Dünya 11:31 11.04.2022

Rusiya-Ukrayna müharibəsi dünyanı necə dəyişəcək? - Dörd mümkün ssenari

Metyu Berrouz
Brent Skoukroft adına Strategiya və Təhlükəsizlik Mərkəzi, proqnozlaşdırma üzrə direktor

Robert Manninq
Brent Skoukroft adına Strategiya və Təhlükəsizlik Mərkəzinin eksperti

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi seçimi Soyuq müharibədən sonrakı dövrün yekun aktını və yeni, hələ yazılmamış eranın başlanğıcını qeyd edən dünya tarixi hadisəsidir. Mümkün nəticələrin spektri ABŞ, Rusiya və Çinin iştirak etdiyi yeni qeyri-sabit soyuq və ya real müharibədən, Ukraynada dondurulmuş münaqişədən və Rusiyanın yenidən işlənmiş Avropa təhlükəsizlik arxitekturasının bir hissəsinə çevrildiyi post-Putin nizamlanmasına qədərdir. Qərbin maksimum az müddətdə Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq etməsi və nüvə müharibəsinə sürüklənmək üçün real potensiala malik olduğumuz bir vaxtda biz naməlum bir dünyadayıq. Putinin necə "qalib gələcəyini” hesablamaq çətindir, lakin o, məğlubiyyəti qəbul edə bilmir.

Aşağıda bu müharibənin necə bitəcəyinə dair dörd ssenari və növbəti iki-üç il ərzində beynəlxalq münasibətləri dəyişə biləcək alternativ geosiyasi gələcəklər var. Biz gələcəyi proqnozlaşdırmaq üçün deyil, qərar qəbul edənlərə bundan sonra nələrin baş verə biləcəyini təsəvvür etmək və ən pis ssenarinin qarşısını almaq yollarını tapmaqda kömək etmək üçün ssenarilər hazırlayırıq.

Ukrayna uğrunda gedən müharibədə əmin ola biləcəyimiz yeganə şey - əvvəllər əmin olduğumuz hər şeyin alt-üst olmasıdır.

Beləliklə, burada dörd mümkün ssenari var:

Ssenari №1: Dondurulmuş münaqişə

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları bir ildən çoxdur ki, uzanır və mülki əhali arasında itkilərin sayı artmaqda davam edir. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın sui-qəsd cəhdləri səbəbindən həyatı daim təhlükə altında olsa da, Kiyevdə qalır.

2023-cü ildə qlobal neft qiymətləri 100 dollar/barel üzərində qalır, çünki Avropa Rusiyanın enerji təchizatını kəsmək üçün mübarizə aparır. 2022-2023-cü illərin sərt qışı Avropa İttifaqı (Aİ) ölkələrini enerji normasına keçməyə sövq edir, sənaye ehtiyac duyulan elektrik enerjisindən məhrum edilir və sinif otaqlarının qızdırılmasında çətinliklər səbəbindən məktəbləri ən pis hava şəraitində bağlanmağa məcbur edir. Avropa tənəzzülə doğru gedir. Birləşmiş Ştatlar tənəzzüldən qaçsa da, yüksək benzin qiymətləri amerikalıları narahat etməkdə davam edir. Demokratik Partiya 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərində həm Senat, həm də Nümayəndələr Palatasına nəzarəti itirir və ABŞ prezidenti Co Baydenin siyasi proqramını həyata keçirmək imkanını kəskin şəkildə zəiflədir.

Bu arada Rusiya çətin vəziyyətdədir. Rusiya Mərkəzi Bankının heç bir qazanc əldə etmədiyi bir şəraitdə bacarıqlı idarəçiliyinə baxmayaraq, əsas ərzaq məhsulları ilə təminatda fasilələr və Çindən gözləniləndən az yardım fonunda inflyasiya sürətlə yüksəlir. Rusiya hərbi iyerarxiyası başa düşür ki, Ukraynadakı müharibədə qalib gəlmək mümkün deyil və qəzəbli oliqarxların, hərbi və kəşfiyyat rəsmilərinin zəif koalisiyasının Putini istefaya məcbur etmək və onun yerinə keçmiş prezident Dmitri Medvedevi təyin etməyi planlaşdırdığı barədə şayiələr gəzir. Ölkənin kəşfiyyat xidməti FTX saray çevrilişinin qarşısını alır, Putin isə onlarla generalı həbs düşərgələrinə göndərir.


 
2023-cü ilin əvvəlində qarşı tərəflər dalana dirənir və aşağı intensivdə gedən münaqişənin sonu görünmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts atəşkəsə nail olmaq üçün vasitəçilik etməyə çalışırlar. Təxminən on milyon ukraynalı Aİ-yə mühacirətə gedib, burada dərinləşən tənəzzül daha çox qaçqın qəbuluna qarşı ictimai müqaviməti gücləndirir. Avropa liderləri Putinə stimul təklif etməyə hazırdırlar: Rusiya qüvvələri döyüşləri dayandırdıqdan və onların Ukraynadan çıxarılmağa başlayandan sonra bəzi sanksiyaların götürülməsi.
 
Daxili təzyiq altında, Putin qoşunlarının bir hissəsini Ukraynadan çıxarır, lakin Ukraynanın sahil zolağının çox hissəsini nəzarətdə saxlamaq üçün orada kifayət qədər qüvvə saxlayır və Donbas regionu ilə Krım arasında quru dəhliz yaradır. Fransa və Almaniya liderləri Rusiyanın öz silahlı birləşmələrini yalnız qismən çıxarmasından məyus olurlar və buna cavab olaraq yalnız Putini devirmək planında iştirak edən oliqarxlara qarşı sanksiyaları ləğv edirlər. Avropa iqtisadiyyatının bərpası məqsədilə Aİ Rusiyanın enerji resurslarına tətbiq etdiyi embarqonu müvəqqəti olaraq ləğv edir. Bayden administrasiyası öz enerji embarqosunu aradan qaldırmır. Amma 2023-cü ilin ortalarında prezident seçkilərinin başlaması ilə neftin qiymətinin düşməyə başlayacağı ümidi ilə o, digər ölkələrin, o cümlədən Avropa müttəfiqlərinin Rusiyanın enerji idxalına göz yumur.

Fransa, Almaniya, Türkiyə və İsrail liderlərinin Putinlə danışıqları uzanır. Moskvaya, NATO-nun Ukraynaya silah tədarükünü dayandırılması və Ukrayna və Gürcüstanın Alyansa daxil edilməsi ilə bağlı 2008-ci ildə verilən vədin ləğv olunacağına dair zəmanət lazımdır. Zelenski bir müddət Ukraynanın NATO-ya üzvlük arzusunun artıq həyata keçirilə bilməyəcəyini etiraf etsə də, Birləşmiş Ştatlar bu yöndə təslim olmur. Yalnız Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) üstəgəl Almaniya və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olduğu halda Ukrayna prezidenti neytrallığa razı olacağını bildirir. Bununla belə, Zelenski ölkəsindən qopan Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanımaq istəmir.

Bu məsələlər üzrə danışıqlar dalana dirəndiyi üçün Vaşinqton Ukrayna qüvvələrinə hərbi təchizatla bağlı səylərini ikiqat artırmaq istəyir, Fransa və Almaniya hələ də Moskva ilə gərginliyi aradan qaldırmağa ümid edir və Putinin artıq bölgədən çıxardığı qüvvələrini geri qaytaracağından qorxur. Polşa və digər Mərkəzi Avropa ölkələri ABŞ-ın mövqeyini dəstəkləyir, xüsusən də Zelenski Rusiyaya qarşı təzyiqləri azaltmağına qarşı çıxır. O, təkid edir ki, Ukrayna qüvvələri daha çox hərbi yardım alarsa, onların Rusiyaya qalib gəlməsi üçün yaxşı şansları yaranacaq.
 
ABŞ-da prezident seçkiləri kampaniyası qızışdıqca, Ukraynada da döyüşlər güclənir və Bayden administrasiyası növbəti addımları müzakirə etmək üçün NATO-nun xüsusi sammitini çağırır. Həm ABŞ, həm də onun avropalı müttəfiqləri münaqişənin hazırkı gedişatını qeyri-sabit qiymətləndirirlər. Aİ ictimaiyyəti mənzillərin qiymətindən və tənəzzüldə olan Avropanın milyonlarla ukraynalı qaçqına yardım edilməsi problemindən getdikcə daha çox narazılıq edir.
 
ABŞ-da administrasiya 2024-cü il seçkilərində Demokratik partiyanın məğlub olacağından qorxur, çünki qaz qiymətləri və inflyasiya yüksək olaraq qalır və iqtisadiyyat zəifləyir. Yaxın Şərq, Misir son iki ildə çörəyin bahalaşması səbəbindən getdikcə şiddətlənən aclıq iğtişaşları ilə sarsılır. Avropalılar "ərəb baharı”nın daha çox qeyri-sabitlik, terror və qaçqınlarla bağlı olan problemlərin təkrarlanmasından qorxur. Həmçinin ABŞ və Avropa üçün digər ölkələrin Rusiyaya qarşı sanksiyalarını tətbiq etmək getdikcə çətinləşir.

Ola bilər ki, Rusiya Avropaya əvvəllər olduğu qədər çox neft və təbii qaz satmır, lakin o, endirim edir və başqa yerlərdə Rusiya enerjisi üçün çox sayda alıcılar tapır. Qərb liderləri narahatdırlar ki, sanksiyaların ilkin şoku keçib və adi rusiyalıların çoxu tədricən onlara uyğunlaşmağı öyrəniblər. Çevrilişlərdən qurtulan Putin ölkəyə nəzarəti bərpa edir.

NATO sammitində Bayden Qərbin iki variantının olduğunu açıqlayır. Birincisi, Zelenski və Putini atəşkəs və məhdud sülh sazişi bağlamağa məcbur etməkdir, baxmayaraq ki, bu, kövrək sülh öz-özlüyündə təhlükədir. İkinci variant ondan ibarətdir ki, Qərb Ukraynaya hərbi yardımını artırmalı və ümid etməlidir ki, Ukraynanın hərbi nailiyyətləri Putini böyük güzəştlərə getməyə məcbur edəcək, lakin bu, Rusiyanın Polşa-Ukrayna və Rumıniya-Ukrayna sərhədlərindəki təchizat anbarlarına hücum risklərini ehtiva edəcək. Bayden həmin vaxt bu perspektivləri çətin ki, görə bilsin; birinci variantın ikinci ssenarimiz kimi bir şeylə ("ikiqat soyuq müharibə”) başa çatma ehtimalı daha yüksəkdir, ikinci variant isə bizim üçüncü ("nüvə apokalipsisi") və ya dördüncü ("gözəl yeni dünya") ssenarimizə oxşar vəziyyətlərə gətirib çıxarma ehtimalı daha yüksəkdir.



Ssenari №2: İkiqat soyuq müharibə

Rusiya və Ukrayna arasında bir neçə aydır davam edən sülh danışıqları dalana dirənib, belə ki, ukraynalılar Qərbin yeni hərbi təchizatlarının münaqişənin tarazlığını onların xeyrinə dəyişəcəyinə ümid edirdi. Ancaq Ukraynanın bir neçə şəhəri xarabalığa çevriləndə məlum olur ki, müharibədə heç bir tərəf tam qələbəyə nail ola bilməyəcək. 

Fransa və Almaniya, hər iki tərəfi Rusiya qüvvələrinin bölgədən tam çıxarılması şərti ilə NATO-ya üzv olmaq məqsədini konstitusiyadan çıxarılması və Ukraynanı Avstriyaya kimi neytral dövlətə çevrilməsinə dair sülh sazişinə razı salmaq üçün yenidən səy göstərirlər. Eyni zamanda, Rusiya tərəfindən ilhaq edilmiş Krımın və özünü Donetsk və Luqansk respublikaları adlandıran iki bölgənin daimi statusu kimi daha mürəkkəb məsələlər müzakirə olunur.

Bir neçə uğursuz cəhddən sonra Zelenski və Putin təkcə Paris və Berlinin deyil, həm də Vaşinqtonun təzyiqi ilə atəşkəs sazişi bağlayırlar. Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardımın artırılmasını və inkişafın maliyyələşdirilməsini, habelə Kreml ölkənin mübahisəli bölgələrindəki qoşunlar istisna olmaqla, digər qoşunlarını Ukraynadan çıxarılması şərtilə, Rusiyaya qarşı sanksiyaların müəyyən qədər azaldılmasını təklif edir. Aİ qaçqınların Ukraynadakı evlərinə qayıtmalarına da yardım edir.

Atəşkəs rejiminə əməl olunması və Rusiyanın qoşunlarını çıxarmağa başlaması ilə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts NATO və Rusiya arasında silahlara nəzarət üzrə danışıqlara start verəcək daha geniş sülh konfransı təklif edirlər. Onların məqsədi Avropada yeni soyuq müharibənin qarşısını almaqdır. Bununla belə, Vaşinqton konfrans ideyasına qarşıdır və ABŞ-ın xarici siyasət elitasında bir çoxları hesab edirlər ki, Putin Ukraynaya əsassız işğala görə kifayət qədər cəza almayıb. Konqresin hər iki partiyadan olan aparıcı üzvləri prezidentdən Rusiyaya qarşı ən sərt maliyyə sanksiyalarını belə ləğv etməməyə çağırırlar, halbukı Makron və Şoltsa görə, kövrək sülhü möhkəmləndirmək üçün məhz bu addımlar atılmalıdır. ABŞ-ın mövqeyi bir neçə Şərqi Avropa Aİ üzvünün Fransa-Almaniya təşəbbüsünə qarşı çıxması ilə gücləndirilir.


 
ABŞ administrasiyası, Moskva ilə nüvə silahlarının azaldılmasına dair yeni müqaviləni geri çəkmək üçün Konqresin təzyiqinə boyun əyməkdən imtina etsə də, bu şəraitdə adi silahlara məhdudiyyətlərin qoyulması barədə NATO-Rusiya danışıqlarına başlamaq üçün Fransa-Almaniya səylərini dəstəkləmir. Şərqi Avropa müttəfiqlərinin Rusiyaya qarşı təzyiqin artırılması ilə bağlı çağırışlarına qulaq asaraq, ABŞ və onun Qərbi Avropadakı müttəfiqləri Polşa və Baltikyanı dövlətlərin sərhədlərində yeni hərbi qüvvələr yerləşdirirlər. Rusiya və Belarus adekvat addımlar atırlar.
 
Alman silahlı qüvvələrini gücləndirmək planlarını yerinə yetirən Şolts Aİ-nin müdafiəsini gücləndirməyə çağırır. Makron bir daha Avropaya qarşı ola biləcək təcavüzlərə cavab olaraq Fransanın nüvə silahlarını genişləndirmək təklifini irəli sürür.

Neftin qiyməti aşağı düşür, lakin bir barel üçün 75-95 dollar aralığında qalır. Avropa bərpa olunan enerji mənbələrini, o cümlədən nüvə enerjisini dəstəkləmək üçün səylərini gücləndirir. 2022-23-cü illərdəki tənəzzüldən sonra Aİ-nin iqtisadi artımı müharibədən sonra illik müqayisədə 1 faizdən azdır, ABŞ-da 2%, Çin isə 5%-dən aşağıdır. Afrika və Yaxın Şərqin Ukraynanın buğda ixracından asılı olan hissələrində qiymət artımları və iğtişaşlar artmaqdadır.

Bu arada, Rusiya iqtisadiyyatının ləng bərpası səbəbindən Çin və digər Asiya bazarlarından getdikcə daha çox asılı vəziyyətə düşür və Şərqə enerji ixracını sürətləndirir. Çin iki qonşu dövlətin Belçikada yerləşən SWIFT beynəlxalq ödəniş sistemindən yan keçməsinə imkan verəcək transsərhəd banklararası ödəniş sistemini genişləndirir. Rusiya və Çin rəqəmsal yuan ticarətini genişləndirərək dollara olan ehtiyacı azaldır. Çin, həmçinin Rusiyanın təxminən 100 milyard dollar dəyərində olduğu təxmin edilən qızıl ehtiyatlarını Rusiyanın Çin mallarını almaq üçün istifadə edə biləcəyi yuana çevirir.

Çinin Rusiyaya dəstəyi fonunda Vaşinqton yeni soyuq müharibəni təkcə Moskvaya deyil, həm də Pekinə qədər genişləndirir. Birləşmiş Ştatlar bəzi Çin banklarına qarşı sanksiyalar tətbiq edir və müttəfiqlərini getdikcə siyahısı genişlənən Çin texnologiya şirkətlərini qara siyahıya salmağa çağırır. Avropa liderləri isə öz növbəsində Çinə qarşı getmək istəmirlər, lakin ABŞ-ın tələblərinə qarşı çıxa biləcəklərinə inanmırlar. Birləşmiş Ştatlar, həmçinin Çinə yarımkeçirici çip ixracını dayandırır, öz sənayesi üçün problemlər yaradır və Çinin özünü texnoloji cəhətdən təmin etmək səylərini sürətləndirir. ABŞ hökuməti, həmçinin Tayvanla bağlı "strateji qeyri-müəyyənlik" mövqeyinə son qoyur və Tayvanın Çindən müstəqilliyini elan etdiyi bir vaxtda Çinin adaya qarşı hər hansı təcavüzünə cavab olaraq hərbi müdaxilə edəcəyini bildirir. Moskva və Pekin isə öz növbəsində siyasi əməkdaşlığı dərinləşdirir.
 
Si ABŞ-la genişlənən soyuq müharibədə fayda görür. O, özünün millətçi ritorikasını gücləndirir, rejimin Qərbə qarşı mübarizəsinə tərəfdar toplayır və sarsıntı içində olan iqtisadiyyatı gücləndirmək üçün bazar islahatlarını həyata keçirmək və Birləşmiş Ştatlarla kompromiss tapmaq istəyən Kommunist Partiyası üzvləri arasında onun hakimiyyəti ilə bağlı artan narazılığını yatırır.
 
Bu şəraitdə Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Türkiyə və Braziliyanın daxil olduğu qeyri-rəsmi "qarışmayan” dövlətlər bloku yaranır. Bu ölkələrin əksəriyyəti Qərbin Moskvanı təcrid edilməsi üçün təzyiqlərinə baxmayaraq, Ukraynadakı müharibə zamanı Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlayır. İqtisadi cəhətdən Çinlə ticarətindən asılı olanlar Pekinlə daha sıx əməkdaşlığa can atırlar.

İqlim dəyişikliyindən tutmuş ümumi iqtisadi məsələlərə, qlobal texnologiya standartlarına və yoxsul ölkələrə inkişaf yardımına qədər hər məsələ üzrə beynəlxalq əməkdaşlıq getdikcə çətinləşir. ABŞ və Çin arasında artan rəqabət hər bir dövləti rəqəmsal məsələlərdə mümkün qədər çox ölkəni öz tərəfinə çəkməyə məcbur etdiyindən internet parçalanmağa davam edir. Deqloballaşma prosesi sürətlənir və qlobal iqtisadi artım azalmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatından tutmuş Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatına qədər beynəlxalq çoxtərəfli qurumlar tənəzzül içindədir.

Ssenari №3. Nüvə apokalipsi

Ukraynalıların Rusiya işğalına qarşı cəsarətli müqavimətinə baxmayaraq, ölkənin bir çox şəhərləri xarabalığa çevrilib. Belə bir şəraitdə Ukrayna prezidenti Volodimir Zelenski Moskva ilə danışıqlardan imtina edir. Qərbdə silah və humanitar yardımdan başqa digər müdaxilə formaları üçün təzyiqlər artır. Birləşmiş Ştatlar və digər NATO üzvləri ukraynalı döyüşçülər üçün silah tədarükünü artırır, onlara gizli təlim və sərhədin Polşa tərəfində təhlükəsiz sığınacaq verir. Müharibə davam edir, eyni zamanda ukraynalıların ölkəni tərk etmə sürəti də artır. Silahlı üsyançılar, hətta rus qoşunları tərəfindən işğal edilən hissələrində də döyüşləri davam etdirir və Qərbi daha fəal yardıma çağırır.
 


Rusiyada isə Qərbin sanksiyaları 1998-ci ildəki maliyyə böhranı zamanı olduğundan daha çox sadə insanlara zərbə vurur. Çoxunun yaşı qırxdan az olan orta təbəqəyə aid alim, mühəndis, müəllim, texniki işçi və digərlərinin kütləvi köçü baş verir, bu da Rusiyanın gələcəyini təhlükə altına qoyur. Moskva buğdanın ixracını qadağan edir və iri şəhərlərdə mənzil kirayəsi və ilkin tələbat mallarının qiymətlərini "dondurur”. Rusiya polisi Ukraynada rus hərbçilərinin vəhşi hərəkətlərinə qarşı artan etirazları vəhşicəsinə yatırır.
 
Kreml, ukraynalı qiyamçıların Rusiya ordusuna qarşı olan mübarizəsindən getdikcə daha çox narahat olur. Rusiyanın kəşfiyyat xidməti olan FTX Putinə Polşada ukraynalı üsyançılar üçün təhlükəsiz sığınacaq yeri barədə xəbərdarlıq edəndə, Rusiya prezidenti Əfqanıstandakı sovet kabusunu xatırlayır və bu cür yardım göstərilməsi cəhdlərinin qarşısını almağa qərar verir. BMT Təhlükəsizlik Şurasında Rusiyanın daimi nümayəndəsi Mərkəzi Kəşfiyyat İdarəsinin təlim bazası və orada yerləşən ölümcül silah anbarlarının fotoşəkillərini nümayiş etdirir.
 
Bundan sonra İkinci dünya müharibəsinin sonundan bəri mövcud olan nüvə silahının istifadəsinə qarşı qlobal tabunu pozan kəskin eskalasiya baş verir: Putin öz qüvvələrinə Polşa ilə sərhədin Ukrayna tərəfində, əhalinin az məskunlaşdığı ərazidə taktiki nüvə raketini partlatmağa icazə verir. Bununla da Putin, birbaşa ABŞ/NATO-ya aid sığınacağa zərbə vurmadan, lakin onun mövcudluğu ilə razılaşmadıqlarına dair inandırıcı siqnal göndərir.

Buna cavab olaraq Polşa NATO nizamnaməsinin 5-ci maddəsinə istinad edərək alyansın digər üzvlərinin onu müdafiə etməsi üçün çağırış edir. NATO-nun fövqəladə sammiti çağırılır. ABŞ-ın müharibə tərəfdarları mütənasib nüvə cavabına çağırış edir, lakin Bayden administrasiyası ilk növbədə Putinə real nüvə qisası təhlükəsi ilə müşayət olunan ultimatum verir. Birləşmiş Ştatlar Rusiya ilə NATO arasında xeyli genişlənmiş münaqişəyə son qoymaq üçün şərtlər irəli sürür: Rusiya dərhal bütün Ukraynadan, o cümlədən Krım və Donbas bölgəsindən qoşunlarını çıxarmalı; Ukraynanın NATO-ya üzv olmayacağı ilə bağlı heç bir vəd verilmir; ABŞ-ın bütün sanksiyalarının götürülməsi üçün Rusiya Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməlidir. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts kimi Avropa liderləri Rusiyanın qeyd-şərtsiz təslim olması tələblərinə qarşı çıxırlar. Amma Avropada misli görünməmiş nüvə münaqişəsi fonunda emosiyaların dərəcəsinə görə heç bir iş görə bilmirlər.

Putin danışıqlara razıdır, lakin ABŞ və müttəfiqlərinin irəli sürdüyü şərtləri rədd edir. Buna cavab olaraq, NATO Ukraynada Rusiya ilə sərhəd yaxınlığındakı Rusiya hərbi bazasını məhv edilməsi üçün bir neçə qanadlı raket atır. NATO-nun hücumunu nasist işğalı ilə müqayisə edərək, Putin rus ictimaiyyətinin dəstəyini qazanır, hətta rus elitasının üzvləri onu devirmək üçün uğursuz cəhdlər etsələr belə. Rusiya bu dəfə Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə taktiki nüvə raketləri ilə daha iki zərbə ilə cavab verir.

Tərəflər bir-birlərinə nüvə zərbələri endirirlər: ABŞ Rusiyanın hərbi obyektlərini məhv edir, Rusiya isə Almaniyadakı NATO bazalarını və ABŞ-ın Quam və Alyaskadakı obyektlərini vurur. Əsas diqqət hərbi hədəflərə yönəldilsə də, zərbələr nəticəsində minlərlə dinc sakin həlak olur. Radiasiya zəhərlənməsi nəticəsində ölənlərin sayının artması ilə bağlı narahatlıqlar artır. Həm ABŞ, həm də Rusiya kosmosda bir-birinin nüvə komandanlığı və idarəetmə infrastrukturunu sıradan çıxarmaq üçün süni intellekt və kiberhücumlardan istifadə edir. İkinci Dünya müharibəsindən fərqli olaraq, Çin (Fransa ilə birlikdə müharibə edən tərəflər arasında uğursuz vasitəçilik etməyə çalışır), Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələri neytrallığı qoruduğu üçün döyüşlər Avropada cəmləşir. Lakin III Dünya müharibəsi başlayır.

Ssenari №4: Gözəl yeni dünya

"Nüvə apokalipsisi” ssenarisində olduğu kimi, Rusiya Polşa ilə sərhədin Ukrayna tərəfinə, ABŞ/NATO düşərgəsinin qarşısına taktiki nüvə raketi atır. ABŞ-da bir çoxları Rusiya şəhərini qanadlı raketlərlə bombalamaqla qisas almaq istəyir və belə bir addım nüvə Armageddonunun başlanğıcı kimi görən Avropa liderlərini dəhşətə gətirir. Avropa təzyiqi Vaşinqtonu hərbi əməliyyatlardan çəkinməyə vadar edir, Çin isə Rusiyanı nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətindən çıxarmağa məcbur edilməsi üçün müdaxilə edir.

Təxminən səksən il ərzində nüvə silahının ilk istifadəsinin şoku, Rusiyanın zərbəsinin Birinci Dünya müharibəsinə səbəb olan hersoq Frans Ferdinandın öldürülməsinin nüvə versiyası ola biləcəyi ilə bağlı narahatlıqlar artır. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Çin, İsrail və Avropa İttifaqının münaqişənin həlli üçün sıx əməkdaşlıq etdiyi sülh konfransı çağırır. Ukraynada ATƏT və BMT sülhməramlılarının (onların bəziləri Çin Xalq Azadlıq Ordusundan olan) nəzarəti altında atəşkəs rejimi tətbiq edilir. Növbəti 9 ay ərzində tərəflər, Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını və Moskva razılaşmaya əməl etdiyi müddətcə Qərbin Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasını təmin edən saziş üzrə danışıqlar aparır.



Razılaşmanın bir hissəsi olaraq, Ukrayna referendumla təsdiq edilmiş yeni federal konstitusiyaya əsasən neytral dövlət status alır və Şərqlə Qərb arasında strateji bufer kimi yeni mövqe tutur. O, Aİ ilə iqtisadi əlaqələri saxlayır və Rusiyanın narahatlığını aradan qaldırmaq və Ukraynanın şərqində bərpanı asanlaşdırmaq üçün Putinin Avrasiya İqtisadi İttifaqına da qoşulur. O, NATO-Rusiya adi silahlara dair daha geniş məhdudiyyətlər və etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində razılaşdırılmış limitlər çərçivəsində öz müdafiəsi üçün özünü silahlandırmaq qabiliyyətini saxlayır. Krım sakinləri beynəlxalq nəzarət altında olan referendumda Rusiyaya qoşulmağa səs verdikdən sonra mübahisəli yarımada BMT tərəfindən Rusiyanın bir hissəsi kimi tanınır. Donetsk və Luqansk vilayətləri Ukraynanın yeni konstitusiyasına uyğun olaraq qismən muxtar vilayətlərə çevrilir. Avropanın yeni təhlükəsizlik tədbirləri çərçivəsində Qərbi Avropa ölkələri Birləşmiş Ştatlara və Şərqi Avropanın NATO üzvlərinə alyansın 2008-ci ildə Ukrayna və Gürcüstanın üzvlüyünü genişləndirmək vədindən geri çəkilmələri üçün təzyiq göstərirlər və buna nail olurlar. Yenilənmiş ATƏT regionda təhlükəsizliyin təmin edilməsində daha mühüm rol oynayır. Lakin NATO nizamnaməsi dəyişmir, nəzəri olaraq açıq qapı siyasətini qoruyur.

Rusiyanın nüvə silahının istifadəsinə qlobal reaksiyaya əsaslanaraq, BMT-nin Baş katibi bütün taktiki nüvə silahlarını qadağan edilməsi və nüvə tərksilahı məqsədinə qayıtması tədbirlərinə rəhbərlik edir. Avropada da nüvə tərksilahı üçün güclü hərəkat başlayır. Birləşmiş Ştatlar və Rusiya yerləşdirilmiş nüvə başlıqlarını hər birinin 1000-ə endirmək barədə razılığa gələrək START III (strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilə - red.) üzrə danışıqlar aparır. Adi silahların azaldılmasını tənzimləyən əlavə sazişlər ABŞ və Rusiyanın silahlı qüvvələrinin və silah sisteminin ölçüsünü məhdudlaşdırır.

Sülh konfransı Ukraynada müharibəyə son qoyduqdan sonra, 2024-cü ildəki Rusiya seçkiləri ərəfəsində bir qrup oliqarx və yüksək rütbəli hərbi və kəşfiyyat rəsmiləri Putinə ultimatum verirlər: istefa ver və ya müharibə cinayətlərinə görə mühakimə olun. Putin xatirələrini yazmaq üçün öz bağ evinə getməyə qərar verir. İslahatlara can atan Rusiya xalqı ABŞ və Qərblə əlaqələri bərpa edir və Çindən asılı qalmamaqdan ötrü mühacirətdə olan iş adamı Mixail Xodorkovski və keçmiş həbsdə olan dissident Aleksey Navalnının daxil olduğu koalisiya hökumətini seçirlər. Bununla belə, hətta yeni rəhbərlik altında Rusiyanın öz iqtisadiyyatını yenidən qurması və diversifikasiyası, tədricən inamı bərpa etməsi və Qərblə münasibətləri yenidən formalaşdırmaq üçün illər lazımdır.
 
Ukrayna ilə bağlı sülh danışıqları bütün dünyada iqtisadi inkişafın artmasına kömək edir. Çinin münaqişəni həll etmək səyləri, o cümlədən Moskvadan maliyyə yardımını çəkərək Rusiyaya təzyiq göstərməsi Çin-ABŞ münasibətlərinin yenidən formalaşmasına səbəb olur. Bu, öz növbəsində, texnoloji və maliyyə (müəyyən dərəcədə) sektorlarının strateji ayrılması ilə rəqabətli birgəyaşayış üçün zəmin yaradılmasına, eləcə də iki güc arasında daha çox işgüzar münasibətlərə gətirib çıxarır.
 
Bununla belə, Konqresdə çoxları israr edir ki, ABŞ administrasiyası Çinin Tayvanda, Cənub və Şərqi Çin dənizlərindəki aqressiv davranışına qarşı müqavimətini yumşaltmasın. Çinin sülh danışıqlarındakı rolu üzərində "yumşaq güc”ünün artması Vaşinqtonu narahat edir, belə ki, böyük dövlətlər birbaşa münaqişədən qaçmaq üçün bir-birini ehtiyatla izləməyə davam edirlər. Demokratik ölkələr və həmfikir hökumətlər arasında ticarət və texnologiya qaydaları və standartları ilə bağlı konsensus Çini öz ambisiyalarını məhdudlaşdırmağa və sənaye siyasətinin miqyasını azaltmağa sövq edir ki, bu da Ümumdünya Ticarət Təşkilatında islahatlara səbəb olur. Putindən sonrakı Rusiya və əməkdaşlığa meyil edən Çinlə İyirmilik Qrupu (G20) daha çox səlahiyyət əldə edir və iqlim dəyişikliyindən tutmuş süni intellekt üçün etik standartlara qədər digər qlobal idarəetmə məsələlərini həll etməyə başlayır. 


Tərcümə: Nizami Bağırov
Qaynarinfo