərhədimizdə cəmi 350 nəfərlik qarnizonumuz qalıbmış.
Deyərsiniz, yenə ermənilərdən yazıram! Bu yerdə ermənilərin rolundan – Rusiyanın Qafqazdakı 200 illik layihəsindən necə yazmayım, axı!
SSRİ dağılandan sonra bilmişik ki, Rusiya 1805-1828-ci illərdə işğal etdiyi Qarabağ, İrəvan xanlıqlarının ərazilərinə erməniləri başqa ölkələrdən köçürürmüş, öz cənub sərhədlərini onların hesabına möhkəmlədirmiş. Çar Rusiyasının bu siyasətini Sovet Rusiyası daha amansız davam etdirirmiş. Etnik təmizləmə siyasətiylə bizi torpaqlarımızdan qovub erməniləri yerləşdirirmiş.
Bu gün Ermənistan mənə dənizdə yaradılan süni adanı xatırladır. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edibsə, ermənilər də Rusiyanın tamını zəbt etmiş kimi görünür. İnanmırsınızsa, Baş nazir, xarici işlər naziri postunu tutan, media maqnata çevrilən, ölkənin siyasi, iqtisadi idarəetmə rıçaqlarında kök salan ermənilərə baxın. Yaxın gələcəkdə Rusiyanın cənub torpaqlarında erməni muxtariyyatı tələbi elan olunarsa, təəccüblənməyin.
Amma bu yazıda ermənilərdən yazmıram, Rusiyanın 100 il əvvəlki işğalından yazıram.
Bizim tarixi bəlalarımızın baiskarı Rusiyadır! Tarix öz yerində, məni bu günümüz düşündürür. Müstəqilliyimizin bərpasından 29 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib. Bəs, Rusiyadan necə, azad ola bilmişikmi? Öz xalqının azadlığını boğan, qonşu ölkələri işğal təhdidində saxlayan bir dövlətə bel bağlamaq olarmı? Bir kəndi belə geri almağımıza imkan verməyən Rusiya Qarabağ davamızda bizim haqq sözümüzümü deyəcək? Bu müharibə ocağını alovlandıran Rusiya deyilmi? Bu sualların cavabını bilə-bilə kimi inandırır, kimi aldadırıq?
Bütün ölkələr, kim necə bacarır, Rusiyadan uzaq durmağa can atır, bu dövlətə ”şər yuvası”sı kimi baxır. Bizim siyasət yürüdənlərimiz ondan beləmi qorxur ki, Azərbaycanı az qala rusca danışanlar ölkəsinə çeviriblər. Bu qədər dövlət hesablı rus məktəbləri dünyanın başqa hansı ölkəsində var? Müstəqil Azərbaycanda doğulan uşaqları hansı ”uzaqgörən” siyasətlə ”rusca” böyüdürlər?
***
Psixologiyada ”Stokholm sindromu” deyilən termin var. Zora məruz qalıb şok yaşamış adamlar onlara zülm edənə duyğusal hisslər bəsləyirlər. Bu termin həbsdən qaçmış bir soyğunçunun 1973-cü ildə Stokholmda ”Kreditbank”ın dörd içşisini altı gün girov saxlaması olayından sonra yaranıb. Azad olunanlar onları girov götürmüş adamı məhkəmədə müdafiə edirlər. Deyilənə görə, girov qadınlar sonra həbsxanaya məktublar da göndərirmişlər. Bir qadın hətta sevgilisini atıb, türmədən çıxanacan onun yolunu gözləyibmiş.
Qəribə haldı insanın ona zülm edənə pərəstişi!
Bizim Rusiyaya münasibətimiz də bu sindroma bənzəyir. Bizimkinin adı ”Rusiya sindromu” olsun gərək – xilas ola bilmirik!
***
Rusiyadan qurtulmağın yolu Rusiyanın demokratikləşməsindən keçir!
Bu, belədirmi? İnanmaq istəyirəm. Amma ha fikirləşirəm, demokratik Rusiyanı göz önünə gətirə bilmirəm. Sonacan demokrat qalan bir rusiyalı siyasətçi tapmaq çətindir, bəlkə də mümkünsüzdür. Hansısa anda ya imperialist, ya da şovinist düşüncələrinə rast gələcəksiniz.
Rusiyalı siyasətçilər içində hörmət bəslədiyim Boris Nemtsovun Kreml yaxınlığında qətlinin səhəri günü isveçli bir tanışım rus xalqının xarakteri barədə məni söhbətə tutdu. Xeyli sual verdi. Keçmiş sovet ölkəsindən olduğumu bildiyindən elə zənn eləyirdi ki, bu mövzuda xeyli bilgim var. Ürəyimdə deyindim: "Rəhmətliyin qızı, neçə yüz ildi bütün dünya "загадочная русская душа” mifindən baş aça bilmir, mən sənə bu dar macalda onu necə izah edim!”
Rus şairi Tyutçevin məşhur "Rusiya ağılla dərk olunmaz!” misrasını ona söyləyib dedim ki, mənim fikirlərim səndə tam təsəvvür yaratmaya bilər, gəl sənə bir məsləhət verim. Ona Karlskrona şəhər kitabxanasının rus bölməsindən Aleksey İvanovun ötən il oxuduğum "Coğrafiya müəllimi qlobusu gillətdi” («Географ глобус пропил») romanını götürüb oxumağı, sonra da "Durak” və "Levifian” adlı rus filmlərinə baxmağı tövsiyyə elədim. "Kitab rus insanını duymağa, filmlər də Rusiyanı dərk eləməyə kömək edər”, dedim. Danışıq ruscası sən deyən yaxşı olmasa da, rus ədəbiyyatını rus dilində oxuya bilirdi tanışım.
Bir müddət sonra onunla rastlaşanda kitabı oxuduğunu, filmlərə də baxdığını söylədi. "Doğrudan da Rusiya ağılla dərk olunmazdır!” sözlərinə belə cavab verdim: "Hər halda öz klassikləri anlayıbmışlar. Saltıkov-Şedrininmi, ya Zoşşenkanın sözüdür: "Yatsam, bir də yüz il sonra oyansam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, deyərdim: İçirlər və talan edirlər”.
İsveçli tanışıma söylədiklərimi üzünü hələ də Rusiyaya tutan soydaşlarıma da demək istərdim…
Son iki əsrin cəmi 3 ilini Rusiyasız ötüşmüşük. 1918-1920, bir də 1992-1993-illərdə. Bu gün Azərbaycan tarixi növbəti ”rusiyalı” dönəmini yaşayır. Cəmiyyətin bunu dərk və dərd edən kəsimi mətbuatda, sosial şəbəkələrdə müzakirələr açır. Rus dilinin qeyri-rəsmi dominanta çevrilməsindən, xarici və daxili siyasətimizdə Rusiya vektorunun aydın sezilməsindən narahatlığını dilə gətirir. Bu kəslər bilirlər ki, biz hətta rus dilini dövlət dili eləsək belə, Rusiya bizə Qarabağı qaytarmağa imkan verməz, sivil dünyaya inteqrasiya etməyimizlə barışmaz!
***
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il keçir. Müsəlman Şərqinin ilk dünyəvi respublikasına bolşevik Rusiyası son qoydu. Amma AXC-ni tarix səhnəsindən silə bilmədi. Biz onu bərpa elədik.
Tarix təkərini geri fırlatmaq mümkün deyil. Mən inanıram ki, Azərbaycan azad, demokratik, Qarabağı xilas etmiş bir dövlətə çevriləcək. Bunu ”Rusiya sindromu”na yoluxmayan insanlarımız edəcəklər.
Vahid Qazi
Aprel, 2020
Helsinqborq, İsveç
Şərhlər