Rusiya hökuməti mobil cihazların vahid bazasını yaratmağı və istifadəçilərə onların identifikasiya nömrələrini – IMEI kodlarını dəyişdirməyi qadağan etməyi planlaşdırır. Bu, Rəqəmsal İnkişaf Nazirliyi (Minçifra) tərəfindən hazırlanan "Əlaqə haqqında” qanuna düzəlişlər layihəsində əksini tapıb.
Qaynarinfo xəbər verir ki, "İzvestiya” qəzetinin əldə etdiyi sənəddə qeyd olunduğuna görə, əgər cihazın proqram təminatı dəyişdirilərsə və IMEI kodu yenilənərsə, həmin yeni identifikator "qara siyahı”ya daxil ediləcək və cihaz
bloklanacaq.
IMEI – hər bir mobil qurğuya istehsalçı tərəfindən verilən 15 rəqəmli unikal koddur. Mobil operatorlar bu kod vasitəsilə cihazı müəyyən edir və onun yerləşməsini izləyə bilirlər.
İnternet Araşdırmaları İnstitutunun direktoru Karen Kazaryan bildirib ki, IMEI kodunun dəyişdirilməsindən adətən kibercinayətkarlar istifadə edirlər – bu yolla fırıldaqçılıqda istifadə olunan cihazları gizlətmək olur. Həmçinin spam zəngləri və kütləvi SMS göndərişləri üçün istifadə olunan "SIM-boks” sahibləri də kodları dəyişirlər.
Hazırda layihədə IMEI kodunu dəyişdirən şəxslərə qarşı konkret cəza tədbirləri nəzərdə tutulmayıb. Lakin Kazaryanın fikrincə, gələcəkdə bu sahədə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə sanksiyalar daxil edilə bilər.
"MegaFon” şirkəti bildirib ki, mobil qurğular üzrə vahid bazanın yaradılması "təşkilati baxımdan mürəkkəb bir prosesdir”. Operator qeyd edib ki, belə bir addım atmazdan əvvəl hazırkı normaların tətbiqi təcrübəsi – xüsusilə xarici vətəndaşların telefonlarının IMEI kodlarına nəzarət sahəsində – təhlil olunmalıdır. "VimpelKom” (brend: Beeline) isə IMEI üzrə tənzimləmənin tətbiqini və mərkəzləşdirilmiş baza yaradılmasını dəstəkləyib.
T.Hunter şirkətinin istintaq departamentinin direktoru İqor Bederov qeyd edir ki, xüsusi proqram təminatı ilə mobil cihazın IMEI kodunu dəyişmək çətin deyil. Hər dəfə kod dəyişdirildikdə mobil operatorlar və təhlükəsizlik xidmətləri üçün bu, yeni cihaz kimi görünür. Onun sözlərinə görə, IMEI-nin dəyişdirildiyini texniki baxımdan anlamaq çətindir, lakin mümkündür, o cümlədən süni intellekt alətləri ilə.
Mobile Research Group şirkətinin aparıcı analitiki Eldar Murtazin hesab edir ki, IMEI bazası və onun dəyişdirilməsinə qoyulan qadağa yalnız dələduzluqla bağlı deyil, bir çox problemi həll edə bilər. Yeni sistem vasitəsilə operatorlar qaçaqmalçılıqla gətirilmiş cihazları bloklaya və oğurlanmış telefonların istifadəsini məhdudlaşdıra biləcəklər.
Alpər
Şərhlər