Ruslar həqiqətənmi müharibə istəmir?..

Ruslar həqiqətənmi müharibə istəmir?..

Hüseynbala Səlimov


Ruslar nəinki Türkiyə ilə müharibəni istəmirlər, hətta bu işi yerinə yetirəcək qoşun bölmələrini (Cənub-şərqi hərbi dairə!) də göstərirlər – bəli, bu haqda aparıcı Rusiya qəzetlərindən birinin saytında oxuyandan sonra məndə zərrə qədər şübhə qalmadı ki, ermənilərin son təxribatlarının da arxasında Rusiyanın müəyyən dairələri dayanır.


Qeyd edək ki, oxşar qənaətlərə yalnız son aylarda Rusiyanın hava nəqliyyatı ilə İrəvana silah-sursat daşınması, Moskvanın siyasətçilərinin və diplomatlarının müəmmalı sükutu kimi hamıya məlum faktlar sövq etmir – yox, buna rus qəzetlərində bir sıra məqalələri oxuyandan sonra da gəlmək olar, ona görə ki, bu ölkənin nəşrləri, xüsusən də mətbuatı hələ də Vladmir İliç Lenin yoldaşın dediyi kimi, "kollektiş təşkilatçı və təbliğatçı” funksiyasını yerinə yetirir.

Hörmətli oxucu, güman ki, ötən həftənin sonunda oxuduğum bir məqalədən kiçik bir sitatı gətirsəm, elə Siz də dərhal mənə inanarsınız:

"...Azərbaycan düşmən dövlət deyil, amma onu müttəfiq adlandırmaq da olmur...”


Etiraf edirəm ki, başqa bir vaxt bu detala bəlkə də məhəl belə qoymazdım, amma dəfələrlə qeyd etdiyimiz ki, hazırda Bakı ilə İrəvan arasındakı münasibətlər və durum hər bir an partlamağa hazır olan barıt çəlləyini andırır.


Təəccüblüsü də budur ki, Moskva bu durumu mülayim hala gətirmək, yumşaltmaq üçün daim öyündüyü təsir rıçaqlarının heç birini hərəkətə gətirmir, halbuki o bir anın içində ermənilərin azğınlığına son qoya bilər.


Xatırladaq ki, ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi Toyvo Klaarı qəbul edərkən Azərbaycan prezidenti İlham Əliyev Minsk Qrupunun həmsədrlərinin ünvanına çox kəskin və tənqidi fikirlər səsləndirdi, onların bəyanatlarını "ünvansız” adlandırdı. Üstəgəl, prezident İlham Əliyev qeyd etdi ki, təkcə bəyanatlarla heç nəyi həll etmək mümkün deyil, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır, əks təqdirdə bəyanatlar da TŞ–nin dörd qətnaməsi kimi kağız üzərində qalacaqdır.


Düşünürük ki, bu sözlər həm də Rusiyaya aid idi, hansı ki, sadəcə üç həmsədrdən biri deyil, yox, Moskva Cənubi Qafqaz regionunu da özünün maraq və nüfuz sferalarından biri adlandırır və daim qeyd edir ki, coğrafi və tarixi amillər sayəsində onun Cənubi Qafqaz ölkələrinə də təsiri Minsk Qrupunun digər üzvlərinin, hətta həmsədrlərinin təsirindən daha böyükdür.


Bu, elə həqiqətən də belədir, amma bir ciddi düzəlişlə - ikinci belə bir ölkə də var və o Türkiyədir, hansının ki, nəinki Bakıya böyük təsiri var, həm də Dağlıq Qarabağ və yaxud Azərbaycan-Ermənistan münaqişəsinə bilavasitə dəxli var, çünki Ankaranın razılığı olmadan regionun nəqliyyat–kommunikasiya sistemini açmaq, onun, necə deyərlər, tam de-blokadasını təmin etmək qəti mümkün deyil.


Ona görə də Moskva və Ankara öz aralarında savaş açmaq haqqında yox, Cənubi Qafqazın problemlərini birgə həll etmək barədə düşünməli və öz səylərini əlaqələndirməlidirlər. Düşünürük ki, Türkiyə Gürcüstanla Rusiya arasında da vasitəçi ola bilər, təkcə ona görə yox ki, gürcülərin bir hissəsi İslama etiqad edir və ya ona görə yox ki, Türkiyədə ta qədimlərdən böyük gürcü icması yaşayır, həm də ona görə ki, Gürcüstan Türkiyəyə böyük hörmətlə yanaşır – o səbəbdən ki, Tiflısin çətin vaxtında Ankara daim onun yanında olub.


Amma çox təəsssüf ki, rusiyalı politoloqların bir hissəsi Türkiyəni və türkləri əbədi düşmən hesab edir və belə faktı unudurlar ki, hazırda post-sovet türk ölkələri olmadan Rusiyanın geosiyasi konfiqurasiyaları bircə günün içində çökər, onun MDB-si, KTMT-si, Avrasiya İttifaqı, Gömrük Birliyi kimi təsisatları tamam-kamal mənasızlaşar.


Amma nədənsə təkcə jurnalistlər deyil, çox şeydən xəbərdar olan rusiyalı politoloqlar belə daim bunu "unudur”. Üstəlik, tək insanların məişətində deyil, hətta böyük siyasətdə əbədi düşmənlər olmur. Bəli, vaxtilə Rusiya ilə Türkiyə çox vuruşublar (daha doğrusu, Osmanlı və Rusiya imperiyaları!). Amma bu, bizə əsas vermir ki, keçmişi gələcəyə ekstrapolyasiya edək. İngilislər nahaq yerə demir: onların ölkəsinin əbədi dostları və düşmənləri yox, əbədi maraqları var.

 

İki Dünya müharibəsi zamanı almanlar bütün avropalı xalqlarla vuruşublar, amma indi onların hamısı ilə dostluq və əməkdaşlıq edirlər. Ona görə də Rusiya və Türkiyə də daha çox birləşdirici məqamları önə çəkməlidirlər. Onlar isə təkcə geosiyasi və geoiqtisadi layihələrdə özünü biruzə vermir: Rusiya Federasiyanın tərkibində belə bir xeyli türk subyekti var, bu ölkənin əhalisinin on faizini müsəlmanlar təşkil edir! Məgər bunlar bizi birləşdirmək gücündə deyilmi?..

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR