Xəbər lenti

Rusiyada hərbi texnika üçün mühərrik istehsal edən zavodda partlayış (VİDEO)
Dünya 12:06 03.06.2025

Rusiyada hərbi texnika üçün mühərrik istehsal edən zavodda partlayış (VİDEO)

Nijniy Novqorod vilayətinin Zavoljye şəhərində yerləşən Zavoljye Mühərrik Zavodunda (ZMZ) partlayış və yanğın baş verib. Regional Əmək Müfəttişliyin məlumatına görə, 2 iyun gecəsi müəssisənin kimyəvi maddələrin saxlandığı sexində sisternli yük maşını alovlanıb. 

Qaynarinfo xəbər verir ki, bundan sonra, "Shot” nəşrinin yazdığına görə, güclü partlayış olub və zavodun üzərində yanğının yaratdığı alovlu işıq müşahidə edilib.

Alov sürətlə zavodun podşipnik istehsal olunan istehsalat sexinə keçib. Hadisə nəticəsində bir fəhlə xəsarət alıb – onun bədəninin 10%-i yanıqla zədələnib və xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yanğının 75 kvadratmetr ərazini əhatə etdiyini bildirib.

ZMZ 1956-cı ildə GAZ zavodunun ehtiyat hissələri və alüminium tökmə üzrə filialı kimi yaradılıb, 1958-ci ildən isə benzin və dizel mühərriklərinin istehsalına başlamış müəssisəyə çevrilib. 2003-cü ildə zavod dövlət sifarişi əsasında 2,2–3,4 litr həcmində çoxməqsədli rəqabətədavamlı dizel mühərriklərinin istehsalı üzrə layihəyə start verib. Həmin vaxt zavodun direktoru bildirib ki, bu mühərriklər ZMZ-514 modelinin yenilənmiş versiyası olacaq və yolsuzluq avtomobillərindən tutmuş "D” sinfinə aid avtomobillərə, dördtonlu yük maşınlarına və hərbi texnikaya qədər geniş spektrdə nəqliyyat vasitələrinə uyğun olacaq.

Bundan əvvəl – 28 mayda Sankt-Peterburqda mikroelektronika istehsalı üzrə ixtisaslaşan "Avanqard” zavodunda iri yanğın baş vermişdi. Yanğın istehsalat binasında başlayaraq 100 kvadratmetr sahəni əhatə etmiş və onun söndürülməsi altı saat davam etmişdi. "Avanqard” Rusiyanın ən qədim radioelektronika, mikroçiplər və müxtəlif cihazlar istehsal edən müəssisələrindən biridir. Zavod Federal Elmi-İstehsalat Mərkəzi statusuna malikdir və strateji əhəmiyyətli müəssisələrin siyahısına daxildir.

Daha öncə – 16 mayda isə Başqırdıstanın Salavat şəhərində parafin emalı ilə məşğul olan "Şam” zavodunda partlayış baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, texnoloji prosesin pozulması nəticəsində soba avadanlığının hermetikliyi pozulub, bu isə binanın dağıntısı və yanğınla nəticələnib. Başqırdıstan üzrə İstintaq Komitəsi təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi qaydalarının pozulması maddəsi (Cinayət Məcəlləsinin 217.1-ci maddəsi) ilə cinayət işi açıldığını bildirib. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->