"Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb olunan addımları atmalıdırlar”.
Qaynarinfo xəbər verir ki, bunu "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O bildirib ki, sözügedən Bəyanatın imzalanmasından ötən beş ayda daim gündəmdə olan məsələlər arasında "Rusiya sülhməramlıları özlərinin sülhyaratma missiyalarını düzgün yerinə yetirirlərmi”, "Bəzi aparıcı dövlətlər və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə niyə susurlar”, kimi suallar xüsusi yer tutur.
Təəssüf ki, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan və regionumuzda sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya, eyni zamanda, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar postmüharibə dövrünün reallıqlarına konkret mövqe sərgiləmirlər.
Günümüzün reallığı budur ki, məğlub durumda olan Ermənistan hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq yenə də beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur.
Təcavüzkar dövlət nümayişkaranə şəkildə işğaldan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar isə Ermənistanın, necə deyərlər, bu cığallığı fonunda susmaqda davam edirlər”.
V.Rəhimzadə qeyd edib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla Azərbaycan Ordusunun döyüş meydanında Qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi:
"Məhz bu reallığın fonunda tərəflərə münasibətdə sırf bitərəflik nümayiş etdirməli olan Rusiya sülhməramlılarının sual doğuran fəaliyyəti bir daha belə bir xatırlatmanı zəruri edir ki, bütün sülhməramlı missiyalar öz fəaliyyətlərində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, münaqişə bölgələrində yalnız sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışmalıdırlar.
Başqa sözlə, tərəflərə münasibətdə qərəzsizlik və neytrallıq nümayiş etdirmək, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərmək sülhməramlıların başlıca vəzifəsi olmalıdır.
Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məhz bu vəzifələri yerinə yetirmək üçün yerləşdiriliblər. Daha dəqiq ifadə etsək, Rusiya sülhməramlıları heç bir halda öz mandatlarından kənara çıxmamalı, birgə Bəyanatda nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməlidirlər.
Bəs bu gün biz reallıqda hansı mənzərəni görürük? Rusiya sülhməramlıları ötən müddətdə özlərinə qarşı etimad mühitini formalaşdıra biliblərmi? Düşünmürük ki, bu sualı cavablandırarkən sadəcə "hə” demək mümkündür.
Ona görə ki, son vaxtlar Rusiya sülhməramlılarının öz mandatlarının tələblərini aşmaları tez-tez müşahidə olunmaqdadır”.
Şərhlər