Ekonomiks 16:51 03.02.2022

Rusiyanın Avropaya qaz nəqlini artırmasının səbəbi nədir? - Ekspert

"Burada heç bir siyasi səbəb axtarmağına dəyməz. Sadəcə, Mərkəzi Avropadakı alıcılar sifarişi artırıblar”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban Rusiyanın "Qazprom” şirkətinin fevralın ilk günündən başlayaraq, Ukrayna ətrafında gərginliyin qalmasına rəğmən, bu marşrut üzrə qaz tədarükünü artıraraq sutkalıq nəqli 103 milyon kubmetrə qaldırması səbəbindən danışarkən deyib:

"Yanvar ayında orta temperatur ötən ilin anoloji ayı ilə müqayisədə 2,6 dərəcə isti olub. Yəni qış Avropada mülayim keçir. "Qazprom” öz qazının 83 faizini "stop” bazarında, yəni birja vasitəsilə satır. Belədə, Avropaya satdığı qazın cəmi 17 faizi uzun müddətli müqavilələr hesabınadır. Bu baxımdan Avropadakı istehlakçılar düşündü ki, ehtiyatda olan qaz qış mövsümünə çatacaq. Ona görə də qazı "Qazprom”dan deyil, yeraltı qaz anbarlarından sifariş etdilər. Digər tərəfdən, yanvarda kömürdən alınan elektrik enerjisi qazdan alınan elektrik enerjisindən çox olub. Ona görə də Rusiya qazını sifariş etmirdilər”. 

Ekspertin sözlərinə görə, hazırda Avropada yeraltı qaz anbarlarındakı həcm kifayət qədər azalıb: 

"Ona görə də yenidən "Qazprom”a elçi düşüblər. İkinci bir tərəfdən, yanvarda qazın orta qiyməti 1070 dollar olsa da, fevralda artıq 800 dollar ətrafındadır. Bu isə əlçatanlıq deməkdir və Avropa da onda yararlanmaq qərarına gəlib”. 

Rüfət Sultan