Ukraynada müharibənin davam etdiyi bir zamanda Rusiya mediası ötən gün Ukraynanın ölkədən qaçmış sabiq prezidenti, Viktor Yanukoviçin yeni video-müraciətini yayıb. Yanukoviç müraciətində iddia edib ki, prezidentliyi dövründə Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyası istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Onun sözlərinə görə, hətta son məqsədi ölkənin Aİ-yə üzvlüyü olub. Bununla belə, keçmiş prezident Aİ nümayəndələrini danışıqlar prosesində "qeyri-korrekt davranışda” günahlandırıb və Avropanı Ukraynanın iqtisadi çətinliklərini anlamamaqda ittiham edib.
Yanukoviç yalnız ölkəsinin NATO-ya üzvlüyünə qarşı olduğunu bildirib. İddia edib ki, NATO-ya üzvlük ölkəni fəlakətə sürükləycək. Yəni bir sözlə, Yanukoviç guya özünün Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxmadığını iddia edir.
Amma eyni zamanda, bunun baş verməməsinin günahını Aİ-nin üzərinə ataraq, qurumu qeyri-korrekt davranışda ittiham edir. Əslində isə 2014-cü il Maydan hərəkatı məhz Yanukoviçin Kremlin göstərişilə Aİ ilə assosiativ sazişi imzalamaqdan imtina etməsilə başlayıb. Belə ki, Yanukoviç prezident olarkən Kiyevin Aİ ilə həmin sazişi imzalayacağına söz versə də, son anda ona qarşı çıxış edib. Bu isə Maydan hərəkatı və Yanukoviçin devrilməsilə sonuclanıb.
Aydın məsələdir ki, Yanukoviç bu açıqlamanı heç də özbaşına səsləndirməyib. Onun açıqlaması heç şübhəsiz Rusiya Prezdenti Vladimir Putinin təlimatının nəticəsidir. Belə ki, eyni vaxtda eyni sözləri Putin Çində Slovakiya baş naziri Robert Fiko ilə görüşdə deyib:
"Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir”.
Bildiyimiz kimi, Rusiya hökuməti Volodimir Zelenskini Ukraynanın qanuni lideri kimi qəbul etmək istəmir. Bu bəhanəni ortaya atmaqla Putin həm də Zelenski ilə görüşdən qaçır. Belə bir məqamda Kremlin yenidən Yanukoviçi gündəmə gətirməsi heç də səbəbsiz deyil.
Moskva bununla demək istəyir ki, onlar hələ də Yanukoviçə Ukraynanın "qanuni lideri” kimi baxırlar. Putin bununla bəyan edir ki, onlar yalnız Ukraynanın özlərinin istədikləri "qanuni lideri”lə danışıqlar aparacaqlar və Zelenskini bu statusda görmürlər. Bu isə o deməkdir ki, ABŞ Prezidenti Donald Trampın bütün səylərinə rəğmən Putin heç bir vəclə Zelenski ilə görüşməyəcəyini qət edib.
Yəni bununla Trampa işarə edir ki, həmin məsələyə nöqtə qoysun. Başqa bir tərəfdən, Kreml Yanukoviçə Zelenskinin yerinə varis qismində baxa bilər. Rusiya belə bir istəkdə ola bilər. Amma əsas məsələ onun həyata keçməsidir ki, bu da mümkünsüzdür. Yanukoviçin yenidən Ukraynada hakimiyyəti zəbt etməsi üçün Rusiyanın ən azından Kiyevi tutması lazımdır. Amma üç il yarım davam edən müharibə isə göstərir ki, Rusiya ordusunun Ukrayna paytaxtını işğal etməsi qeyri-mümkündür. Deməli, Yanukoviçin yenidən Ukraynada ən yüksək kürsüdə oturması da mümkünsüzdür. Yanukoviç Ukraynaya gəlsə də, ancaq əli qandallı şəkildə gətiriləcək.
Rüfət Sultan
Şərhlər