Siyasət 16:36 13.06.2013

“Rusiyanın əleyhinə danışan insanlar...”- Qüdrət Həsənquliyev

“Azərbaycan buna cəhd edərsə Rusiya Ermənistan tərəfdən faktiki surətdə müharibəyə qoşulacaq”

“Bu, Abbas müəllimin öz yanaşmasıdır. Hər bir insanın öz fikirlərini söyləmək haqqı var. Mən hesab edirəm ki, Azərbaycanın Rusiya ilə münasibətlərində gərginliyin əsas səbəbi burada azərbaycanlıların Rusiya əleyhinə danışması deyil. Rusiyanın Ermənistanı hərbi siyasi müttəfiqi kimi dəstəkləməsidir”.

Bunu Qaynar.info-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və "AzerRos" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun son aylarda Azərbaycanda Rusiya əleyhinə aparılan yalan kampaniyası ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal olunmasında da Rusiyanın iştirakı olub, bu gün torpaqların işğal altında qalmasının səbəbi yenə də Rusiyadır: “Rusiya Ermənistanı dəstəkləməsə bizim ordumuzdakı hər zaman söylədiyimiz müəyyən nöqsanlara baxmayaraq, bəlkə də 1 həftə vaxt kifayət edər ki, 20 ildən artıqdır işğal altında qalan torpaqlar azad edilsin. Amma ölkədə hər kəs başa düşür ki, Azərbaycan buna cəhd edərsə Rusiya Ermənistan tərəfdən faktiki surətdə müharibəyə qoşulacaq. Bu da Azərbaycan üçün xeyli dərəcədə problemlər yaradacaq. Abbas müəllimə şəxsi mənada bir insan olaraq böyük hörmətim var. Bunu hər zaman söyləmişəm. Amma bu məsələdə hesab edirəm ki, Rusiya ilə aramızda olan münasibətlərin gərginliyinin kökündə Rusiyanın Ermənistanı müdafiə etməsi dayanır. Rusiyanın əleyhinə danışan insanlar da məhz mən dediyim məsələləri qabadırlar və söyləyirlər ki, bizim torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı Rusiyadır”.


İlkin
Qaynar.info