Həm Rusiya, həm də Ukrayna öz dron istehsalı güclərini aktiv şəkildə artırırlar və əsasən Çin istehsalı olan komponentlərdən istifadə edirlər, çünki onlar Qərb analoqlarından üç dəfə ucuzdur.
Qaynarinfo "Financial Times”a (FT) istinadla
yazır ki, tərəflər tez-tez prosessorları, kameraları və mühərrikləri eyni Çin tədarükçülərindən alırlar və Çindəki zavodlara səfərlər zamanı möcüzə nəticəsində bir-birləri ilə qarşılaşmırlar.
Belə ki, Ukraynanın ən böyük dron istehsalçılarından biri olan "TAF Industries"in təsisçisi Aleksandr Yakovenko nəşrə bildirib ki, Cənubi Çin zavodlarına çoxsaylı səfərləri zamanı rəhbərliyin onun gəliş və gedişini getdikcə daha çox dəqiqə və saniyəsinə qədər planlaşdırdığını hiss edib.
Zavod rəhbərləri bəzən ondan yaxınlıqda bir az gözləməyi xahiş edir, onu yan qapılardan, xidməti dəhlizlərdən və ya boş konfrans zallarından keçirirlər.
Yakovenko bu qeyri-şəffaf ritualların və hədsiz punktuallığın səbəbini anlamaq üçün bir qədər vaxt sərf etməli olub. Məlum olub ki, hər şey onun həmin zavodu ziyarət edən rusiyalılarla rastlaşmaması üçün edilir.
"Bizim tədarükçülərimiz ukraynalı və rusiyalı müştəriləri idarə etmək üçün səy göstərirlər. Onlar eyni vaxtda eyni zavodda olmamağımız üçün çalışırlar. Bizi bir vaxta, rusiyalıları isə başqa vaxta dəvət edirlər. Buna görə də, rusiyalıların maşını gedən kimi, ukraynalıların maşını daxil olur".
Texnoloji yenilikləri hər iki tərəf eyni vaxtda alır.
"Biz rus dronlarında yeni video-ötürücü görüb onun Çində hansı şirkət tərəfindən istehsal olunduğunu dərhal başa düşə bilərik, - deyə Ukrayna Silahlı Qüvvələri üçün dron tədarük edən "Vyriy Drone" şirkətindən Aleksey Babenko bildirir. - O zaman onlara yazırıq. Əlbəttə, 'Xeyr, bu bizim deyil' deyə cavab verirlər. Amma biz bir daha soruşuruq və onlar "Yaxşı, biz bunu sizə də sata bilərik” deyirlər".
O əlavə edir ki, eyni proses əks istiqamətdə də işləyir:
"Biz onlardan bizim üçün spesifik bir şey istehsal etmələrini xahiş edirik, bir həftə sonra isə onlar nümunələri Rusiyaya göndərir və eyni şeyi onlar üçün də istehsal etməyə başlayırlar".
Bununla yanaşı, Yakovenko qeyd edir ki, "TAF" mühəndisləri ehtiyat hissələrinin çatışmazlığı səbəbindən tez-tez improvizasiya etmək məcburiyyətində qalırlar, lakin səngərin digər tərəfindəki rəqibləri Çin texnologiyaları ilə şübhəli dərəcədə yaxşı təmin olunublar.
Rəsmi olaraq Çin münaqişədə neytral mövqe tutur və həm Rusiyaya, həm də Ukraynaya pilotsuz təyyarələr üçün həssas texnologiyaların ixracını qadağan edib. Lakin Qərb kəşfiyyat mənbələri və Ukrayna siyasətçiləri Çin hökumətini Rusiyanın tərəfini tutmaqda, hətta Rusiya şirkətlərinə istehsal xətlərini tam şəkildə Rusiyaya köçürmək üçün satın almağa icazə verməkdə ittiham edirlər.
Ukrayna dron istehsalının lokallaşdırılması üzərində işləyir, lakin Yakovenkonun sözlərinə görə, ölkə hələ də kamikadze hücumları üçün istifadə olunan sadə FPV dronlarının komponentlərinin təxminən 85%-i üzrə Çindən asılıdır.
Bundan əvvəl "Orion" bölməsi Kupvanskda rusların "məhv edilmə zonası"nın yaradıldığını bildirmişdi. Sistem hava və yerüstü pilotsuz aparatların ("Leleka", Mavic, FPV, yerüstü robotlar) birləşməsi üzərində qurulub. Bu, mövqelərdə daimi insan iştirakı olmadan əraziyə nəzarət etməyə imkan verir.
Eyni zamanda, "Bloomberg” xəbər vermişdi ki, Ukrayna cəbhədəki problemlərdən sonra Almaniyanın HX-2 dronlarının sifarişini dayandırıb. Məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin 14-cü alayındakı sınaqlar zamanı HX-2-lərin yalnız 25%-i uğurla havaya qalxa bilib.
Alpər
Şərhlər