Siyasət 17:22 23.05.2022

Rusiyanı “oyundan kənar vəziyyət”ə salan Brüssel görüşü (ŞƏRH)

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşünün yekunları ilə bağlı açıqlaması bir daha göstərdi ki, Ermənistan, nəhayət, Azərbaycandan kənarda Qarabağın statusu uğrunda mübarizədn imtina etməlidir.

Belə ki, Brüseldə 5 saatlıq danışıqları Ermənistan üçün bir daha mövqe itkisi hesab etsək, səhv etmiş olmarıq. Danışqlarla bağlı açıqlamalardan bir daha aydın olur ki, Qarabağın statusu, millətlərin öz müqəddəratını təyinetmə hüququ müzakirə predmeti deyil. Habelə, ATƏT-in Minsk Qrupunun həmsədrliyi artıq danışıqlarda heç bir siyasi mahiyyət kəsb etmir. Ən əsası isə "Dağlıq Qarabağ” termini artıq müzakirələrdə işlədilmir və Aİ belə bir inzibati ərazi bölgüsünün yoxluğunu təsdiq edir. Brüssel bəyanatında sadəcə olaraq Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına əsaslanan Qarabağ regionundan bəhs edilir ki, bu da ayrıca statusu nəzərdə tutmur. Demək olar ki, bu məsələ birdəfəlik bağlanıb. Humanitar məsələlərə gəlincə, əvvəlcə minalardan təmizlənmə, daha sonra əsirlərin qaytarılması səyləri və itkin düşənlərin taleyi qeyd olunur. Yaxın günlərdə Ermənistan və Azərbaycanın sərhəd zonasında iki ölkənin sərhədlərin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcəyi də bildirilir. Görüşün sərhəddə keçirilməsi o deməkdir ki, artıq vasitəçi yoxdur və Rusiya  sərhədlərin müəyyən edilməsi və başqa planları ilə birlikdə "oyundan kənar vəziyyət”də qalıb.

Rusiya proseslərdən tamamilə uzaqlaşdırılıb. Əgər əvvəlki iki sənəddə Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar vurğulanırdısa, bu dəfə o haqda heç bir söz yoxdur. Fakt budur ki, Azərbaycanla sülh müqaviləsi hazırlanır, onun əsas müddəası Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçir. Bu səbəbdən, yalnız bu saziş kontekstində Qarabağ erməni icmasının "hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi”ndən bəhs edilir, çünki Qarabağın ermənilər üçün başqa statusu olmayacaq.

Bəyanatda deyilir ki, tərəflər "Ermənistanın müxtəlif hissələrinin Azərbaycan ərazisindən tranzit keçməsi prinsipləri” barədə razılığa gəliblər. Bu, əslində, o deməkdir ki, Ermənistan Tavuş və Ararat bölgələrindəki anklavları Azərbaycana qaytaracaq, yəni ərazilər Azərbaycana qaytarıldıqdan sonra ermənilər xüsusi icazə və nəzarət altında rayondan rayona keçəcəklər (Ararat bölgəsi, Vayots Dzor və Sünikdən (Zəngəzur) Tiqranaşen hissəsi, Tavuşu şimalla birləşdirən əsas yollar, üstəlik də cənubda, İran və Gürcüstana gedən magistral yollar). Eynən Gorus-Qafan yolu kimi.  Azərbaycanla Naxçıvan arasında tranzit yolunu tənzimləyən prinsiplər haqqında razılaşmalar əldə olunub. 

Söhbət hansı prinsiplərdən gedir? Son günlər Azərbaycan Laçın dəhlizinə alternativ yolun çəkilməsinin başa çatdığını qeyd edir. Söhbət ondan gedir ki, Azərbaycandan Ermənistana gedən yola nəzarət edə biləəck. Qarabağa gedən yolun nəzarət məntəqələri də Bakının əlində olacaq. Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Kimmunikasiya xətlərinə nəzarət isə Azərbaycanın önəmini daha da artıra bilər. Bir sözlə, Bakı geosiyasi konfiqurasiyaların taleyini həll edəcək bir paytaxta çevrilməkdədir...

Telman