Xəbər lenti

Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub yazdı
Siyasət 19:01 11.06.2013

Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub yazdı

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyunun 9-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərindən bu qurumun üzvlərinə məktub ünvanlayıb. 

Məktubda Milli Şura üzvləri cəmiyyətin səfərbər edilməsinə və praktik fəaliyyətə başlamağa çağırılır. Rüstəm İbrahimovun məktubunu diqqətinizə çatdırırıq:

“Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının üzvlərinə

Əziz dostlar! Milli Şuranın təsis olunması münasibəti ilə mən Sizləri bir daha təbrik edirəm!

Heç bir şübhəm yoxdur ki, Azərbaycanın siyasi partiya və hərəkatların, ziyalıların, gənclərin, aparıcı ictimai təşkilatlarının səylərinin birləşdirilməsi ölkəmizdə avtoritarizmdən demokratiyaya dönməz keçidi təmin edəcək. Mənə göstərilən yüksək etimada - Milli Şuranın sədri seçilməyimə görə sizə təşəkkür edirəm. Bizim planlarımızı reallaşdırmaq və Azərbaycan xalqının istəklərini həyata keçirmək, üçün bütün səy və imkanlarımı əsirgəməyəcəm.

Azərbaycan cəmiyyətində geniş əks-səda doğurmuş  Milli Şuranın təsis yığıncağından dərhal sonra bu qurumun əsas işçi orqanlarını formalaşdırmaq, doğru-dürüst və ədalətli seçkilərin keçirilməsi, demokratiya prinsiplərinin bərqərar edilməsi, vətəndaşların əsas hüquq və azadlıqlarının qorunması sahəsində demokratik qüvvələrin və bütün Azərbaycan cəmiyyətinin səfərbər olunması üçün təxirəsalınmaz praktik fəaliyyətə başlamaq çox vacibdir. Bunu nəzərə alaraq, ölkədə müvəqqəti olmamağımla bağlı Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının Əsasnaməsinin 3.6 və 3.7-ci maddələrinə əsasən, Şuranın İcra Aparatının yaradılması və onun rəhbəri Eldar Namazovun təyin olunması haqqında qərarı qəbul edərək göstərilən tədbirlərin keçirilməsini ona həvalə edirəm.

Əminəm ki, son aylar ərzində Milli Şuranın təsisinə hazırlıq prosesində siyasi partiyaların liderləri ilə vətəndaş cəmiyyəti arasında nümayiş etdirilmiş uğurlu əməkdaşlıq və razılaşdırılmış qərarların birgə həyata keçirilməsi təcrübəsi Şuranın işinin təşkili zamanı da səmərəlı şəkildə davam edəcək.

Hörmətlə,

Rüstəm İbrahimbəyov

Vaşinqton, ABŞ, 9 iyun 2013-cü il”

musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->