Rusiya Federasiya Şurası Rusiya ilə qarşıdurmanın nəticələri barədə Türkiyəyə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov Suriyanın İdlib şəhərində 33 türk hərbçisinin həlak olmasıyla bağlı hadisələrə münasibət bildirib.
Cabarovun sözlərinə görə, Türkiyənin İdlib üzərindəki öhdəliklərini yerinə yetirməməsi səbəbindən bu bölgə terrorçuların qalasına çevrilib.
"Belə çıxır, Türkiyə terrorçuları qanadı altına alıb", - Cabarov deyib. O, qeyd edib ki, belə hərəkətlərə son qoyulmalıdır.
Bundan əlavə, senator çox ciddi və təhlükəli bir qarşıdurmanın alovlanmağa başladığını bildirib. O, 2015-ci ilin noyabrında Türkiyənin Rusiya Su-24-ünü vurduğu zaman yaranmış fövqəladə vəziyyəti xatırladıb. Senatorun fikrincə, o zaman münasibətlər Rusiya rəhbərliyinin yaxşı iradəsi sayəsində bərpa edilib.
"Əgər Türkiyə indi də eyni xətti davam etdirsə, təhdid və o cümlədən təyyarələrimizə zərbələr endirməyə davam etsə, hərbi qüvvələrimiz arasında qarşıdurma başlaya bilər", - senator deyib və bu münaqişənin arzuolunmazlığını vurğulayıb: "Çünki Türkiyə özü də bir vaxtlar Suriyadakı terrorçularla mübarizəyə böyük töhfə verib”.
Senator türklərin Rusiya ilə münasibətlərdə ikinci səhv etməyəcəyinə ümidvar olduğunu da bildirib.
Qeyd edək ki, bu açıqlamdan sonra Türkiyə prezidentinin təhlükəsizlik üzrə müşaviri Məsud Haqqı Ankaranın Moskva ilə hərbi qarşıdurmaya hazır olduğunu və "dəhşətli” qisas alacağını açıqlayıb.
Alpər
Şərhlər